Məhkəmə qərarları › İş №3(041)-21/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-21/2023

12.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-21/2023 12.01.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X17 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, X1, Qərarından şikayət edilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X8 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN1288985 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X7 şikayətinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (bundan sonra 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi) rəisi X13 tərəfindən qəbul edilən xx.xx.2022-ci il tarixli, MN1288985 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X2 rayonu Ərşəli kəndi ərazisində qaynatası B.Əkbərova məxsus torpaq sahəsində 7 ədəd yaş halda olan yulğun kollarını kök boğazından kəsdiyi üçün Azərbaycan Respublikası İXM-nın 253.2-ci maddəsinə əsasən 2000 manat məbləğində inzibati qaydada cərimə tənbeh növü tətbiq edilmişdir. X2 rayon məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində çıxarılmış həmin qərarın ləğv edilməsini xahiş etmiş və şikayətini onunla əsalandırmışdır ki, qaynatası X5 xüsusi mülkiyyətində olan, Kürdəmir rayonu Ərşəli kəndində yerləşən, kənd təsərrüfatı təyinatlı 3.51 ha torpaq sahəsini qarşılıqlı razılıq əsasında əkib becərir, əldə etdiyi gəlirlə ailəsini saxlayır. Həmin torpaq sahəsində yulğun kolları var və torpaq sahəsini əkib becərməyə maneə olduğu üçün torpaq sahibinin razılığı ilə 7 ədəd yulğun kolunu kökü qalmaq şərti ilə kəsmişdir. Bundan sonra 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Eldəniz Kərimov oraya gələrək onun barəsində inzibati xəta haqqında protokol tərtib etmiş, həmin vaxt ona yulğun kolunun kökünü kəsmədiyini, yulğunun əkinçiliklə məşğul olmasına maneçilik törətdiyini, yalnız kənd təsərrüfatı işləri məşğul olub gəlir əldə etdiyini, məcbur olub yulğunun üstündə olan kolu kəsdiyini, yulğun kökünü tamamilə məhv etmədiyini bildirməsinə baxmayaraq, onun sözlərinə məhəl verən olmamış, həmin protokola əsasən idarənin direktoru X6 xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə barəsində 2000 manat cərimə tətbiq edilmişdir. Məhkəmə iclasında X14 şikayətini müdafiə edərək izahatında bildirdi ki, Kürdəmir rayonu Ərşəli kəndində yerləşən, kənd təsərrüfatı təyinatlı 3.51 ha torpaq sahəsi qaynatası X5 xüsusi mülkiyyətindədir. Torpaq sahəsindən təyinatı üzrə kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə olunur. Son illər qaynatasının razılığı ilə həmin torpaq sahəsi ailəsinin dolanışığını təmin etmək üçün əvəzsiz olaraq onun istifadəsinə verilmişdir. Torpaq sahəsində olan yulğun kolları əkinçiliyə mane olduğuna görə, onların köçürülməsi barədə kənd bələdiyyəsinə dəfələrlə müraciət etsə də, bununla bağlı heç bir tədbir görülməmişdir. Torpaq sahəsində nizamsız bitən yulğun kollarına görə torpağın şumlanması və hazır məhsulun götürülməsi zamanı kənd təsərrüfatı təyinatlı texnikaların sürücüləri həmin sahədə işləməkdən imtina etdikləri üçün, gələcəkdə onların yerlərini dəyişdirmək və yaranmış maneələri aradan qaldırmaq məqsədilə 7 ədəd yulğun kolunun budaqlarını budamış və əkinçilik işlərini başa çatdırmışdır. Həmin yulğun kollarını əraziyə gələn 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Eldəniz Kərimova göstərmiş və onların həmin ərazidən köçürülməsi ilə bağlı ona köməklik göstərilməsini xahiş etmişdir. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəhbərliyi isə ona bu sahədə köməklik etmək əvəzinə barəsində iki min manat cərimə edilməsi barədə qərar qəbul etmişdir. Halbuki, torpaq sahəsi xüsusi mülkiyyətdə olsa da, dövlətin verdiyi subsidiya və gübrələr hesabına orada əkinçilik işləri aparılır və kənd təsərrüfatı məhsulları yetişdirilir. Həmin qərarı əsassız və qanunsuz hesab edir ona görə ki, onun əkib becərdiyi torpaq sahəsi qaynatasının xüsusi mülkiyyətindədir və həmin torpaq sahəsindən səmərəli və təyinatı üzrə istifadə edilir, əkin sahəsinə mane olan yulğun kollarının ərazidən köçürülməsi və ya təmizlənməsinin qadağan olunması barədə onlara heç bir xəbərdarlıq edilməmiş və bu barədə rəsmi və ya qeyri-rəsmi qaydada heç bir məlumat verilməmişdir. S.V.Hüseynov göstərilənləri nəzərə alaraq, şikayətinin təmin edilməsi, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun barəsində qəbul edilmiş 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN1288985 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etdi. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X15 izahatında bildirdi ki, 2022-ci ilin oktyabr ayında Kürdəmir rayonu Ərşəli kəndində yaşayan X4 təsərrüfatı işləri üçün istifadə etdiyi torpaq sahəsində qanunsuz olaraq yulğun kollarını kəsdiyi barədə məlumatı yerində yoxlamaq məqsədilə hüquqlarını müdafiə etdiyi idarənin əməkdaşları həmin əraziyə getmiş və həqiqətən də 7 ədəd yulğun kollarının kəsildiyini müəyyən etmişlər. Kəsilmiş yulğun kollarının foto-şəklillərini çəkərək Sadiq Poladov barəsində inzibati xəta haqqında protokol tərtib etmiş və protokolun surətini Sadiq Hüseynova göndərərək məsələni aydınlaşdırmaq üçün onu idarəyə dəvət etmişlər. Dəfələrlə məlumat verilməsinə baxmayaraq, S.V.Hüseynov onların çağrışına gəlməmiş, nəticədə qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilən inzibati xəta haqqında protokola əsasən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X13 tərəfindən xx.xx.2022-ci il tarixli, MN1288985 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və X14 Azərbaycan Respublikası İXM-nın 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2000 manat cərimə edilmişdir. Bundan sonra qəbul edilmiş qərar poçt vasitəsiylə Sadiq Hüseynovun qeydiyyatda olduğu Kürdəmir rayonu Ərşəli kəndinə göndərilmişdir. Hesab edir ki, xx.xx.2022-ci il tarixli, MN1288985 nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır, qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Odur ki, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərin izahatını və işdə olan sənədləri araşdıraraq hesab edirəm ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməli, qanuniliyi mübahisələndirilən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X13 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN1288985 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Əvvələn qeyd edilməlidir ki, hər bir halda inzibati xəta hadisəsinin olub-olmamasını müəyyən etmək üçün inzibati xətalar haqqında işlər üzrə icraat aparılmalıdır. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İXM maddə 48). Hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar (İXM maddə 60.1). Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatda iştirakı onun qanunvericiliklə müəyyən edilmiş hüquqlarından istifadə etməsinə şəraitin yaradılması məqsədilə zəruri hesab edilir. İXM-nin 61.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: - inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; - izahat vermək; - sübutlar təqdim etmək; - vəsatət və etirazlar vermək; - işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; - inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; - ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; - inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq və sair. 61.3. İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Hazırki iş üzrə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati xətalar haqqında işlər üzrə icraat aparıldığı və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ən azı inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün dəvət edilməsi və ya başqa yolla məlumatlandırılması müəyyən olunmur. Bundan əlavə, inzibati xəta hadisəsinin mövcudluğunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, İXM-nin 75-ci maddəsinin tələblərinə uyğun olaraq, inzibati xəta hadisəsi, inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilmədən inzibati xəta haqqında protokolun tərtib edilməsindən söhbət gedə bilməz. Hazırki iş üzrə də, qeyd edilən halların müəyyən edilməsini təsdiq edən sübut inzibati xəta haqqında protokolda göstərilməmişdir. Daha sonra, qanuniliyi mübahisələndirilən qərarın verilməsinə əsas hesab edilən inzibati xəta haqqında protokol İXM-nin 100-cü maddəsinin tələblərinə uyğun olaraq tərtib edilməmişdir. İXM-nin 100.1-ci maddəsinə görə bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İşə əlavə edilmiş, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi 26 oktyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməmiş, protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən imzalanmamış, surəti ona göndərilməmişdir. İXM-nin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması (135.1.2); inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi (135.1.4); bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması (135.1.5-1) inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar hesab olunur. Həmin Məcəllənin 134.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Hazırki iş üzrə müəyyən edildi ki, X14 tərəfindən Kürdəmir rayonu Ərşəli kəndində qaynatası X3 xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 3,51 ha torpaq sahəsini təyinatına uyğun olaraq istifadə edilməklə, dövlətin verdiyi subsidiya və gübrələr hesabına orada əkinçilik işləri aparılır və kənd təsərrüfatı məhsulları yetişdirilir. Torpaq sahəsində olan yulğun kolları əkinçiliyə mane olduğuna görə, onların köçürülməsi barədə kənd bələdiyyəsinə dəfələrlə müraciət etsə də, bununla bağlı heç bir tədbir görülməmiş, torpaq sahəsində nizamsız bitən yulğun kollarına görə torpağın şumlanması və hazır məhsulun götürülməsi zamanı kənd təsərrüfatı təyinatlı texnikaların sürücüləri həmin sahədə işləməkdən imtina etdikləri üçün, gələcəkdə onların yerlərini dəyişdirmək və yaranmış maneələri aradan qaldırmaq məqsədilə 7 ədəd yulğun kolunun budaqlarını budamış və əkinçilik işlərini başa çatdırmışdır. Azərbaycan Respublikası İXM-nın 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 19 sentyabr tarixli 173 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının meşə fonduna daxil olmayan ağac-kol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması Qaydaları”nın (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli qərarı ilə ləğv edilmişdir) 2-ci bəndində göstərilmişdir ki, aşağıdakı ağac və kol bitkiləri meşə fonduna daxil deyildir: - kənd təsərrüfatı torpaqlarındakı ağaclar və ağac qrupları, tarlaqoruyucu meşə zolaqları, habelə digər ağac-kol bitkiləri; - dəmir yolları və avtomobil yollarını, kanalları və digər su obyektlərini ayıran zolaqlardakı qoruyucu ağaclar; - şəhərlərdə və digər yaşayış məntəqələrində olan ağaclar və ağac qrupları, habelə yaşıllıqlar; - həyətyanı sahələrdə, yaylaq, qışlaq və bağ sahələrində olan ağaclar və ağac qrupları. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.12-ci maddəsində yaşıllıqların götürülməsi dedikdə, bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərti ilə kəsilməsinə yönəlmiş tədbir başa düşülür. Həmin Qanunun 13.1-ci maddəsinə görə yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 13.1.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 13.1.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə; 13.1.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 13.1.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda; 13.1.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 13.1.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi qaydası”nın 2.2-ci bəndində də yaşıllıqların götürülməsinə dair eyni hallar sadalanmışdır. “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun yuxarıda şərh edilən 1.0.12-ci maddəsinin dispozisiyasından da göründüyü kimi, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) halları üçün hər hansı bir məsuliyyət növü qanunvericiliklə müəyyən edilməyib. Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsasları və qaydaları “Torpaq islahatı haqqında” Qanunla müəyyən edilmişdir. Həmin Qanuna müvafiq olaraq, torpaq islahatının məqsədini iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltmək təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Hüquqi dövlət və mülki cəmiyyət prinsiplərinin təmin olunduğu demokratik dövlətdə, dövlət maraqları və fərdi maraqlar arasında ədalətli tarazlığın təmin olunması vacib şərtlərdəndir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Zvierzinski Polşaya qarşı iş üzrə 2001-ci il 19 iyun tarixli Qərarında müəyyən edilmişdir ki, mülkiyyət hüququnun qanuni məhdudlaşdırılmasında proporsionallıq prinsipinin tələblərinə uyğun olaraq fərdin üzərinə qanunun məqsədlərindən kənar olan artıq yük düşməməlidir (§ 71). Məhkəmənin digər iş üzrə qəbul edilmiş Qərarında göstərilmişdir ki, mülkiyyət hüququna müdaxilə fərdlə ictimai maraqlar arasında “ədalətli balans” əsasında olmalıdır (Depalle Fransaya qarşı iş üzrə 2010-cu il 29 mart tarixli Qərar, § 83). İşdə olan sənədlərdən məlum olur ki, Azərbaycan Respublikası İXM-nın 253.2-ci maddəsində fərqləndirilməsə də, kəsilən 7 ədəd kol bitkisi yulğun koludur. Məlumat üçün bildirilir ki, yulğunun 80-dən çox növünün olmasına baxmayaraq, Azərbaycanda yalnız bir növünə rast gəlinir. Elmi adı tamariks olan yulğun kolu ölkəmizdə ən çox Naxçıvanda, Abşeron yarımadası və Kür-Araz ovalığında yayılıb. Yulğunun yalnız laksa növü “Qırmızı kitab”a düşüb ki, həmin növ yulğun kolu da Azərbaycan ərazisində bitmir. Növündən asılı olmayaraq yulğun kolu Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının “Qırmızı Kitabı” haqqında Əsasnamə”yə görə, ərazilərində Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş bitki növləri olan torpaq istifadəçiləri, mülkiyyətçiləri (mülkiyyət formasından asılı olmayaraq) həmin növlərin mühafizə rejiminə əməl etməli və onların təbii törəyib artmasını təmin edən şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş və xüsusi mühafizə olunan heyvan və bitki növlərinin siyahısında olanların mühafizəsi üzrə tələblərin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, işin yuxarıda şərh edilən hallarına görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 əməlində inzibati xəta tərkibi olmadığına görə də, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X9 qəbul etdiyi xx.xx.2022-ci il tarixli, MN1288985 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN1288985 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və Azərbaycan Respublikasının İXM-nın 253.2ci maddəsi ilə X7 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar