Məhkəmə qərarları › İş №3(041)-378/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-378/2025

13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-378/2025 13.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Şahbazova Göyçək Akif qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs, zərərçəkmiş şəxslər X11 və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Kürdəmir rayonu, Muradxan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Kürdəmir rayonu, Muradxan ərazi dairəsi, Sor-Sor kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir Rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 338.7-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İnzibati xəta haqqında materiala əsasən, xx.xx.2024-cü il tarixdə saat 22:00 radələrində Kürdəmir-İmişli yolunun Kürdəmir rayonu, Atakişili kəndi ərazisində, X5 məxsus, saxlaması üçün X2 təhvil verdiyi nəzarətsiz qaydada otlayan bir baş camış həmin yolda 60-70 km/saat sürətlə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 2107 markalı **- CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxaraq toqquşmuş, nəticədə avtomobildə sərnişin qismində əyləşmiş X3 mil və dirsək sümüklərinin orta 1/3-nin sınıqları, hər iki tərəf üz sümüklərinin sınığından ibarət dərəcəsinə görə Az ağır xəsarətləri alması, X6 isə alının, üzün, sağ gözaltı nahiyyənin və hər iki əlin üst hissəsinin sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarət alması və idarə etdiyi VAZ 2107 markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2625 manat ziyan vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Şəxs Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdməsinə görə onun barəsində xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati protokol tərtib edilmiş və toplanmış material protokolla birlikdə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 izahat verərək bildirdi ki, zərərçəkmiş Zərərçəkmiş şəxs tanımır və onunla heç bir münasibəti olmamışdır. X8 da onun həmkəndlisidir. Ağa kimdir ki, onun mal-qarasını saxlasın, onun özünün mal-qarası vardır və onları öz fermasında saxlayır. Ağa camışı nəzarətsiz buraxdığı üçün avtomobillərə və şəxslərə ziyan dəymişdir və buna görə məsuliyyətini dərk edərək ona böhtan atır. O, barəsində tərtib edilmiş protokolu qəbul etmir. Onun heç bir günahı yoxdur. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə atasına məxsus “VAZ 2107”1 markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobillə dayısının ildönümündən Kürdəmir şəhərinə gələrkən Kürdəmir-İmişli yolunun Atakişili kəndi ərazisindən keçəndə qarşıdan bir tır maşını, arxasınca da 2 ədəd kiçik maşın keçmiş, bundan sonra qəflətən idarə etdiyi avtomobilin qarşısına 1 baş camış çıxaraq onun üçün təhlükə yaratmış, həmin təhlükə yaranandan sonra camışla toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. O, heyvanın asfalta qaçmasını görməmiş, bəlkə də də heyvan elə yolun ortasında olmuşdur. Ancaq o, heyvanı anidən görmüşdür. Həmin vaxt o, avtomobili 60 km/saat sürətlə idarə etmişdir. Zərbədən heyvanı təxminən dörd metr qarşıya sürüşmüşdür. Həmin vaxtı avtomobildən yanında X11 olmuşdur. Hadisə zamanı özü və Həsən bədən xəsarətləri almış avtomobilə də maddi ziyan dəymişdir. Hadisə baş verən zaman hava qaranlıq olmuş, camışın yanında heç kim olmamışdır. Sonradan öyrənmişdir ki, həmin heyvan Ağaya məxsusdur. Ağanın oğlu heyvanın onların olmasını desə də sonra Ağa heyvanın onun olmadığını demişdir. Sonradan isə heyvanların onun olmasını, 5 baş heyvanı otarmaq üçün Akifə verdiyini demişdir. Dəymiş maddi ziyanın ödənilməsini istəyir. X1 məhkəmə iclasında izahatında bildirdi ki, o, Veysəloğlu MMC-də vitrinə nəzarətçi işləyir. Kürdəmir rayonu, Söyüdlər kəndindən babasının ildönümüdən qohumu Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 2107”1 markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobillə qayıdanda hadisə baş vermişdir. Həmin vaxt gecə 10-11 radələri olardı. Qarşıdan təxminən 50-100 metr məsafədən bir tırı görmüş, o gəlib keçərkən güclü işığı olduğundan yolu görmək mümkün olmamış, ardınca da ard-arda iki balaca avtomobil keçmişdir. Həmin avtomobilləri keçdikdən sonra, anidən bir heyvan iti sürətlə yola çıxmış. O, heyvanın asfalta qaçmasını görməmişdir. Maşınla heyvan toqquşmuş, zəbədən huşunu itirmişdir. Gözünü açanda çoxlu adam yığışdığını görmüşdür. O, yaralanmış, müalicə almış, əməliyyat olunmuş, üzünə implant yerləşdirilmişdir. İndi də implant çıxarılmalıdır. Dəymiş ziyanın ödənilməsini istəyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında göstərdi ki, ona kəndçisi Ağa Mirzəliyev camışının avtomobil vurduğunu deyib. Aradan bir neçə gün keçdikdən sonra Akif Adıgözəlov gələrək onunun adının polisdə şahid kimi yazıldığını demişdir. O, heç bir polis, müstəntiq görməmiş, heç vaxt Kürdəmir RPŞ-yə çağırmayıblar, ondan izahat alınmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 izahatında göstərdi ki, o, heç bir polis, müstəntiq görməmiş, ondan polis əməkaşları tərəfindən izahat alınmamış, heç vaxt onu polis şöbəsinə dəvət etməyiblər. O, Akif Adıgözəlovla qonşu, Ağa Mirzəliyevlə də dayı oğludur. Zərəçəkmişləri tanımır. O, sadəcə Ağanın heyvanının maşın tərəfindən vurulmasını eşitmişdir. Ağa Mirzəliyev ona bir kağız gətirərək ondan imza etməsini xahiş etmiş, o da imzalamışdır. O kağızda nə yazıldığı barədə məlumatı yoxdur. İş materiallarında olan onun tərəfindən yazılmış izahatı Ağa Mirzəliyevin ona imzalatdırdığı həmin kağızdır. Məhkəmə izahatları dinləyib iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə materiallar istintaq orqanına göndərilməklə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2025-ci il tarixli, 8/2517 nömrəli rəyinə görə təhqiqat tərəfindən göstərildiyi kimi təhlükə yaranan andan toqquşmaya kimi 2 saniyə vaxtın keçməsi şəraitində VAZ-2107 markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində hadisənin qarşısının alınması ilə əlaqədar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Təhqiqat tərəfindən göstərildiyi kimi təhlükə yaranan andan toqquşmaya kimi 3 saniyə vaxtın keçməsi şəraitində VAZ-2107 markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X15 canlı şəxsin espertizasına dair 428 saylı xx.xx.2024-cü il tarixli rəyinə əsasən X7 bədən səthində aşkar olunan xəsarətlər- sağ mil və dirsək sümüklərinin orta 1/3-nin sınıqları. Hər iki tərəf üz sümüklərinin sınığı. Göstərilən xəsarətlər küt əşya təsirindən törənmişdirlər, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə avtoqəza nəticəsində əmələ gəlməyə uyğundurlar. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. HK-1/1480 nömrəli material üzrə xx.xx.2024-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış qaranlıq vaxtı aparılmışdır. Hadisənin növü avtomobilin heyvan vurmasıdır. Yol-nəqliyyat hadisəsi yeri Kürdəmir-İmişli yolunun Kürdəmir rayonu istiqamətində yolun sağ kənarından 3,5 metr məsafədə yerləşir. Yol hərəkət hissəsi düz, örtüyün növü asfalt-beton, vəziyyəti qurudur. Yol örtüyünün eni 9 metr, hərəkət zolaqlarının sayı 2, hərəkət hissəsinin eni 4,5 metr, hərəkət hissəsində 1.6 üfüqi nişanlanma xətti vardır. Yol (küçə) işıqlandırılmır. VAZ 2107 avtomobili yolun hərəkət hissəsində üzü Kürdəmir rayonu istiqamətində dayanmışdır. Hadisə yerində şinlərin izləri, tormozlama izi yoxdur. Hadisə yeri sürücü Zərərçəkmiş şəxs tərəfindən göstərilmişdir. HK-1/1480 nömrəli materialdan görünür ki, xx.xx.2024-cü il tarixli izahatında sürücü Zərərçəkmiş şəxs izahatında avtomobili 60-70 km/sürətlə idarə etdiyini, bir baş iribuynuzlu heyvanın qəflətən onun idarə etdiyi avtomobilin qarşısına çıxdığını, heyvanı təxminən 3-5 metr məsafədən gördüyünü, heyvanın sürətlə qaçdığını, heyvanı vurmamaq üçün avtomobili sola, yolun qarşı istiqamətində çəkdiyini, lakin hadisənin qarşısını ala bilmədiyini göstəmişdir. Həmin izahatdan təxminən altı ay sonra, yəni xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs izahatında müstəntiqin “... sizin üçün təhlükə yaranan andan toqquşmaya kimi 2 və ya 3 saniyə keçməsi barədə nə deyə bilərsiz?” sualına “... həmin təhlükə yaranandan sonra 2 saniyədən az müddətdə camışla toqquşdum” cavabını vermişdir. xx.xx.2024-cü il tarixli ərizəsində həmin vaxt VAZ-2107 markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olan X11 xx.xx.2024-cü il tarixli ərizəsində sürücü Zərərçəkmiş şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsini xahiş etmiş, heyvan sahibindən şikayətçi olduğunu bildirmiş, xx.xx.2024-cü il tarixli ifadəsində Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermişdir. HK-1/1480 nömrəli materialdan həmçinin görünür ki, Kürdəmir RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X13 tərəfindən xx.xx.2025-ci il tarixli qərarla Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.1 və 263-1.1-ci maddəsi ilə cinayət işi başlanması rədd edilmişdir. Həmin qərar Kürdəmir rayon prokurorunun xx.xx.2025-ci il tarixli qərarı ilə ləğv edilmiş, qərarda ekspert rəyinin təsviri hissəsində qeyd edilən müddətlərin ekspert vəsatətinə cavab məktubunda göstərildiyi, lakin iş materiallarında qeyd edilən cavab məktubunun olmadığı, həmçinin ekspert vəsatətinə cavabın hansı arqumentlər əsasında yazıldığının müəyyən edilmədiyi vurğulanmışdır. Bundan sonra Kürdəmir RPŞ-nin İB-də VAZ-2107 markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurulmuş heyvanın kim tərəfindən saxlanması barədə şahidlər dindirilmiş, VAZ-2107 markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürüsü barədə cinayət işinin başlanması rədd edilmişdir. Materiala izahatları əlavə edilmiş iş üzrə şahid qismində dindirilmiş X12 və X14 məhkəmə iclasında iş materiallarında olan izahatlardakı imzaların onlara məxsus olduğunu qəbul etsələr də heç vaxt Kürdəmir RPŞ-nə çağırılmadıqlarını, onlardan polis əməkdaşlarının izahat almadığını, həmin izahatları təsdiq etmədiklərini bildirmiş, şahid Ayaz Kərimov evdə olarkən hadisə nəticəsində ölmüş heyvanın sahibi Şəxs xahişi ilə evdə kağız imzaladığını, lakin onun məzmunundan xəbəri olmadığını bildirmişdir. İş materiallarından görünür ki, hadisə baş verən yerdə sürət həddi müəyyən edilməmiş, VAZ-2107 markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə zamanı sürətinin müəyyən edilməsi üçün lazımı istintaq hərəkətləri həyata keçirilməmiş, avtomobilin sürəti yalnız sürücünün izahatına əsasən müəyyən edilmişdir. Həmçinin VAZ-2107 markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürüsünün ifadəsinin yerində yoxlanması keçirilməmiş, hadisənin hansı şəraitdə baş verməsi ətraflı aydınlaşdırılmamış, yalnız sürücünün izahatları əsasında hadisənin baş vermə mexanizmi müəyyən edilmişdir. Təhqiqat materiallarında sürücünün hərəkəti üçün təhlükənin 01 baş iribuynuzlu heyvanın yolun sağ kənarından qaçaraq hərəkət hissəsinə daxil olduğu andan yaranması və həmin andan heyvanın vurulmasına 2-3 saniyə vaxt keçdiyi göstərilsə də həmin xüsusatlar zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdiyi izahatlarla ziddiyyət təşkil etmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin tərkib əlamətləri olub-olmamasını müəyyən etmək üçün tam, hərtəfəli və obyektiv araşdırılma aparılmamış, sübutların toplanması, yoxlanılmasına dair qanunvericiliyin tələblərinə kifayət qədər əməl edilmədən hazırki protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Azərbaycan Respubliaksı İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsinə əsasən, icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Həmin Məcəllənin 114.1.-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1. inzibati tənbeh vermə haqqında; 114.1.2. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında; 114.1.3. inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında; 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar aşağıdakı hallarda çıxarılır: 114.2.1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda; 114.2.2. bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə; 114.2.3. inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə; 114.2.4. bu Məcəllənin 16.2-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya (kollegial orqana) göndərildikdə. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 48-51, 53, 55,114.2.3, 115,128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs barəsində xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati xəta haqqında işdə cinayətin əlamətləri olduğundan inzibati xəta haqqında material Kürdəmir rayon prokurorluğuna göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar