Məhkəmə qərarları › İş №3(041)-312/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-312/2023

28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-312/2023 28.03.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X3, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1988-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Qurdbayram kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon Məhkəməsinə daxil olmuş xx.xx.2023-cü il tarixli, MN1646108 nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Kürdəmir rayonu ərazisində qəsdən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi İ.Ə.Sadıqov izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Kürdəmir RPŞ DYPB YPX-nın əməkdaşları Kürdəmir şəhəri, Bakı prospektində xidmətdə olarkən Şəxs idarə etdiyi “VAZ 2106” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilin texniki baxışı olmadığı üçün saxlamışlar. Yoxlama zamanı texniki baxışdan əlavə Şəxs avtomobili sərxoş vəziyyətdə və etibarnamə olmadan idarə etdiyini müəyyən etmişlər. YPX-nın əməkdaşları tərəfindən tibbi müayinədən keçməyə dəvət edilməsinə baxmayaraq Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə YPX-nın əməkdaşı Ülvi Süleymanov tərəfindən raportla polis şöbəsinə müraciət olunmuş və müraciət qeydiyyata alınaraq araşdırma aparılması üçün onun icraatına verilmişdir. Nəticədə Şəxs barəsində Azərbaycan Respubikası İXM-nın 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş və aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərmişdir. İ.Ə.Sadıqov izahatına əlavə olaraq bildirdi ki, Şəxs yol polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasını şəxsən görməmiş, inzibati xəta haqqında protokolu YPX-nın əməkdaşı Ülvi Süleymanovun raportuna əsasən tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, idarə etdiyi “VAZ 2106” markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilin texniki baxış müddəti keçdiyinə görə həmin avtomobili Kürdəmir şəhər ərazisində idarə edərkən Kürdəmir RPŞ DYPB YPX-nın əməkdaşları ona avtomobili saxlaması üçün işarə vermiş, o da dərhal avtomobili yolun kənarında saxlamışdır. Həmin zaman YPX-nın əməkdaşı ona yaxınlaşıb ani olaraq əlini avtomobilin içinə atıb avtomobilin açarından tutduğu üçün aralarında qısa müddətli anlaşılmazlıq olmuşdur. Bundan sonra avtomobildən düşərək YPX-nın əməkdaşına qaçmaq fikri olmadığını, əgər qaçmaq fikri olsaydı avtomobili saxlamadan çıxıb gedə biləcəyini demişdir. Baş vermiş anlaşılmazlıqlar aradan qaldırıldıqdan sonra polis əməkdaşlarının dəvəti ilə izahat vermək üçün polis şöbəsinə getmiş, şöbədə avtomobili sərxoş və etibarnaməsiz idarə etdiyini, həmçinin texniki baxışdan keçirmədiyini etiraf etmişdir. YPX-nin əməkdaşları onun barəsində İXM-nın 339.1-1, 332.1 və 333.1-ci maddələri ilə inzibati xəta haqqında protkol tərtib etmiş və 400 manat məbləğində cərimə edilmiş, avtomobili isə duracaqda saxlamışlar. Bundan sonra polis əməkdaşları əsassız yerə onun barəsində İXM-nın 535.1-ci maddəsilə də inzibati xəta haqqında protokol tərtib etdiklərini görmüş və öz etirazını bildirməsinə baxmayaraq bunun bir nəticəsi olmamışdır. Polis şöbəsində 535.1-ci maddəsi ilə prokokol tərtib edilərkən normal yazı yaza bilmədiyi üçün başqa şəxs tərəfindən yazılan izahata imza etmiş, lakin izahatda yazılanları oxumamışdır. Hesab edir ki, barəsində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilən inzibati xəta haqqında protokol əsassızdır. Bütün bunları nəzərə alaraq barəsində ədalətli qərara qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib edən və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, hərəkətində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Belə ki, Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə yaranır. Hazırki işdə barəsində inzibati xəta haqqında işə baxılan şəxs Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasını təsdiq edən heç bir sübut iş materillarına əlavə edilməmiş, habelə məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi İ.Ə.Sadıqov da izahatında Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasını görmədiyini, protokolu YPX-nın əməkdaşı Ülvi Süleymanovun raportuna əsasən təqdim etdiyini bildirmişdir. Ona görə də, onun inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün heç bir əsas yoxdur. İşə əlavə edilmiş, inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs İXM-nın 339.1-1, 332.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətdiyinə görə 400 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasənbu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsŞəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar