Məhkəmə qərarları › İş №3(041)-421/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-421/2025

12.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-421/2025 12.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, məhkəmə iclas katibi Şahbazova Göyçək Kamil qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Kürdəmir Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşqul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, X7 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən X7 barəsində İXMin 510 və 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli və xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Kürdəmir Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X8 izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 08:00 radələrində Kürdəmir rayon Karrar kəndi ərazisində yerləşən 721 saylı YPX-nin stasionar postunda BDYPİ-nin polis əməkdaşları xidmətdə olarkən “Azsamand” markalı **-BL-*** dövlət qeydiyyat nömrəli avtomobil ödənməmiş cərimə borcu ilə bağlı saxlanılmışdır. Avtomobili idarə edən sürucüyə yaxınlaşaraq özlərini təqdim etmiş və sənədlərini təqdim etməsini xahiş etmişlər. Sürücü üzərində sənədlərinin olmadığını bildirmiş, bundan sonra sürücünü sənədlərinin bort kompyuterdə yoxlanılması üçün stasionar posta dəvət etmişlər. Sürücünün sənədləri bort kompyuterdə yoxlanılmış, sürücü Göygül şəhəri Nizami küçəsi ev 3-də qeydiyyatda olan Şəxs sürücülük hüququ olmadığı və bu inzibati xətanı il ərzində təkrar törətməsi müəyyən edilmişdir. Bununla bağlı sürücüyə inzibati protokol tərtib edilmiş və nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilmişdir. Sonra sürücü avtomobildə xəstəsi olduğunu əsas gətirərək avtomobilinin buraxılmasını tələb etmiş, buraxılmayacağı təqdirdə avtomobili yandıracağını bildirmişdir. Ona dəfələrlə izahat verilməsinə baxmayaraq həmin şəxs bu dəfə nalayiq ifadələrlə polis əməkdaşlarını təhqir etməyə başlamışdır. O, nizamintizama dəvət edilsə də öz əməllərini davam etdirərək avtomobilin üzərinə benzin tökərək yandırmağa cəhd etdmişdir. Həmin şəxs əməllərinə davam etdirdiyinə görə bu barədə Kürdəmir RPŞ-nin növbətçi hissəsinə məlumat verilmiş, stasionar postda yaxınlaşan Kürdəmir RPŞ-nin əməliyyat istintaq qrupunun köməkliyi ilə həmin şəxs Kürdəmir RPŞ-nə gətirib növbətçi hissəyə təhvil verilmişdir. Şöbənin inzibati binasında X4 izahatı alınmış, İXM-in 510 və 535.1-ci maddələri ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanların nəzərə alınaraq, məhkəmədən X4 inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 izahat verərək bildirmişdir ki, o, polis əməkdaşlarına tabesizlik göstərməmiş, özünü İXMnin 510-cu maddəsi ilə təqsirli bilir. O, özünə məxsus “Azsamand” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göygöl rayonundan Bakı istiqamətində hərəkətdə olarkən YPX-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları özlərini təqdim etmişlər. Daha sonra onlar tərəfindən avtomobilin ödənilməyən cərməsinin olduğunu və həbsdə olduğunu, həmçinin sürücülük hüququnun olmadığı müəyyən edilmişdir. Sonra avtomobili mühafizə olunan duracağa yerləşdirilmişdir. O da xəstəsi olduğunu, getmək istədiyini və avtomobili vermələrini demişdir. Bu zaman aralarında mübahisə yaranmışdır. Həmin yerə PPX-nın əməkdaşları gəlmiş və onu məcbur avtomobilə mindirən zaman başından vurmuşlar. O da əsəbləşərək nalayiq ifadələr işlətməyə başlamışdır. Sonda o, Vətən müharibəsi iştirakçısı olduğunu və 2-ci qrup əlil olduğunu bildirərək məhkəmədən barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X2 oğlu izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə BDYPİ –nin YPX alayının 7-ci tağımından RPŞ-nin növbətçi hissəsinə daxil olmuş telefon zəngi ilə bağlı saat 08:40-da əməlliyat qrupunun üzvləri ilə birlikdə 721 saylı YPX-nin stasionar postunda yaxınlaşmış, orada 3 nəfər qadının duracaqda dayandığını görmüş, yaxınlaşmış, özlərini təqdim etmişlər. Bir nəfər şəxs qazi olduğunu, Göygöldə onu heç kimin saxlamadığını bildirmişdir. Ona vəsiqəsini təqdim etməsini dedikdə, heç bir sənəd təqdim etməmişdir. Sonra o, avtomobilini yandırmağa cəhd etmişdir. Tərəflərindən Şəxs ilə profilaktiki söhbət aparılsa da o öz əməllərini davam etdirmişdir. Polisin qanuni tələbinə əməl etməmişdir. Məcburi onu avtomobilə mindirmişlər, sonra o nalayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra Şəxs RPŞ-nə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş BDYPİ-nin YPXA-nin 7-ci tağımının YPX inspektoru, polis serjantı X5 şahid qismində dindirilmiş X2 ilə ümumən eyni məzmunlu izahat verərək, izahatında X4 polis şöbəsinə əvvəlcə getmək istəmədiyini, sonra isə onu polis şöbəsinə apardıqlarını, həmin vaxt onun nalayiq ifadələr işlətdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X7 xx.xx.2025-cü il 721 saylı YPX postunda küçədə nalayiq ifadələr işlətmiş, İXM-in 510 maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2025-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X7 xx.xx.2025-cü il tarixdə 721 saylı YPX postunda polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, İXM-in 535.1 maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-cü il tarixli, AZA № 000636 nömrəli inzibati qaydada tutuma haqqında protokoldan görünür ki, X7 xx.xx.2025-cü il tarixdə saat 10:00da inzibati qaydada tutulmuşdur. CMS-“AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi ilə verilmiş sorğuya cavabdan görünür ki, X7 Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 02-ci qrup əlildir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, X7 barəsində Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən İXM-in 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollar əsaslıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, şahidlərin ifadələri, məhkəmə iclasında tədqiq edilən DVD disk, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 məhkəmə iclasında verdiyi qismən etirafedici izahat və digər iş materialları ilə onun İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6-cı maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə X4 Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 02-ci qrup əlil olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1 və 156.2-ci maddələrinin həmin Məcəllənin 30.2, 610-618-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 22 dekabr 2021-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum qərarında izah edilmişdir ki, ...hərbi qulluqçular Vətən qarşısında borclarını yerinə yetirən şəxslər olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında, Vətən uğrunda gedən döyüşlərdə, habelə dövlətimizin müdafiəsi və təhlükəsizliyinin təmin edilməsində müstəsna xidmətlərə malik ola bilərlər. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu vurğulamağı vacib hesab edir ki, hərbi xidmət əleyhinə inzibati xətaları törətmiş şəxslər barəsində məhkəmələr tərəfindən tənbeh tətbiq olunarkən onların yuxarıda qeyd olunan xüsusi xidmətləri, bununla əlaqədar Azərbaycan Respublikasının dövlət təltifləri ilə təltif olunmaları, habelə şəxsiyyətini xarakterizə edən müsbət hallar İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq yüngülləşdirici hal qismində nəzərə alınmalıdır. X4 əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 510-cu madəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nın 31.4-1-ci maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 sentyabr 2020-ci il tarixli qərarına əsasən İXM-in 34.3-cü maddəsində şəxsin məhz eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydası müəyyən olunmuşdur. Həmin maddəyə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bu hal inzibati xətaların ideal məcmusunu ehtiva edir. Belə ki, maddənin məzmunundan göründüyü kimi, bir şəxs eyni vaxtda bir neçə inzibati xəta törətdikdə, həmin xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, göstərilən işlərə baxan müvafiq orqan bu inzibati xətaların sırasından ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməlidir. Lakin bu o anlama gəlmir ki, eyni vaxtda törədilən inzibati xətalara baxan səlahiyyətli orqan yalnız daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş inzibati xətanı qiymətləndirir. İnzibati xətaya dair işlərə baxan səlahiyyətli orqan, şəxs tərəfindən eyni vaxtda törədilən hər bir inzibati xətaya ayrı-ayrılıqda qiymət verməli, bu xətaların hər birinin törədilməsində şəxsin təqsirini sübuta yetirməli, sadəcə olaraq ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya həddlərində tənbeh tətbiq etməlidir. Məhkəmə, X4 şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, barəsində İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Azərbaycan Respublikası İXM-nın 31.4-1-ci maddəsi tətbiq edilərək X4 inzibati qaydada tutulma müddəti nəzərə alınsın və üzərində qəti olaraq 150 (bir yüz əlli) manat cərimə saxlanılsın. X7 dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: RAHİD MEHDİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar