Məhkəmə qərarları › İş №3(041)-411/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-411/2024

23.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-411/2024 23.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X5, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2, tələbkar X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, sürücülük fəaliyyəti ilə məşğul olan, Kürdəmir rayonu Dəyirmanlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN1480672 nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandırmaq üçün bildirdi ki, 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli, **********306100 nömrəli icra sənədinə əsasən borclu Şəxs 8908.50 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmiş, borcluya bildiriş göndərilmiş və şöbəyə dəvət edilərək izahatı alınmış, lakin bu günə kimi icra sənədi borclu tərəfindən icra edilməmiş və heç bir məbləğdə ödəniş olunmamışdır. Azərbaycan Respublikası DİM BDYPİ-dən alınmış nəqliyyat vasitələrinin kompüter çıxarışından müəyyən edilmişdir ki, borcu Şəxs adına «KAMAZ 5511 minik» markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı və “SHAAN Xİ SX 3254J5384 YÜK” markalı, **- BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdan keçmişdir. Tələbin sözügedən əmlaklara yönəldilməsi üçün üzərinə həbs qoyulması məqsədilə təqdimatla Kürdəmir rayon məhkəməsinə müraciət olunmuş və məhkəmənin 8(041)-58/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə sözü gedən avtomobilin üzərinə həbs qoyulmuşdur. Hazırda borcu avtomobilləri onlara təqdim etmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli, **********306100 nömrəli icra sənədinə əsasən ondan 8908.50 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Sözü gedən qərardan narazıdır, qərar ona yeni təqdim edilib, həmin qərar onun barəsində deyil işlədiyi idarə barəsində qəbul edilməli idi, bununla bağlı adiyyəti yerlərə müraciət etmiş, hazırda müraciətinin cavablarını gözləyir. Bundan əlavə Kürdəmir rayon məhkəməsinin 8(041)-58/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından şikayət vermiş və şikayətinə hazırda Şirvan Apellyasiya Məhkəməsində baxılır. Bütün bunlara baxmayaraq icra məmuru onun barəsində inzibati xəta haqqında protokol tərtib etmiş və baxılması üçün məhkəməyə göndərmişdir. Odur ki, qaldırılan məsələ ilə bağlı ədalətli qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Tərəflərin izahatından və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixli MN1480672 nömrəli inzibati xəta haqqında protokol Şəxs tərəfindən Kürdəmir rayon məhkəməsinin 8(041)-58/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadını icra etmədiyi, yəni üzərinə həbs qoyulmuş sahibliyində olan avtomobilləri icra məmuruna təqdim etmədiyi üçün tərtib edilmişdir. Halbuki, həmin qərar ondan apellyasiya şikayəti verildiyi üçün qanuni qüvvəsini almamış, şikayətlə bağlı hazırda Şirvan Apellyasiya Məhkəməsi tərəfindən qərar qəbul edilməmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. İşin yuxarıda şərh edilən halları barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi hallar öz təsdiqini tapmadığına görə onun inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda şərh olunanları nəzərə alaraq hesab edirəm ki, Şəxs hərəkətlərində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında göstərilən inzibati xəta halları yoxdur və bu səbəbdən də, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar