Məhkəmə qərarları › İş №3(041)-261/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-261/2025

11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-261/2025 11.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X2, Şahbazova Göyçək Kamil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Kürdəmir rayonu, Pirili kəndində qeydiyatda olmaqla yaşayan, Şəxs barəsində Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola və xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində Kürdəmir rayonu, Pirili kəndində qeydiyatda olan, xx.xx.1973-cü il təvəllüdlü Şəxs etibarnamə ilə idarə etdiyi **-DU-*** qeydiyyat nişanlı “Toyota Camry” markalı avtomobillə Kürdəmir rayonu, Xırdapay kəndində Ataş Məmmədov küçəsi ilə hərəkətdə olarkən hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda buna əməl etməyib, öz hərəkətlərini davam etdirərək, həmin vaxt yolun sağ hissəsində dayanmış piyada Zərərçəkmiş şəxs sağ ayağının üzərindən keçməklə, nəticədə piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan sağ ayağının üst hissəsində hematoma kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurma xəsarəti almasına səbəb olan yol nəqliyyat hadisəsi törətmiş və yol nəqliyyat hadisəsi yerindən yayınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 13 dekabr 2024-cü il tarixdə saat 18 radələrində Kürdəmir rayonu, Xırdapay kəndində etibarnamə ilə idarə etdiyi avtomobillə qohumunun yaşadığı evə gedən zaman həmin yolda asfaltlama işləri aparıldığını görmüş, qohumu xəstə olduğu üçün həmin yoldan istifadə etmək məcburiyyətində qalmışdır. Qayıtdıqda isə avtomobili saxlayaraq işçilərdən üzr istəyib, xəstəsi olmasını əsas gətirib yenidən həmin yoldan keçmək istəmişdir. İşçilər ondan gözləməyini istəmiş, lakin o, məcbur olduğunu bildirərək hərəkətini yolun sağ hissəsi ilə davam etdirmişdir. O, asfaltlanan ərazini keçdikdən sonra yoluna davam etmiş və həmin vaxt hər hansı bir şəxsin ayağının üzərindən keçməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 12 dekabr 2024-cü il tarixdən Kürdəmir rayonu, Xırdapay kəndi ərazisindən keçən Ataş Məmmədov küçəsinin asfalt örtüyünün təmiri işlərinə başlanılmışdır. Bu səbəbdən həmin küçədə avtomobillərin işləri qismən məhdudlaşdırılmışdır. 13 dekabr 2024-cü il tarixdə saat 17 radələrində həmin vaxtadək sürücüsünü tanımadığı qara rəngli **-DU-*** qeydiyat nişanlı “Toyota Camry” markalı avtomobilin həmin yeni asfaltlanmış əraziyə daxil olmasını görmüş, ona heç bir söz deməmişdir. Lakin təxminən yarım saat sonra həmin avtomobilin geri qayıtmasını görmüşdür. Bu zaman iri qabaritli avtomobildən yolun hərəkət hissəsinə asfalt qarışığı boşaldılmışdır. O, həmin şəxsə əli ilə işarə edərək gözləməsini istəsə də, o, buna məhəl qoymayaraq hərəkətinə davam etmişdir. Bu zaman o, yolun kənarında yeni çəkilmiş asfalt yolun sağ kənarında dayanmış və həmin avtomobilin altında qalmamaq üçün sol ayağını arxaya çəkmişdir. Lakin Şəxs avtomobilinin sağ təkəri onun sağ ayağının üzərindən keçmişdir. O və ətrafda olan şəxlər həmin avtomobilə işarə edərək Zərərçəkmiş şəxs ayağının üzərindən keçməsini bildirsələr də, sürücü bunu görməsinə baxmayaraq məhəl qoymadan oradan uzaqlaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, 12 dekabr 2024-cü il tarixdən Kürdəmir rayonu Xırdapay kəndi ərazisindən keçən Ataş Məmmədov küçəsinin asfalt örtüyünün təmiri və işlərinə başlanılmışdır. Bu səbəbdən həmin küçədə avtomobillərin işləri qismən məhdudlaşdırılmışdır. 13 dekabr 2024-cü il tarixdə saat 17 radələrində qara rəngli **-DU-*** qeydiyyat nişanlı “Toyota Camry” markalı avtomobilin həmin yeni asfaltlanmış əraziyə daxil olmasını görmüş, ona heç bir söz deməmişlər. Lakin təxminən yarım saat sonra həmin avtomobilin geri qayıtmasını görmüşlər. Bu zaman iri qabaritli avtomobildən yolun hərəkət hissəsinə asfalt qarışığı boşaldılmışdır. Direktor müavini Zərərçəkmiş şəxs həmin şəxsə əli ilə işarə edərək gözləməsini istəsə də o, buna məhəl qoymayaraq hərəkətinə davam etmişdir. Bu zaman Zərərçəkmiş şəxs yolun kənarında yeni çəkilmiş asfalt yolun sağ kənarında dayanmış və həmin avtomobilin altında qalmamaq üçün sol ayağını arxaya çəkmişdir. Lakin Şəxs avtomobilinin sağ təkəri Zərərçəkmiş şəxs sağ ayağının üzərindən keçmişdir. Bu zaman ətrafda olan şəxlər həmin avtomobilə işarə edərək Zərərçəkmiş şəxs ayağının üzərindən keçməsini bildirsələr də, sürücü buna məhəl qoymayaraq oradan uzaqlaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1, X4 və X6 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs piyada Zərərçəkmiş şəxs ehtiyyatsızlıqdan sağlamlığına yüngül zərərvurma xəsarəti almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi və yol-nəqliyyat hadisəsi yerindən yayınmasını bildirərək, digər şahid X5 ilə eyni məzmunda ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İXM-nin 327.6-cı və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. xx.xx.2024-cü il tarixli 416 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İsgəndər oğlu ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya» Biriliyinin Kürdəmir rayon şöbəsi tərəfindən verilmiş 24 dekabr 2024-cü il tarixli canlı şəxsin ekspertizasına dair 581 №-li ekspert rəyinə əsasən, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarət-sağ ayağın üst hissəsinin hematoması küt əşya təsirindən törənmiş, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə piyadanın avtomobillə vurulması zamanı əmələ gəlməyə uyğundur. Ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şəxs ehtiyyatsızlıqdan piyada Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərərvurma xəsarəti almasına səbəb olan yolnəqliyyat hadisəsi törətmiş və yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.6 və 327.8-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Kürdəmir RPŞ-nin DYPB-nə göndərilmişdir. Kürdəmir Rayon Prokurorluğunun xx.xx.2025-cü il tarixli məktubundan görünür ki, Şəxs yol-nəqliyyat hadisəsi törətməsi ilə bağlı Kürdəmir RPŞ-nin Təhqiqat Bölməsində toplanmış HK-2363 nömrəli material nəzarət qaydasında rayon prokurorluğunda öyrənilmiş və xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qanuni və əsaslı hesab edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin, şahidlərin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinin tələbinə əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair məsələyə baxılması aidiyyəti üzrə Kürdəmir Rayon Polis Şöbəsinin DYPB-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair məsələyə baxılması aidiyyəti üzrə Kürdəmir Rayon Polis Şöbəsinin DYPB-nə göndərilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar