Məhkəmə qərarları › İş №3(041)-298/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-298/2024

04.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-298/2024 04.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X13, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, barəsində qərar çıxarılmış X1, qərarından şikayət verilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X9 qəbul etdiyi xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində qərar çıxarılmış X1 şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X3 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X9 xx.xx.2024-cü il tarixdə qəbul etdiyi MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 izahatında bildirdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonunun Sığırlı kəndində yaşayır, təsərrüfat işləri ilə məşğul olmaqla ailəsini dolandırır. Uzun müddət bundan əvvəl Kürdəmir rayonu Sığırlı bələdiyyəsi tərəfindən mülkiyyətinə 0.20 ha həyətyanı torpaq sahəsi verilmiş, lakin bu günə kimi həmin torpaq sahəsini daşınmaz əmlakda adına qeydiyyatdan keçirməmişdir. Sözü gedən torpaq sahəsinə qrunt suları yığıldığına görə orada şoranlaşma getdiyindən, əkilən ağaclar yetişmədən məhv olur. Bu səbəbdən də, həminəraziyə heç bir ağac əkilməmişdir. 2024-cü ilin fevral ayında 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları sözü gedən torpaq sahəsinə gələrək yoxlama işləri aparmış, yoxlama zamanı torpaq sahəsində kəsilmiş və yerə sərilmiş vəziyyətdə ağaclar aşkar etmişlər. İdarənin əməkdaşlarına həmin ərazidə ağac yetişmədiyini, kəsilən ağacların onunla münasibəti yaxşı olmayan qonşusu tərfindən onu şərləmək üçün oraya atıla biləcəyini bildirmişdir. Həmin vaxt idarənin əməkdaşları tərəfindən akt tərtib edilərək işi yenidən araşdırılacağını bildirmişlər. Bir müddət sonra şöbəsinin rəisi X9 xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nın 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 2000 manat cərimə növü tətbiq edildiyini bilmişdir. Hesab edir ki, həmin qərar işin halları tam araşdırılmadan qəbul edilmişdir. İşin göstərilən hallarını nəzərə alaraq, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixdə qəbul etdiyi MN ******* nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 izahatında bildirdi ki, Kürdəmir rayonu, Sığırlı kənd sakinləri onlara müraciət edərək X1 özünə məxsus torpaq sahəsində ağac kəsimi işləri ilə məşğul olduğunu bildirmişlər. İdarənin əməkdaşları 2024-cü ilin fevral ayında Kürdəmir rayonu Sığırlı kəndinə gedərək qeyd edilən ərazidə olmuş, həqiqətən də tut və heyva ağaclarının kəsilmiş və yerə sərilmiş vəziyyətdə olduğunu müəyyən edib akt tərtib etmişlər. Kamran Kərimovu oraya dəvət edərək izahatını almışlar, K.Kərimov izahatında torpaq sahəsində bağcılıq məqsədi ilə istifadə etdiyini, orada əksəriyyəti nar ağacları olmaqla bir neçə ədəd heyva və tut ağacları əkdiyini, hal-hazırda nar və digər meyvə ağacların quruduğuna görə yeni nar ağacları əkəcəyini, ətrafda olan qazıntı işlərinin qrunt sularını torpaq sahəsində təmizləmək üçün etdiyini bildirmişdir. Bundan əlavə apardıqları araşdırma zamanı sözü gedən torpaq sahəsinin hal-hazırda Kürdəmir rayonu Sığırlı bələdiyyəsinə aid olduğunu müəyyən etmişlər. Fərdi söhbət edən zaman K.Kərimov qonşusu Rasim Səfərovla aralarında uzun müddətdi ədavət olduğunu, həmin ağacların Rasim tərfindən ona məxsus torpaq sahəsinə atıldığını bildirmişdir. Bu barədə Kürdəmir rayon polis şöbəsində araşdırma aparılmışdir. Aparılmış araşdırmalardan sonra X1 hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsinin tərkibi olduğu müəyyən etmişlər. Bütün bunları nəzərə alaraq hesab edir ki, X3 barəsində qəbul edilən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunidir və ləğv edilməsinə heç bir əsas yoxdur. Q.İ.İsmayılov izahatının sonunda şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən X10 ifadəsində göstərdi ki, Kürdəmir rayonu Sığırlı kəndində yaşayır, X3 həmkəndlisi kimi tanıyır, aralarında ədavət və düşmənçilik yoxdur. Yaşadığı kəndin ərazisində K.Kərimova məxsus torpaq sahəsi var. Uzun zamandır K.Kərimovun həmin sahədə əkin biçin işləri apardığını görməyib və eşitməyib, buna səbəb həmin əraziyə qrunt suların yığılması və torpaqda şoranlaşmanın olmasıdır. Bundan əlavə X14 Səfərov qonşuluqda yaşayırlar, onların münasibətləri yaxşı deyil. Ərazidə aşkar edilən kəsilmiş heyva və tut ağacları şoran torpaq sahəsində bitə bilməz, ona görə də həmin ağacların kənar şəxslər tərəfindən qəsdən oraya atılması daha ağlabatan görünür. İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsinin verdiyi xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Kürdəmir rayonu Sığırlı kənd ərazisində yerləşən torpaq sahəsinin X3 tərəfindən təbt edilib-edilməməsini, eləcə də qeyd olunan torpaq sahəsinin təyinatını müəyyənləşdirmək üçün torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı naturada göstərilən torpaq sahəsi elektron baza məlumatlarında təqdim olunan torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında yaşayış məntəqələrinin torpaqlı təyinatlı bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir, ölçmə zamanı naturada göstərilən qazılmış ərazinin 263 k.v.metr hissəi və faktiki yol baza məlumatlarında ümumi olan yollar və küçələr göstərilmişdir. - 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Kürdəmir rayonu Sığırlı kənd sakini X8 tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “ Qaynar xətt” əlaqə mərkəzinə Kamran Kərimov tərəfindən həyətinin qazılamsı və ağacların kəsilməsilə bağlı müraciət etmiş, araşdırma zamanı şikayətci Rasim Səfərov izahat verərək qonşusu Kamran Kərimovun onun torpaq sahəsinə keçdiyini, qazıntı zamanı 3 ədəd ağacı kökündən çıxartdığını, bununla bağlı polis şöbəsinə müraciət etdiyini, şöbədə izahatı alındığını, hazırda polisin təhqiqat qrupunda araşdırma aparıldığını bildirmişdir. X3 yazlı izahat verərək şor sularının axıdılması üçün torpağın iki tərəfini qazdığını, qazıntını öz həyətində apardığını, qonşunun yerinə keçmədiyini və qazıntı zamanı heç bir ağac çıxartmadığını, bunların şər-böhtan olduğunu, torpaq sahəsində olan ağac kötükləri Rasim Səfərov tərəfindən çıxarılaraq həmin yerə atıldığını qeyd etmişdir. Vətəndaşlar tərəfindən torpaq sahəsinə aid heç bir hüquqi sənəd araşdırmaya təqdim edilməmişdir. Torpaq sahəsinə baxış zamanı Kamran Kərimov sözü gedən mübahisəli torpaq sahəsini 2 istiqamətdə dərinliyi 1.5-2.0 m, uzunluğu 80 m, eni 3.5-4.0 m texnikayla qazdırdığı və qazıntı işi aparılan torpaq sahəsində kökündən çıxarılmış 2 ədəd yaş halda diametri 2 sm olan heyva cinsli ağaclar müəyyən edilmişdir, qazıntı aparılan ərazi 40.250603,48.421285 koordinatında yerləşdiyi məlum olmuş və “Google earth” proqramı vasitəsiylə həmin ərazinin peyk görüntülərinə baxış keçirilmiş və görüntülərə əsasən qazıntı aparılan sahədə yaşıllıqların mövcud olduğu müşahidə edilmişdir. - 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixdə X7 Xidmətinə ünvanladığı məktubdan görünür ki, sözü gedən ağacların kim və kimlər tərəfindən torpaq sahəsindən çıxarılmasını araşdırma müddətində müəyyən etmək mümkün olmamış, bu səbəbdərn kökündən çıxarılaraq atılmış ağacların kim və kimlər tərəfindən çıxarılmasını müəyyən etmək üçün Kürdəmir rayon polis şöbəsinə müraciət edilmişdir. - 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Kürdəmir rayonu Sığırlı kənd sakini X6 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, R.M.Səfərovun idarəyə ünvanladığı eyni məzmunlu müraciət idarənin əməkdaşları tərəfindən təkrar araşdırılmış və onun ilkin müraciətinin araşdırması zamanı qeyd olunan torpaq sahəsində ağacların kim və ya kimlər tərəfindən çıxarılaraq məhv edilməsini müəyyən etmək üçün Kürdəmir rayon Polis şöbəsinə məktub ünvanlanladığı və təkrara araşdırma zamanı ərazidə yeni ekoloji qanun pozuntusu aşkar edilmədiyi bildirilmişdir. İşin faktiki və müəyyən edilən hallarından görünür ki, X3 barəsində inzibati xəta haqqında protokol Kürdəmir rayonu, Sığırlı kənd sakini X4 şikayətləri əsasında tərtib edilmiş və həmin protokol əsasında Azərbaycan Respublikası İXM-nın 253.2-ci maddəsi ilə 2000 manat cərimə edilmişdir. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məhkəməyə təqdim etdiyi sənədlər araşdırılarkən müəyyən edildi ki, qazıntı aparılmış torpaq sahəsində kəsilmiş formada 3 ədəd ağac aşkar edilmiş, R.M.Səfərov verdiyi izahatında həmin ağacların X3 tərəfindən, K.A.Kərimov verdiyi izahatında isə həmin ağacların X8 tərəfindən qəsdən oraya atıldığını bildirmişdir. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin R.M.Səfərovun şikayətləri əsasında verdiyi cavab məktublarında sözügedən ağacların kim və kimlər tərəfindən torpaq sahəsindən çıxarılmasının araşdırma müddətində müəyyən edilmədiyi, bu məqsədlə Kürdəmir rayon polis şöbəsinə müraciət edildiyi bildirilmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdə həmin ağacların məhz X3 tərəfindən torpaq sahəsindən çıxarılmasını təsdiq edən heç bir sübut müəyyən edilməmişdir. Əvvələn qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İXM maddə 48). Azərbaycan Respublikası İXM-nın 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nın 133.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-nın 134.1.4-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-nın 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Qanunvericiliyin yuxarıda şərh edilən normalarına və işin müəyyən edilmiş faktiki hallarına əsaslanaraq məhkəmə hesab edir ki, X1 barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X9 qəbul etdiyi xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və Azərbaycan Respublikası İXM-nın 134.1.4cü maddəsinə müvafiq olaraq işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması üçün həmin İdarəyə göndərilməlidir. Ggöstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. X1 barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X9 qəbul etdiyi xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərardan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X. İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar