Məhkəmə qərarları › İş №3(041)-40/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-40/2023

10.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-40/2023 10.01.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X4, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmklə məşğul olan, Kürdəmir rayonu Atakişili kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş, xx.xx.2023-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Cəfərov X3 rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-474/2019 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru M.R.Şirnaliyev inzibati xəta haqqında protokolu əsaslandırmaq üçün məhkəməyə verdiyi izahatında bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-474/2019 saylı icra vərəqəsinə əsasən tələbkar Zərərçəkmiş şəxs mülkiyyətində olan fərdi yaşayış evinin arxa divarına bitişik halda, ara məsafəsi saxlanılmadan mişar daşından hörülmüş hasar borclu Şəxs tərəfindən sökülməsi qət edilmişdir. İcra sənədi icra edilməsi üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmiş, borcluya bildiriş göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borcluya müxtəlif vaxtlarda məktublar göndərilmiş, Kürdəmir rayon icra və probasiya şöbəsinə dəvət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar dəfələrlə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icra sənədini icra etməkdən yayınmışdır. İnzibati xəta haqqında protokol məhkəmənin icraatına daxil olduqdan sonra borclu Şəxs icra sənədində göstərilən tələbi tam şəkildə icra etmişdir. Odur ki, tərtib etdiyi inzibati xəta haqqında protokolla bağlı qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Kürdəmir rayonu Atakişili kəndində yaşayır, barəsində olan icra sənədindən məlumatı var, əvvəllər borclu ilə münasibətləri yaxşı olmadığı üçün icra sənədini icra etmək istəməmişdir. Barəsində tərtib edilən inzibati xəta haqqında protokol məhkəmənin icraatına daxil olduqdan sonra tələbkar Zərərçəkmiş şəxs mülkiyyətində olan fərdi yaşayış evinin arxa divarına bitişik halda, ara məsafəsi saxlanılmadan mişar daşından hörülmüş hasarı sökərək icra sənədini icra etmişdir. Şəxs izahatının sonunda göstərdiyi halları nəzərə alaraq, icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-474/2019 saylı icra vərəqəsində göstərilən tələb, yəni mülkiyyətində olan fərdi yaşayış evinin arxa divarına bitişik halda, ara məsafəsi saxlanılmadan mişar daşından hörülmüş hasar borclu Şəxs tərəfindən sökülmüş, lakin həmin hasarın aşağısı bir daş hündürlüyündə sökülməmişdir. Hesab edir ki, icra sənədi üzrə borclu söküntü işlərini qətnamədə göstərilən qaydada tam icra etməmişdir. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki iş üzrə, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(043)-474/2019 saylı icra vərəqəsində göstərilən tələb, tələbkarın mülkiyyətində olan fərdi yaşayış evinin arxa divarına bitişik halda, ara məsafəsi saxlanılmadan mişar daşından hörülmüş hasarın borclu Şəxs tərəfindən sökülməsindən ibarətdir. Borclunun barəsində tərtib edilmiş protokola məhkəmədə baxılana qədər hasar borclu Şəxs tərəfindən sökülmüş və söküntüdən sonrakı vəziyyəti göstərən fotoşəkillər borclu tərəfindən məhkəməyə təqdim edilmiş və işə əlavə edilmişdir. Ona görə də, hazırki vəziyyətdə borclunun inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İşin şərh edilən hallarına görə Şəxs hərəkətlərində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta halları yoxdur və bu səbəbdən də, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar