Məhkəmə qərarları › İş №3(041)-313/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-313/2025

08.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-313/2025 08.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X6, Məhkəmə iclas katibi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi, Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cü il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Kürdəmir rayonu, Qarasaqqal kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş, xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə, saat 23 radələrində sərxoş vəziyyətdə X1 işlədiyi YDM-nə gələrək ayrı-ayrı şəxslərin, o cümlədən onu intizama dəvət edən polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söymüş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir rayon polis şöbəsindən daxil olmuş, xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sərxoş vəziyyətdə xx.xx.2025-ci il tarixdə saat 23 radələrində X1 işlədiyi YDM-nə onu intizama dəvət edən xidmətdə olan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İXM-nın 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır Məhkəmə iclasında Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi X5 tərtib etdiyi inzibati xəta haqqında protokolu əsaslandırmaq üçün məhkəməyə verdiyi izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə Kürdəmir rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kapitanı Allahverdi Osmanov, İTB-nin polis sahə rəisi polis mayoru İbrahim Sadıqov və rayon PŞnin ƏRQ-nun operatoru polis kiçik serjantı Cahid Nağıyevlə əməliyyat istintaq qrupunda xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşları xidmətdə olarkən Kürdəmir şəhəri Cənub məhəlləsində yaşayan X2 rayon PŞ-nə ərizə ilə müraciət edərək Kürdəmir şəhər sakini Elsevər adlı şəxsin xx.xx.2025-ci il tarixdə saat 23 radələrində sərxoş vəziyyətdə onun işlədiyi YDM-nə gələrək onları söyüb təhqir etdiyini və yeməkxananın qapısının şüşəsini təpiklə vuraraq sındırdığını bildirmişdir. Qarakişi Abışovun ərizəsi ilə əlaqədar olaraq hadisə yerinə polis əməkdaşları yollandı. Elsevər adlı şəxs YDM-də sərxoş vəziyyətdə nəlayiq söyüşlər söydüyünə görə onu nizam-intizama dəvət etsələr də Elsevər adlı şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərini davam etdirdiyi üçün saxlanılaraq rayon PŞ-nə gətirilmiş, izahatı alınmış və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Kürdəmir Qarasaqqal kəndində yaşayır, subaydır. xx.xx.2025-ci il tarixdə saat 23 radələrində Yanacaq doldurma məntəqəsinin kafesində əvvəlki iş yoldaşı ilə görüşə gedib, yeyib-içib, spirtli içki qəbul etdikdən sonra özündə olmamışdır. Sərxoş vəziyyətində olduğu üçün etdiyi hərəkətləri xatırlamır. Gözləmədiyi anda polis əməkdaşları içəri daxil olaraq onu Kürdəmir rayon Polis şöbəsinə dəvət etdikdə, polisin qanuni tələblərinə tabe olmamışdır. Əməlindən peşmandır, polis əməkdaşlarından üzr istəyərək bağışlanmasını istəmişdir. Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İşə əlavə edilmiş, xx.xx.2025-ci il tarixli protokollardan məlum olur ki, həmin tarixdə İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib olunmuş inzibati xəta haqqında protokollarla tanış edilmiş, protokollarla razı olaraq imzalamış və izahat vermişdir. İşə əlavə edilmiş, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə haqqında xx.xx.2025-ci il tarixli 126 nömrəli protokoldan görünür ki, Şəxs içkili, orta alkoqol sərxoşluğu müəyyən edilmişdir. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakını məhv edilməsi və ya zədələməsi ilə müşaiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı Şəxs Yanacaq doldurma məntəqəsində gecə saat 23 radələrində ictimai qaydanı pozan hərəkətləri ilə və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması ilə bağlı törətdiyi inzibati xəta özünün etirafı, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokollarla və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, törətdiyi inzibati xətalara görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə barəsində daha ciddi xəta hesab edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli onun inzibati qaydada tutulduğu gündən, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı, qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilməlidir. İş materiallarına əlavə edilmiş, xx.xx.2025-ci il tarixli, AZA000617 nömrəli inzibati qaydada tutuma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il saat 02.00-da inzibati qaydada tutulmuş, azad edilməsi qrafasında imzalar, tutulan şəxsin azad edilərkən iradının olmaması göstərilsə də, tarix və saat göstərilməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Şəxs inzibati qaydada tutulduğu və azad edildiyi müddəti dəqiq müəyyən etmək mümkün olmadığından, Azərbaycan Respublikasının İXMnin 30.3-cü maddəsinə əsasən Şəxs inzibati qaydada tutulduğu 1 (bir) gün müddət nəzərə alınmalı, ona təyin ediləcək inzibati həbs cəzasının əvvəli, qərar qəbul edildiyi vaxtdan hesablanmalıdır. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə daha ciddi xəta hesab edilən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikasının İXM-nin 30.3-cü maddəsinə əsasən Şəxs inzibati qaydada tutulduğu 1 (bir) gün müddət nəzərə alınmaqla üzərində qəti olaraq 9 (doqquz) gün müddətə inzibati həbs tənbeh tədbiri saxlanılsın. İnzibati həbs etmənin əvvəli 8 aprel 2025-ci il tarixdən saat 18:30-dan hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar