Məhkəmə qərarları › İş №3(041)-215/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №3(041)-215/2025

26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 3(041)-215/2025 26.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materialı məhkəmə iclasında baxılmağa hazırlayarkən müəyyən etdim: Məhkəmənin icraatına Kürdəmir Rayon İcra şöbəsinin rəisi vəzifəsini icra edən icra məmuru X1 tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İş materialları təhlil olunarkən müəyyən etdim ki, işə mahiyyəti üzrə baxılması üçün işdə olan sənədlər tam şəkildə toplanmamışdır. Belə ki, iş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin 2(041)-224/2024 nömrəli, xx.xx.2024-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 7 qram çəkidə 585 əyarlı 1,7 karat brilyant qaşları olan 1 ədəd nişan üzüyü və 5 qram çəkidə 585 əyarlı 1 ədəd qolbaq alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. İnzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərkən müəyyən etdim ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, inzibati məsuliyyətə cəlb edilməsinə əsas olan zərərçəkmiş şəxs X2 yazılı ərizəsi əlavə edilməmişdir. İXM-in 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı. Qanunvericilik İXM-in 100-cü maddəsində göstərilən tələbləri səlahiyyətli şəxsin üzərinə vəzifə kimi qoymaqla, qeyd olunan maddədə göstərilən tələblərə riayət olunmasını imperativ norma kimi müəyyən etmişdir. Eləcə də iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli izahatından görünür ki, borclu Şəxs icra sənədi üzrə qeyd edilən qaytarılmalı olan əşyaların (7 qram çəkidə 585 əyarlı 1,7 karat brilyant qaşları olan 1 ədəd nişan üzüyü və 5 qram çəkidə 585 əyarlı 1 ədəd qolbaq) onda olmadığını bildirmişdir. Belə olduqda icra məmuru qanunvericiliyin normalarından irəli gələn kifayət qədər tədbirlər həyata keçirməmiş, qeyd edilən əşyaların axtarışını həyata keçirməmişdir. “İcra haqqında” qanunun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 43-cü maddəsində icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və digər məcburi icra tədbirləri müəyyən edilmişdir. 27.2-ci maddəsinə əsasən, borclunun əmlakının və ya uşağının axtarılması barədə də icra məmuru qərar qəbul edir. 27.3-cü maddəsinə əsasən, axtarış icra sənədinin icra olunduğu yer və ya borclunun məlum olan son yaşayış yeri (olduğu yer) üzrə yaxud onun əmlakının olduğu yer üzrə, habelə tələbkarın yaşayış yeri (olduğu yer) üzrə elan edilir. “ İcra məmurları” haqqında qanunun 8-ci maddəsində icra xidməti icra məmurunun icra ilə əlaqədar zəruri hallarda borcluya məxsus mənzilə və ya otağa daxil olmaq, orada baxış keçirmək və bütün saxlama yerlərini açmaq və baxmaq, habelə müvafiq məhkəmənin qərarına əsasən bu hərəkətləri borcluya məxsus digər şəxslərin tutduqları mənzil və otaqlarda da həyata keçirmək, əmlaka həbs qoymaq, əmlakı götürmək, saxlanmağa vermək və üzərinə həbs qoyulmuş əmlakı realizə etmək (qanuna əsasən icra sənədləri üzrə tələb yönəldilə bilməyən əmlak növlərindən başqa), borclunun əmlakının olduğu yerin müəyyən edilməsi üçün qanunla nəzərdə tutulmuş qaydada tədbirlər görmək və icra sənədlərində göstərilən digər tədbirləri həyata keçirmək kimi hüquqları qeyd edilmişdir. Həmin qanunun 7-ci maddəsində icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra məmurunun vəzifəsi kimi qeyd edilmişdir. İXM-in 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Göründüyü kimi, borclu Şəxs icra sənədini qərəzli olaraq icra etməməsi və icra məmurunun qanuni tələblərinə tabe olmaması iş materialları ilə sübuta yetirilməmişdir. Tələbkarın borclunun inzibati məsuliyyətə cəlb edilməsinə dair yazılı ərizəsi də alınmamış, icra sənədi üzrə borcludan alınmalı əmlakın axtarışı həyata keçirilməmişdir. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, icra məmuru tərəfindən borclu barəsində əsassız olaraq AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXM-in 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. İXM-in 109.1.7-ci maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, hesab edirəm ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Kürdəmir Rayon İcra və probasiya şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Kürdəmir Rayon İcra və probasiya şöbəsinə geri qaytarılsın. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar