Məhkəmə qərarları › İş №3(041)-233/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-233/2025

03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-233/2025 03.03.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Şahbazova Göyçək Kamil qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X14, zərərçəkmiş şəxs X7, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, psixoloq- X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Kürdəmir rayonu, Ərşəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Kürdəmir rayonu, Ərşəli kəndi, C.Cavadov adına tam orta məktəbində müəllim işləyən, Kürdəmir rayonu, Ərşəli kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Kürdəmir RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X14 tərəfindən Şəxs barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokola baxılması üçün iş materialları ilə birlikdə aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X14 izahat verərək bildirmişdir ki, Kürdəmir rayonu Ərşəli kənd sakini Qanuni nümayəndə Azərbaycan Respublikası DİN-102 xidmətinə zəng vuraraq və Kürdəmir RPŞ-nə ərizə ilə müraciət edərək, 23 yanvar 2025-ci il tarixdə saat 11:30 radələrində yaşadıqları kəndin ərazisində yerləşən C.Cavadov adına tam orta məktəbdə qızı Fatimə Hüseyinlini müəllimi Şəxs döydüyünü göstərməklə, cinayət məsulliyətinə cəlb edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli qərarla Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti aiddiyəti üzrə İTB-yə göndərilmişdir. Odur ki, Şəxs barəsində xx.xx.2025-ci tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, Kürdəmir rayonu Ərşəli kəndi C.Cavadov adına tam orta məktəbində fiziki tərbiyə müəllimi işləyir. Hüseynli Fatimənin anası Hüseynli Zərqələm onun uzaq qohumudur. X6 atası Qanuni nümayəndə ilə uzun illərdir münasibəti pisdir, aralarında düşmənçilik və ədavət vardır. Qanuni nümayəndə Kürdəmir RPŞ-nə verdiyi ərizə yalandır, onun 2024-cü ilin noyabr ayında və 23 yanvar 2025-ci il tarixdə saat 11:30 radələrində işlədiyi məktəbdə Hüseynli Fatiməni anası Hüseynova Zərqələmlə görüntülü danışmağa məcbur etməmiş və döyməmişdir. Qanuni nümayəndə ondan müxtəlif orqanlara dəfələrlə, demək olar ki, ildə bir neçə dəfə şikayətlər etmişdir. Bu onun birinci əməli deyildir. O, Qanuni nümayəndə qızı Fatimə Hüseynliyə anası ilə danışmasını heç vaxt təklif etməmiş, buna görə də ona qarşı heç bir zorakılıq etməmişdir. Uşağın anası X13 şəhərində yaşayır, onunla heç vaxt qızının onunla telefon əlaqəsi yaratmasına kömək etmək barədə söhbəti olmayıb. O, ümumiyyətlə Zərqələmlə telefona əlaqəsi saxlamır. Zərqələm də heç vaxt uşağının onunla əlaqə saxlamasına kömək etməsi barədə xahiş etməmişdir. Nəsiminin onun barəsində etdiyi şikayət yalan və böhtandır. Sonda o, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2025-ci il tarixdə qanuni nümayəndəsinin iştirakı ilə dindirilən zərərçəkmiş şəxs X7 məhkəmə iclasında izahatında göstərdi ki, Qanuni nümayəndə onun atası, Şəxs isə onun müəllimidir. Atası və anası boşanmış, 5 ildir ki qardaşı ilə birlikdə analarından imtina edərək, atası Nəsimi ilə birlikdə yaşayır. xx.xx.2025-ci il tarixdə tənəfüs vaxtı o, gödəkcəsini götürüb sinif otağından çıxanda Ramal müəllim sinif otağında heç kimin olmadığı vaxtda onun yanına gələrək anası ilə görüntülü danışmağını istəmiş, lakin o, Şəxs anası ilə danışmağa razı olmadığını dedikdə, Şəxs onun boğazından tutub lövhəyə söykəyərək çiyin hissəsindən əli ilə 2 dəfə vurmuş və onu hədələyərək atası Nəsimiyə desə onu öldürəcəyini demişdir. Sonra o, sinif otağından çıxıb getmişdir. Hadisə vaxtı uşaqların hamısı tənəffüsdə olmuşdur. Ramal müəllim onu hədələdiyi üçün o, qorxudan atasına həmin günü deməmiş, bir gün sonra demişdir. xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında psixoloqun və qanuni nümayəndəsinin iştirakları ilə dindirilən zərərçəkmiş şəxs X7 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə tənəfüs vaxtı o, gödəkcəsini götürüb sinif otağından çıxanda Ramal müəllim sinif otağında heç kimin olmadığı vaxtda onun yanına gələrək anası ilə görüntülü danışmağını istəmiş, lakin o, Şəxs anası ilə danışmağa razı olmadığını dedikdə telefonu söndürərək cibinə qoymuş və onun boğazından tutub lövhəyə söykəyərək üzünə şillə ilə vurmuş daha sonra əynində olan gödəkcəsinin üstündən çiyin hissəsindən yumruq ilə 2-3 dəfə vurmuş və o isə ağlamışdır. Sonra o, evə getmiş, evdə baxdıqda çiynində qırmızı ləkələr olmuşdur. Sinif otağından çıxan zaman onu heç kim görməmiş və nə olduğu barədə heç kim ondan soruşmamışdır. Əvvəlki məhkəmə iclasında fərqli ifadə verməsinin səbəbi Ramal müəllimdən qorxması olmuşdur. Uşaqlar həmin vaxt sonuncu dərsdən çıxıb evə getdiyindən hadisəni onlar görməmişdir. Ramal Hüseynov onu vurarkən əynində gödəkcə olmuş, gödəkcənin qabağı isə bağlı olmuşdur. O, Şəxs müəllim hesab etmir, onun barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, X7 onun qızıdır. Şəxs isə onun uzaq qohumudur. O, əri Qanuni nümayəndə ilə boşandıqdan sonra qızı atası Qanuni nümayəndə yanında qalmışdır. Qızı ilə onun ünsiyyətinə atası imkan verməməklə bərabər, uşaqları üçün aldığı hədiyyələri də uşaqlara verməyərək zibilə atır. Uşaqlarda ona qarşı nifrət yaradaraq onun dəli olmasını deməklə uşaqlarını ondan uzaqlaşdırmağa çalışır. Şəxsla uzaq qohum olsa da onunla heç vaxt əlaqə saxlamamışdır. Şəxs Kürdəmir rayonunda, o isə Gəncə şəhərində yaşadığından onların əlaqələri olmayıb. O, Şəxs uşaqlarla onun ünsiyyət saxlaması, həm də telefonla videogörüntü vasitəsilə uşaqları ilə onun əlaqə saxlamasına kömək etməsi barədə heç vaxt xahiş etməmişdir. Onun Şəxs ilə heç bir əlaqəsi yoxdur. Uşaqlarının atası Qanuni nümayəndə uşaqlarla görüşməyə, ünsiyyət saxlamağa mane olmaqla uşaqlarını ondan uzaqlaşdırır, doğma uşaqlarında ona qarşı nifrət hissi yaradır. Proses iştirakçılarının, şahidin izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Qanuni nümayəndə Hisayət oğlunun müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti aidiyyatı üzrə Kürdəmir RPŞ-nin İTB-nə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, 26 nömrəli ekspert rəyinə görə, X3 bədən səthində aşkar olunan xəsarətlər – sol çiyin nahiyəsinin qançırı və sıyrığı küt əşya təsirindən törənmiş, qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2025-ci il tarixdə X4 qəsdən döyməklə ona dərəcəsi bilinməyən bədən xəsarəti yetirmişdir. Kürdəmir Rayon Ərşəli kənd C.Cavadov adına tam orta ümumtəhsil məktəbinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, məktəbin müəllimi Şəxs tərəfindən məktəbdə təhsil alan səkkizinci sinif şagirdi Fatimə Hüseynli və digər şagirdlərə qarşı mənəvi və fiziki zorakılıq halları olmamışdır. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə yaranır. Azərbaycan Respublikasının İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və sair müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xəta haqqında iş üzrə materiala məhkəmə iclasında baxılarkən zərərçəkmiş şəxs məhkəmə iclasında fərqli izahatlar vermişdir. Belə ki, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında zərərçəkmiş şəxs Fatimə Hüseynli xx.xx.2025-ci il tarixdə Şəxs tənəffüs vaxtı onun boğazından tutub lövhəyə söykəyərək çiyin hissəsindən əli ilə 2 dəfə vurduğunu və hadisə vaxtı uşaqların hamısı tənəffüsdə olduğundan hadisəni görmədiyini bildirsə də xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Şəxs onun boğazından tutub lövhəyə söykəyərək üzünə şillə ilə vurduğunu, daha sonra əynində olan gödəkcəsinin üstündən çiyin hissəsindən yumruq ilə 2-3 dəfə vurduğunu, sinif yoldaşlarının həmin vaxt sonuncu dərsdən çıxıb evə getdiyindən hadisəni onların görmədiyini bildirmişdir. Göründüyü kimi zərərçəkmiş şəxs əvvəlki məhkəmə iclasında Şəxs onu necə, hansı şəraitdə vurması barədə fərqli izahatlar vermiş, əvvəlcə Şəxs onun boğazından tutub lövhəyə söykəyək çiynindən 2 dəfə vurduğunu, sinif yoldaşları tənəffüsdə olduqlarından hadisəni görmədilklərini bildirsə də, sonrakı məhkəmə iclasında verdiyi izahatında Şəxs əvvəlcə onun üzünə şillə vurması, sonra isə yumruqla çiynindan 2-3 dəfə vurduğunu, sinif yoldaşlarının həmin vaxt sonuncu dərsdən çıxıb evə getdiyindən hadisəni onların görmədiklərini bildirmişdir. Eyni zamanda iş üzrə Kürdəmir RPŞ-nin TB-də araşdırılan HK-1/120 nömrəli material məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, iş üzrə zərərçəkmiş şəxsin sinif yoldaşları – X8, X15, X9 və X10 izahatlarında “xx.xx.2025-ci il tarixdə oxuduqları məktəbdə Ramal müəllimin sinif yoldaşları Fatiməni anası Zərqələmlə telefon vasitəsi ilə görüntülü danışmasına məcbur etməsi və döyməsini görmədiklərini, Ramal müəllimin dərs keçdikdən sonra Fatimənin onlarla birlikdə sinifdən çıxıb getdiyini, Ramal müəllimin heç vaxt Fatiməni tək sinifdə saxlamadığını bildirmişlər”. Eləcə də Kürdəmir Rayon Ərşəli kənd C.Cavadov adına tam orta ümumtəhsil məktəbinin direktorunun xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, məktəbin müəllimi Şəxs tərəfindən məktəbdə təhsil alan səkkizinci sinif şagirdi Fatimə Hüseynli və digər şagirdlərə qarşı mənəvi və fiziki zorakılıq halları olmamışdır. Qeyd edilənlərdən əlavə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X11 X22 Kürdəmir rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 26 nömrəli rəyində X3 bədən səthində aşkar olunan xəsarətlərin – sol çiyin nahiyəsinin qançırı və sıyrığının küt əşya təsirindən törənməsi, qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəldiyi göstərilsə də həmin xəsarətlərin yıxılma və ya digər hallar nəticəsində yaranması da istisna edilmir, eləcə də zərərçəkmiş şəxsin Şəxs tərəfindən sifətinə şillə ilə vurulması və sonra isə onun boğazından tutub lövhəyə söykəyək əynində olan gödəkcənin üstündən çiyninə əli ilə və ya 2-3 dəfə yumruqla vurması barədə izahatlarında göstərdikləri ilə ziddiyyət təşkil edir. Zərərçəkmiş şəxsin izahatında bildirdiyi əynində olan gödəkcənin üzərindən yetirilən xəsarətlərin ekspert tərəfindən aşkar edilməsi, boğazında xəsarətlərin və sifətində vurulmuş şillə zərbəsinin ekspert tərəfindən müəyyən edilməməsi kimi hallar şübhə doğurur. Məhkəmə xatırladır ki, ekspertin rəyi məhkəmə üçün məcburi, əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil, digər sübutlar qarşısında üstünlüyü yoxdur, hər hansı başqa sübut kimi yoxlanılmalı və bütün digər sübutlar kimi, digər sübutlarla birlikdə ümumi qaydalara uyğun qiymətləndirilir. Bu hallar maddi sübutlarla, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə- inzibati xətanın olub-olmamasını və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin əsaslana bildiyi hər cür faktik məlumatlarla əlaqəli şəkildə müəyyən edilməlidir. Ekspert rəyi (konkret sahə üzrə ixtisaslı mütəxəssisin) konkret işə baxılarkən mühüm əhəmiyyət kəsb edən suallarla bağlı əsaslandırılmış rəydir. Məhkəmə ekspertizasının rəyinin hüquqi statusu qanunla əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik olmayan, məcburi olmayan və digər sübutlarla birlikdə qiymətləndirilməli olan sübut kimi müəyyən edilir. Hazırki işin müəyyən edilən hallarından görünür ki, Qanuni nümayəndə şikayəti əsasında Şəxs Kürdəmir Rayon Polis Şöbəsinə dəvət edilmiş və polis əməkdaşları tərəfindən sorğu-sual edildikdən sonra barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərar qəbul edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında işə baxılan şəxs Şəxs Fatimə Hüseynlini döyməsini təsdiq edən heç bir mötəbər sübut iş materillarına əlavə edilməmiş, habelə məhkəmə araşdırması zamanı zərərçəkmiş şəxs müəllimi tərəfindən döyülməsi ilə bağlı ziddiyyətli izahatlar vermişdir. Ona görə də, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilməlidir ki, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasına hüquqi əsas olmur, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar müəyyən edildiyi təqdirdə araşdırmanın mərhələsindən asılı olmayaraq başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: RAHİD MEHDİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar