Məhkəmə qərarları › İş №3(041)-2/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-2/2025

13.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-2/2025 13.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Mən, Kürdəmir Rayon Məhkəməsinin hakimi X16, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7, Şəxs MMC-nin nümayəndələri X17 və X8 iştirakları ilə, Şəxs MMC haqqında Azərbaycan Respublikası İXM-nin 233.1, 234.0.1, 237.2 və 239-cu maddələri ilə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs MMC tərəfindən ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına, müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan atmosfer havasına zərərli maddələrin atılmasına, ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına və ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsinə görə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. Kürdəmir Rayon Məhkəməsi hakiminin 06 sentyabr 2024-cü il tarixli, 3(041)- 425/2024 saylı qərarı ilə (hakim Müseyib Bayramov) Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239, 234.0.1, 233.1 və 237.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi əsas götürülməklə barəsində Azərbaycan Respublikasının İXM-nin 237.2-ci maddəsinə əsasən ona 20.000 manat miqdarında cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin hakiminin xx.xx.2024-cü il tarixli, 3(106)- 506/2024 saylı qərarı ilə (hakim Qasım Əliyev) Şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Kürdəmir Rayon Məhkəməsi hakiminin 06 sentyabr 2024cü il tarixli, 3(041)-425/2024 saylı qərarı apellyasiya şikayətinə əsasən ləğv edilmiş və Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239, 234.0.1, 233.1 və 237.2-ci maddələri ilə olan inzibati xəta haqqında iş yenidən baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə qaytarılmışdır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, hakimin Şəxs MMC-nin fəaliyyəti zamanı qanunvericiliyin tələblərinin pozulması, yəni cəmiyyətə məxsus ərazidə formalaşan bərk məişət və istehsalat tullantılarının ətraf mühitin mühafizəsi tələblərinə əməl olunmadan sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə riayət edilmədən atmosferə ətraf mühit üçün təhlükəli olan zərərli maddələrin atılması, həmçinin bunun üçün müvafiq icra hakimiyyəti orqanından xüsusi icazənin alınmaması, akt, protokol, fotoşəkillər və işdə olan digər sənədlərə istinad etməsi düzgün olmamışdır. Belə ki, iş materialında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X18 Monitorinq İdarəsi tərəfindən 30 avqust 2024-cü il tarixdə tərtib olunmuş 002343 saylı Aktdan görünür ki, sabit hava şəraitində monitorinq keçirilmiş, monitorinq zamanı məlum olmuşdur ki, Şəxs MMC-nin ətraf ərazidə hər hansı iy-qoxu müşahidə olunmamış, monitorinq ölçmə işləri müəssə fəaliyyətdə olan zaman qarşısında və ətraf ərazidə BOSEAN səyyar cihazı vasitəsi ilə aparılmış, ölçmənin nəticələrinə görə həmin ərazidə CO (dəm qazı) 3,9 mq/m3 (norma 5,0 mq/m3) SO9-0,3 mq/m3 (norma 0,5 mq/m3) təşkil etmişdir ki, bu da ətraf mühüt üçün yol verilən hədd norması daxilində hesab edilmişdir. Bundan başqa məhkəmənin hakimi həmin qərarında hesab etmişdir ki, iş üzrə ekspertiza təyin edilməli Şəxs MMC-nin fəaliyyəti zamanı ətraf mühütə atılan, axıdlan və ya basdrlan zərərli maddələrin yol verilə bilən normativlərdən artıq olması və cəmiyyətin fəaliyyəti zamanı atmosfer havasının mühafizə sahəsində qanunvericiliyin pozulmasına, yəni müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan atmosfer havasına zərərli maddələrin atılması halları araşdırılmalıdır. İnzibati xəta haqqında material xx.xx.2024-cü il tarixdə Kürdəmir Rayon Məhkəməsinə daxil olmuş, məhkəmənin xx.xx.2024-cü il tarixli, 3(041)-425/2024 saylı qərardadı ilə inzibati iş üzrə ekoloji ekspertiza təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respulikası Ekologiya və Təbi Sərvətlər Nazirliyinin X10 Agentliyinin ekspertlərinə həvalə edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) Şəxs MMC-nin fəaliyyəti zamanı ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmuşdurmu? 2) Şəxs MMC-nin fəaliyyəti zamanı atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulmasına, yəni, müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan atmosfer havasına zərərli maddələrin atılması halları mövcuddurmu? 3) Şəxs MMC-nin fəaliyyəti zamanı ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulması və ya bunlardan istifadə edilməməsi halları vardırmı? 4) Şəxs MMC-nin fəaliyyəti zamanı ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmaması halları olmuşdurmu? Azərbaycan Respulikası Ekologiya və Təbi Sərvətlər Nazirliyinin X10 X5 sədri M.Qənbərovun xx.xx.2025-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respulikası Prezidentinin 16 yanvar 2019-cu il tarixli 476 nömrəli Fərmanının 6-cı bəndi ilə Dövlət Ekspertizası İdarəsinin əsasında Ekologiya və Təbi Sərvətlər Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu X10 Agentliyi yaradılmışdır. Agentlik öz Nizamnaməsinə əsasən təqdim olunmuş layihə sənədləri çərçivəsində X10sını aparmaqla müvafiq rəy verən qurumdur. Şəxs MMC-nə ER-15/620 nömrəli, xx.xx.2016-cı il tarixli X15 sənədi verilmişdir. Agentlik razılaşdırdığı sənədlərlə əlaqədar nəzarət funksiyasını həyata keçirmir, həmin funksiya Ekologiya və Təbi Sərvətlər Nazirliyinin regional bölmələrinə aiddir. Qeyd olunanları nəzərə alaraq işin qaytanlanması pozulmadan olduğu kimi geri göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X13 ifadəsində göstərdi ki, Kürdəmir rayonu Xırdapay kənd sakini X3 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət edərək ünvan 1i ərazisində fəaliyyət göstərən "Alcohol” MMC tərəfindən havaya iy-qoxu buraxıldığını, odur ki, həmin müəssisədən havaya və suya atılan tullantıların miqdarının normaya uyğunluğunun araşdırılıb qanuna müvafiq qaydada tədbir görülməsini bildirmişdir. Vətandaşın müraciətində göstərilən "Alcohol” MMC də Azərbaycan Respubliksı "Atmosfer havasının mühafizəsi haqqında" və "Ətraf mühitin mühafizəsi haqqında" Qanunların tələblərinə əməl edilməsi vəziyyətinin yoxlanılması məqsədi ilə 01 aprel 2024-cü il tarixdə yoxlayıcı orqan tərəfindən İqtisadiyyat Nazirliyinə yoxlamanın aparılmasını razılaşdırmaq üçün müraciət edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 01 aprel 2024-cü il tarixli KY242097353 saylı Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış verilmiş və çıxarışda göstərilənlər idarənin xx.xx.2024-cü il tarixli 172 və 181 saylı və xx.xx.2024-cü il tarixli 242 və 243 saylı sərəncamlarına əsasən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X18 Monitorinq İdrəsinin mühəndisi X6 iştirakı ilə ünvan 1i ünvanında fəaliyyət göstərən "Alcohol” MMC-də növbədən kənar yoxlama aparıldı. Araşdırmada "Alcohol” MMC-nin direktoru X9 iştirak etdi. Məlum oldu ki, "Alcohol” MMC ünvan 1i ünvanda olan "QELİOS” MMC-dən xx.xx.2021-ci il tarixli 05 saylı icarə müqaviləsinə əsasən 1768 m2 anbar binasını xx.xx.2031-ci il tarixinədək icarəyə götürmüşdür. "Alcohol” MMC-nin Nizamnaməsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 20 may 2021-ci il tarixdə qeydiyyata alınmışdır (VÖEN **********). "xxxx" MMC araşdırmaya 05 aprel 2024-cü il tarixli 15 saylı məktub təqdim edərək cəmiyyətin mülkiyyətində olan emal sexini müqavilə əsasında "Alcohol” MMC-yə icarəyə verildiyini, müqavilənin şərtlərinə əsasən kommunal və digər ödənişlərin "xxxx" MMC tərəfindən ödənildiyi göstərilmişdir. Məlum oldu ki, "Alcohol” MMC-nin fəaliyyəti zamanı texniki spirt istehsal etmək məqsədilə xammal kimi melas məhlulundan istifadə olunur, xammal 14 ədəd 50 tonluq dəmir çənlərdə əlavə qatqılar (maya, vektor, ortafosfor turşusu və karbomid və.s) əlavə edilərək müəyyən tempratura qədər qızdırılır. Bu barədə xx.xx.2024cü il tarixli 14 saylı məktub təqdim edildi. "Alcohol MMC" tərəfindən "xxxx" MMC-nin balansında olan mərkəzləşdirilmiş qazanxana sistemindən istifadə edlir. Qazanxanada yanacaq kimi təbii qazdan istifadə olunur. Baxış zamanı qazanxana sisteminin fəaliyyət göstərdiyi, istifadə olunan qazanxananın qaz təmizləyici qurğu ilə təmin edildiyi, proses zamanı əmələ gələn qazların həmin qaz təmizləyici qurğu vasitəsilə təmizlənərək boru vasitəsilə atmosferə atıldığı məlum oldu. Atmosferə atılan zərərli maddələrə görə 2TG (hava) statistik hesabatın aparılmadığı müəyyən edildi. Müəssisə ərazisində atmosfer havasının vəziyyətinin çirklənməsinin ekoloji normalara uyğunlugunun müəyyən edilməsi məqsədilə sabit hava şəraitində BOSEAN K-600,BTQDR 850 qaz analizedici vasitəsi ilə ölçmə işləri aparılarkən, zərərli qaz birləşmələri yol verilən hədd daxilində olduğu müəyyən edildi. Bununla bağlı xx.xx.2024-cü il tarixdə tərtib edilmiş 001620 saylı akt işə əlavə edilmişdir. Müəsssisənin su təminatı ərazidən keçən Xırdapay su kanalından "xxxx" MMCnin "Şəlalə" sudan istifadə birliyi ilə bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə əsasında təmin edilir. Götürülmüş su 2250 m3 həcmində hovuzda toplanaraq istifadə edilir. Müəssisənin 150 m3 mexaniki çökdürücü qurğusu mövcud olsada, emal prosesi zamanı və məişətdə formalaşan çirkab sular mexaniki çökdürücü qurğuya daxil olmadan bir başa boru vasitəsi ilə kəndin çöl ərazisindən keçən kollektora axıdılır. Müəssisədə formalaşan çirkab suların tərkibinin müəyyənləşdirilməsi məqsədi ilə müəssisənin giriş və çıxış su xətlərindən nümunələr götürüldü. Bu barədə xx.xx.2024-cü il 172 saylı nümunə aktı tərtib edildi. Su nümunələrinin üzərində aparılmış kimyəvi təhlillərin nəticələrinə görə təyin olunan göstəricilərdən oksigenin biokimyəvi tərkibi sərfi (OBS5)-3,0 dəfə yol verilən qatılıq həddindən artıq müəyyən edilmişdir (X18 Monitorinq İdrəsinin təqdim etdiyi arayış və cədvəl). Araşdırma müddətində "Alcohol” MMC tərəfindən 2TG (su təsərrüfatı) statistik hesabatının aparılmadığı, istifadə edilən suyun “QELİOS" MMC tərəfindən sudan istifadəyə dair 2TG (su təsərrüfatı) hesabatının aparıldığı məlum oldu. Müəssisədə formalaşan məişət tullantıları müəssisənin ərazisində müxtəliv yerlərdə yerləşdirilmiş konteynerlərə toplanır. Toplanmış tullantıların daşınması “QELİOS" MMC tərəfindən Kürdəmir rayon Kommunal müəssisələr kombinatı ilə bağlanmış xx.xx.2024-cü il tarixli 42 saylı müqavilə əsasında daşınması həyata keçirilir. Araşdırma müddətində “QELİOS" MMC tərəfindən statistik hesabatlara əsasən Ətraf mühitin mühafizəsi fonduna ödəmələrin ödənməsi təmin edildiyi məlum oldu. Araşdırma müddətində "Alcohol” MMC-nin fəaliyyəti ilə əlaqədar X10 Agentliyinin müsbət rəyi olmadan fəaliyyət göstərdiyi, bununlada "Ətraf mühitin mühafizəsi haqqında" Qanunun tələblərinin pozulduğu müəyyən edildi. Ona görə də "Alcohol” MMC barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs- "Alcohol” MMC-nin nümayəndəsi X17 izahatında göstərdi ki, "Alcohol” MMC xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır Bundan sonra "xxxx" MMC İlə "Alcohol” MMC arasında 16 oktyabr 2023-cü il tarixdə bağlanmış icarə müqaviləsinə və müqaviləyə əlavə edilmiş planda göstərilən spirt; emalı ilə bağlı anbar binası və avadanlıqları 31 dekabr 2031-ci il tarixədək icarəyə götürülmüşdür. Bundan sonra "Alcohol” MMC Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən qida məhsulları sahəsində fəaliyyət göstərən, subyektlərin dövlət reyestrindən etil spirt və etil, yeyinti spirtinin istehsalına xx.xx.2024-cü il tarixli çıxarışı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gigiyena və Epidemologiya Mərkəzinin 1-ci növ rektiflkasiya olunmuş etil spirt və etil spirti əsaslı əl üçün gigiyenik təmizləyici vasitə istehsalı üzrə 20 dekabr 2023-cü il tarixli Gigiyenik seitifikatı əldə etdikdən və bundan əlavə həmin məkanda spirt istehsal edən "xxxx" MMCyə məxsus Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin xx.xx.2016-cı il tarixli X15, icarəyə verən tərəfindən cəmiyyətə təqdim olunduqdan və bu sahəyə mütəxəssislər işə qəbul olunduqdan sonra bu məkanda istehsal prosesinə başlanmışdır. Keçən müddətdə istehsal prosesi ilə əlaqədar həm Qida Təhlükəsizliyi, həm də Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən müəssisədə yoxlamalar aparılmış və nöqsanar aşkar edilməmişdir. Həmçinin istehsal prosesi iyli olduğuna və istehsal prosesi nəticəsində norma daxilində havaya buraxılan zərərli maddələrə görə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müqavilə əsasında rəsmi statistika hesablamaları təqdim olunmaqla ödənişlər vaxtı-vaxtlnda icra olunmuşdur. Əsassız tələblərinə rədd cavabı verilmiş Kürdəmir rayonu Xırdapay kənd sakini X2 qərəzli şikayəti əsasında 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən istehsal prosesi sahəsində araşdırma aparılaraq 17 aprel 2024-cü il tarixli, 75 saylı akt tərtib edilmiş, 2 yerdən su nümunələri və qazanxanadan yanma prosesi zamanı havaya buraxılan havadan nümunələr götürülərək aktlaşdırılmışdır. Tərtib olunmuş 17 aprel 2024-cü il tarixli Aktn məzmunundan aydın olur ki, həmin aktda cəmiyyətə 2 halda irad tutulmuşdur. Birinci hal qazanxana sistemində mövcud olan qaz tutulan qurğunun istismarı və xidmət qurğuları ilə bağlı sənədlərin təqdim olunmaması və ikinci hal üzrə emal suyunun çökdürücü qurğudan kənar axıdılması aktda öz əksini tapmışdır. Qazanxana sistemində mövcud olan qaz tutucu qurğunun istismarı və xidmət qurğuları ilə bağlı sənədlər obyekti icarəyə verən "xxxx" MMC-də saxlandığı üçün araşdırma günü, yəni 17 aprel 2024-di il tarixdə araşdırma aparanlara təqdim edilməsi mümkün olmamışdır. Emal suyunun bir başa çökdürücü qurğudan kənar axıdılması işə, spirt əldə olunması sahəsində ilkin emal materialı kimi “Melas”dan istifadə olunduğu üçün, onun emalından sonra tullantı sularının çöküntü verməməsi ilə əlaqədardır və bu prosesdən atılan sularda zərərli maddələrin normada olması barədə mütəxəssis rəyi vardır. Bundan sonra araşdırma zamanı tullantı sularından və havadan götürülən nümunələr üzrə laboratoriya analizlərinin nəticəsi barədə onlara sənəd təqdim edilmədən, 30 aprel 2024-cü il tarixdə ünvanlarına 8 saylı Regional Ekologiya və Təbli Sərvətlər İdarəsindən inzibati xəta haqqında MN ******* nömrəli protokol və araşdırma zamanı müəyyən olunmuş çatışmamazlıqların aradan qaldırılması ilə bağlı müddətli məcburi göstəriş üzrə tapşırıq daxil olmuşdur. Həmçinin həmin tarixdə telefona Kürdəmir Rayon Məhkəməsinin məhkəmə bildirişi daxil olmuşdur. Ünvanlarına daxil olmuş "inzibati xəta haqqında“ xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokolla tanış olduqda məlum oldu ki, protokol onlar tərəfindən imzalanmamış xx.xx.2024-cü il tarixli, 75 saylı akt əsasında tərtib olunmuş və həmin aktla protokol arasında uyğunsuzluq vardır. Belə ki, aktda qazanxana sistemində mövcud olan qaz tutan qurğunun istismarı və xidmət qurğuları ilə bağlı sənədlərin təqdim edilməməsi və emal suyu bir başa ötürücü qurğudan kənar axıdılması qeyd olunduğu halda həmin akt əsasında tərtib olunmuş protokolda isə İXM-nin 233.1, 234.0.1, 237.2 və 239-cu maddələrində nəzərdə tutulmuş inzibati xəta törədildiyi qeyd edilmişdir. İstehsal prosesində akta əsasən yol verilməyən əmələ görə və buna əsas olmadan İXM-nin yuxarıda qeyd olunan maddələri üzrə cəmiyyətin inzibati məsuliyyətə cəlb olunması düzgün deyil və buna heç bir əsas yoxdur. Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsinə əsasən, barəsində İnzibatı xəta haqqında İş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı, ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmçinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi istehsal prosesi zamanı axıntı sularından və havadan götürdüyü nümunələr üzrə laboratoriya analizlərinin nəticələrini onlara və məhkəməyə təqdim etməmişdir. Odur ki, "Alcohol” MMC-nin haqqında Azərbaycan Respublikası İXM-nin 233.1, 234.0.1, 237.2 və 239-cu maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilməsini məhkəmədən xahiş etdi. "Alcohol” MMC-nin digər nümayəndəsi X14 izahatında bildirdi ki, "Alcohol” MMC-də direktor müavini vəzifəsində işləyir. Əvəllər həmin zavodda “Qelios" MMC fəaliyyət göstərmiçş, xx.xx.2016-cı ildə "xxxx" MMC-yə xx.xx.2021-ci ildə isə "Alcohol” MMC-yə icarəyə verilmişdir. Hər üç cəmiyyətin fəaliyyət profili eyni olduğundan və sənədləşmə işləri ayrı-ayrı vaxtlarda aparıldığına görə icazə sənədlərinin bəziləri “Qelios" MMC-nin, "xxxx" MMC-nin və sonuncu olaraq "Alcohol” MMC-nin adına verilmişdir. Zavodda quraşdırılmış avadanlıqlar əsasən Ukraynadan gətirilmiş və normativlərə uyğun olaraq quraşdırılmış və sertifikatlaşdırılmışdır. Zavodda etil spirti əsaslı əl üçün gigiyenik təmizləyici vasitə və 1-ci növ rektifikasiya olunmuş etil spirti adında məhsul istehsal edilir və hər iki məhsulun normativ sənədlərdə göstərilən tələblərə uyğunluğu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Gigiyena və Epidemologiya Mərkəzi” tərəfindən Gigiyenik Sertifikatlar verilmişdir. İlkin emal materialı kimi “Melas”dan və buğdadan istifadə olunur. “Melas”ın emalı iysiz olduğundan atmosferə zərərli maddələr buraxılmır, emaldan sonra tullantı suları çöküntü vermədiyindən bu prosesdən atılan sularda zərərli maddələr norma daxilində olur. Hər iki növ emaldan sonra axıdılan və atılan zərərli maddələrin norma daxilində olması barədə mütəxəssis rəyi vardır. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları zavodda yoxlama aparılan vaxt ilkin emal materialı kimi “Melas”dan istifadə edildiyindən zərərli suların çökdürülməsi üçün tikilmiş anbara (hovuza) ehtiyac olmamışdır. Anbarın və giriş-çıxış xəttlərinin işlək vəziyyətdə olması əməkdaşlara göstərilmiş və onların iş prinsipi onlara izah edilmiş, bu barədə verilmiş ekspertizanın rəylərinin surəti onlara təqdim edilmişdir. Qazanxana sistemində mövcud olan qaz tutucu qurğunun istismarı və xidmət qurğuları ilə bağlı sənədlər obyekti icarəyə verən "xxxx" MMC-də saxlandığı üçün araşdırma günü, yəni 17 aprel 2024-di il tarixdə araşdırma aparanlara təqdim edilməsi mümkün olmamışdır. 11 fevral 2025-ci il tarixdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı ilə məhkəmə tərkibinin Şəxs MMC-nin yerləşdiyi ərazidə istehsal sexinə, həyətinə və digər yardımçı binalarına yerində baxış keçirilmiş, yerli baxış zamanı ərazidən, kanalizasiya xəttinə axıdılan sudan, emal sahəsindən və zavoda yaxın ərazidən heç bir qoxu, spesifik iy hiss edilməmiş, emal sexindən ehtiyat anbarlara kimi istehsalın aparılması qaydası barədə ətraflı məlumat vermişdir. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşlarının bir gün içərisində heç bir analiz aparmadan, mütəxəssis və ekspert rəyi keçirmədən ehtimalları əsasında tərtib etdikləri akt və inzibati xəta haqqında protokolu əsassızdır və heç bir hüquqi əsası yoxdur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 102-ci maddəsi tələb edir ki, sağlamlıq əleyhinə, ətraf mühitin mühafizəsi, qida təhlükəsizliyi sahəsində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdə inzibati araşdırma aparılır. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən inzibati araşdırma aparılmadan inzibati xəta haqqında protokol tərtib edildiyi üçün zəruri hesab edilən sənədləri təqdim etmək mümkün olmamış, protokolla tanış olmaq və qeydlərini aparmaq üçün şərait yaradılmamışdır. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Kürdəmir rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 205 nömrəli sərəncamın surətindən görünür ki, “Qelios" MMC-yə öz ərazisində mövcud layihə-smeta sənədlərinə uyğun şirə emalı zavodu tikintisinə icazə verilmişdir. - "Alcohol” MMC-nin təsis sənədlərindən görünür ki, "Alcohol” MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 20 may 2021-ci il tarixdə qeydiyyata alınmış (VÖEN **********), hüquqi ünvanı Kürdəmir rayon Muradxan kəndi, qanuni təmsilçisi X4r. - "Alcohol” MMC Kürdəmir rayonu Xırdapay kəndi ünvanda olan “Qelios" MMC-dən xx.xx.2021-ci il tarixli 05 saylı icarə müqaviləsinə əsasən 1768 m2 anbar binasını xx.xx.2031-ci il tarixinədək icarəyə götürmüşdür. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Gigiyena və Epidemologiya Mərkəzi” nin 20 dekabr 2023-cü il tarixli Gigiyenik Sertifikatında etil spirti əsaslı əl üçün gigiyenik təmizləyici vasitə adında məhsulun normativ sənədlərdə göstərilən tələblərə uyğun hesab edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Gigiyena və Epidemologiya Mərkəzi” nin 20 dekabr 2023-cü il tarixli Gigiyenik Sertifikatında 1-ci növ rektifikasiya olunmuş etil spirti adında məhsulun normativ sənədlərdə göstərilən tələblərə uyğun hesab edilmişdir. - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X20 Xidməti” publik hüquqi şəxsin Mərkəzi Laboratoriyasının xx.xx.2024-cü il tarixli analiz nəticələrinin hesabatında "Alcohol” MMC, müəssisəyə daxil olan kanalın giriş xəttindən və müəssisədən çıxan tullantı sularının yığıldığı quyudan götürülmüş nümunələrin fiziki-kimyəvi göstəricilərinin norma daxilində olması müəyyən edilmişdir. - Azərbaycan Respubliksı Qida X1 X12 yoxlamanın nəticələri üzrə 15 avqust 2024-cü il tarixli qərarında yoxlamanın nəticəsi qənaətbəxş hesab edilmişdir. - “QELİOS" MMC ilə Kürdəmir rayon Kommunal müəssisələr kombinatı ilə bağlanmış xx.xx.2024-cü il tarixli 42 saylı müqaviləyə əsasən müəssisədə formalaşan məişət tullantıların kombinat tərəfindən daşınması razılaşdırılmışdır. - Kürdəmir rayonu Xırdapay kəndində yerləşən “Qelios" MMC tərəfindən 2023-cü il üçün Atmosfer havasına atılan zərərli maddələrə dair rəsmi statistik hesabat 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən razılaşdırılmış və idarənin möhürü ilə təsdiq edilmişdir. - Azərbaycan Beynəlxalq Bankında aparılmış ödəniş tapşırıqlarından məlum olur ki, “Qelios" MMC və "Alcohol” MMC tərəfindən statistik hesabatlara əsasən ətraf mühitin mühafizəsi fonduna rüblər üzrə hər ay ödənişlər təmin edilmişdir. - ünvan 1 sakini X2 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanladığı ərizəsində və verdiyi izahatında ünvan 3t göstərən "Alcohol MMC" tərəfindən havaya iy-qoxu buraxıldığını, odur ki, həmin müəssisədən havaya və suya atılan tullantıların miqdarının normaya uyğunluğunun araşdırılıb qanuna müvafiq qaydada tədbir görülməsini bildirmişdir. - Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda fiziki şəxs tərəfindən müraciətin araşdırılması üçün xx.xx.2024-xx.xx.2024-cü il müddətində Şəxs MMC-də plandankənar yoxlama aparılmasına icazə verilmişdir. - 08 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi X7 tərtib etdiyi xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMCdə ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmaması, müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan atmosfer havasına zərərli maddələrin atılması, ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması və ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulması və ya bunlardan istifadə edilməmiş, nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 233.1, 234.0.1, 237.2 və 239-cu maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - 08 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 17 aprel 2024-cü il tarixli 75 nömrəli aktın surətindən görünür ki, həmin idarənin sərəncamına əsasən xidməti ərazidə nəzarət tədbirlərini həyata keçirtmək məqsədilə və idarəyə daxil olmuş fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 18-ci maddəsinə əsasən ətraf mühitin müəssisə (istehsalat) monitorinqlərini aparmayanlar araşdırılarkən məlum oldu ki, Şəxs MMC tərəfindən 2TG (hava, tullantılar, su təsərrüfatı) nömrəli illik tullantılar 08 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təqdim edilməmişdir. - 08 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Şəxs MMC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli məcburi göstərişdə 2 ay müddətində Azərbaycan Respulikası Ekologiya və Təbi Sərvətlər Nazirliyinin X10 Agentliyindən müvafiq ekspertiza rəyinin alınması, 2 ay müddətində müəssisədə istehsal prosesində formalaşan çirkab tullantı sularının təmizlənərək kollektora axıdılması və ətraf mühitə buraxılan tullantılara nəzarət üçün qurulmuş avadanlıqların istismarı qaydalarına uyğun istifadə edilməsini təmin etmək və icra müddətində daimi olaraq ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunması tapşırılmışdır. - 11 fevral 2025-ci il tarixdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7, Şəxs MMC-nin nümayəndəsi X8 iştirakı ilə Şəxs MMC-nin yerləşdiyi ərazidə istehsal sexinə, həyətinə və digər yardımçı binalarına yerində baxış keçirilmiş, yerli baxış zamanı ərazidən, kanalizasiya xəttinə axıdılan sudan, emal sahəsindən və zavoda yaxın ərazidən heç bir qoxu, spesifik iy hiss edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 1 sakini X2 "Alcohol MMC" tərəfindən havaya iy-qoxu buraxıldığı barədə ərizəsinin araşdırılması üçün xx.xx.2024-xx.xx.2024-cü il müddətində Şəxs MMC-də plandankənar yoxlama aparılmasına icazə verilmiş, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları isə 17 aprel 2024-cü il tarixdə müəssisədə olmuş və həmin tarixdə tərtib etdikləri akta və çəkdikləri fotoşəkillərə əsasən Şəxs MMC tərəfindən ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına, müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan atmosfer havasına zərərli maddələrin atılmasına, ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına və ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsinə görə həmin gün- xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, müəssisə tərəfindən Azərbaycan Respublikası İXM-nin 233.1, 234.0.1, 237.2 və 239-cu maddələrində nəzərdə tutulmuş inzibati xəta törədildiyini göstərmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə, həmin Məcəllənin 234.0.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan atmosfer havasına zərərli maddələrin atılmasına görə, həmin Məcəllənin 237.2-ci maddəsinə görə ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsinə görə və həmin Məcəllənin 239-cu maddəsinə görə ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda sadalanan inzibati xətaların pozulmasını təsdiq edən heç bir sübut məhkəmə araşdırması zamanı müəyyən edilməmiş və iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə, Şəxs MMC-nin fəaliyyəti zamanı qanunvericiliyin tələblərinin pozulması, yəni cəmiyyətə məxsus ərazidə formalaşan bərk məişət və istehsalat tullantılarının ətraf mühitin mühafizəsi tələblərinə əməl olunmadan sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə riayət edilmədən atmosferə ətraf mühit üçün təhlükəli olan zərərli maddələrin atılması, həmçinin bunun üçün müvafiq icra hakimiyyəti orqanından xüsusi icazənin alınmaması akt, protokol, fotoşəkillər əsasında deyil, bu sahədə xüsuis biliyi olan mütəxəssisin və ekspertin rəyi ilə müəyyən edilir. Halbuki, iş materialında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X18 Monitorinq İdarəsi tərəfindən 30 avqust 2024-cü il tarixdə tərtib olunmuş 002343 saylı Aktdan görünür ki, sabit hava şəraitində monitorinq keçirilmiş, monitorinq zamanı məlum olmuşdur ki, Şəxs MMC-nin ətraf ərazidə hər hansı iy-qoxu müşahidə olunmamış, monitorinq ölçmə işləri müəssə fəaliyyətdə olan zaman qarşısında və ətraf ərazidə BOSEAN səyyar cihazı vasitəsi ilə aparılmış, ölçmənin nəticələrinə görə həmin ərazidə CO (dəm qazı) 3,9 mq/m3 (norma 5,0 mq/m3) SO9-0,3 mq/m3 (norma 0,5 mq/m3) təşkil etmişdir ki, bu da ətraf mühüt üçün yol verilən hədd norması daxilində hesab edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Gigiyena və Epidemologiya Mərkəzi”nin 20 dekabr 2023-cü il tarixli Gigiyenik Sertifikatlarında etil spirti əsaslı əl üçün gigiyenik təmizləyici vasitə, 1-ci növ rektifikasiya olunmuş etil spirti adında məhsulun normativ sənədlərdə göstərilən tələblərə uyğun hesab edilmiş, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X20 Xidməti” publik hüquqi şəxsin Mərkəzi Laboratoriyasının xx.xx.2024-cü il tarixli analiz nəticələrinin hesabatında "Alcohol” MMC, müəssisəyə daxil olan kanalın giriş xəttindən və müəssisədən çıxan tullantı sularının yığıldığı quyudan götürülmüş nümunələrin fiziki-kimyəvi göstəricilərinin norma daxilində olması müəyyən edilmiş, Azərbaycan Respubliksı Qida X1 X12 yoxlamanın nəticələri üzrə 15 avqust 2024-cü il tarixli qərarında yoxlamanın nəticəsi qənaətbəxş hesab edilmiş, “Qelios" MMC tərəfindən 2023-cü il üçün Atmosfer havasına atılan zərərli maddələrə dair rəsmi statistik hesabat 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən razılaşdırılmış və idarənin möhürü ilə təsdiq edilmiş, “Qelios" MMC və "Alcohol” MMC tərəfindən statistik hesabatlara əsasən ətraf mühitin mühafizəsi fonduna rüblər üzrə hər ay ödənişlər təmin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin hakiminin xx.xx.2024-cü il tarixli, 3(106)- 506/2024 saylı qərarında göstərişin icrasını təmin etmək məqsədilə xx.xx.2024-cü il tarixli, 3(041)-425/2024 saylı qərardadla inzibati iş üzrə ekoloji ekspertiza təyin edilmiş, Azərbaycan Respulikası Ekologiya və Təbi Sərvətlər Nazirliyinin X10 X5 sədri M.Qənbərovun xx.xx.2025-ci il tarixli cavab məktubunda Şəxs MMC-nə ER-15/620 nömrəli, xx.xx.2016-cı il tarixli X15 sənədi verildiyi üçün qərardad geri göndərilmişdir. İşdə olan sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol inzibati araşdırma aparılmadan tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, qida təhlükəsizliyi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci, 602-3-cü və 602-4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. 102.2. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. Prokuror isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edir. 102.3. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırmanın aparılması haqqında qərardadda aşağıdakılar göstərilir: 102.3.1. qərardadın tərtib edildiyi yer və tarix; 102.3.2. qərardadı tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 102.3.3. inzibati xəta haqqında iş üzrə icraatı başlamaq üçün səbəblər və əsaslar; 102.3.4. inzibati xətaya görə inzibati məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi. 102.4. İnzibati araşdırma inzibati xəta törədilən, yaxud aşkar edilən yerdə aparılır. 102.5. İnzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. 102.6. İnzibati araşdırma başa çatdıqda, inzibati xəta haqqında protokol tərtib edilir və ya inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilir. Hazırki iş üzrə də, 08 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərkən İXM-nin yuxarıda şərh edilən 102-ci maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC haqqında Azərbaycan Respublikası İXM-nin 233.1, 234.0.1, 237.2 və 239-cu maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 130.1. Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 128- 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC haqqında Azərbaycan Respublikası İXM-nin 233.1, 234.0.1, 237.2 və 239-cu maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM XALİQ İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar