Məhkəmə qərarları › İş №3(041)-431/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-431/2025

16.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-431/2025 16.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Şahbazova Göyçək Kamil qızının katibliyi, Kürdəmir RPŞ-nin İTB-nin XÜBİ polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məğul olan, Kürdəmir rayonu Muradxan kəndində qeydiyyatda olmaqla yaşayan (Fin xxxxxxx), Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Kürdəmir RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Kürdəmir RPŞ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli və xx.xx.2025-ci il tarxli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş material daxil olmuşdur. Məhkəmə iclasında Kürdəmir RPŞ-nin İTB-nin XÜBİ polis baş leytenantı X2 izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Kürdəmir RPŞ-nin növbətçi hissəsinə rayon komissarlığı tərəfindən bir nəfər şəxsin komissarlığın inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək komissarlığın iş fəaliyyətini pozması barədə məlumat daxil olmuşdur. Qeyd olunan ünvana yaxınlaşdıqda orada bir nəfər şəxsin sərxoş vəziyyədə uca səslə nalayiq ifadələr işlədərək ictimai asayişi kobud şəkildə pozması müşahidə edilmiş, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra nizam-intizama dəvət etsələr də həmin şəxs polisin qanuni tələblərə qəsdən tabe olmayaraq qanunsuz hərəkətlərini davam etdirmişdir. Həmin şəxsi məcburi şəkildə Kürdəmir RPŞ-nə gətirilmişdir. Bundan sonra onun barəsində tərəfindən İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o komissarlığa ona məxsus sənədini götürmək üçün getmişdir. O, demək olar ki, 1 ilə yaxındır ki, həmin sənədini götürə bilməmişdir. Komissarlığa yaxınlaşmış, sənədini tələb etmiş, lakin ona əsgərlikdən qaçdığı üçün sənədinin sistemdə görünmədiyi bildirilmişdir. O da əsəbləşərək əsgərlikdən qaçmadığını, sənədinin ona təqdim edilməsini tələb etmişdir. Sonra 10 nəfər şəxsin üstünə gəldiyini görmüşdür. O, söyüş söyməmiş və nalayiq ifadələr işlətməmişdir. Həmin gün spirtli içki qəbul etməmiş, lakin bir gün əvvəl 1 litrə yaxın spirtli içki qəbul etmişdir. O, 1-ci Qarabağ müharibəsi iştirakçısı olmuşdur. Orada o, heç bir qanunsuz hərəkət etməmişdir. Polis əməkdaşları komissarlığa gələrək onu polis şöbəsinə dəvət etdikdən sonra o heç bir tabesizlik göstərmədən onlarla birlikdə Kürdəmir RPŞ-nə getmişdir. O, polis əməkdaşlarına heç bir tabesizlik göstərməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025- il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Kürdəmir rayon şöbəsinin rəisi Kürdəmir RPŞ-nin rəisinə müraciət edərək Kürdəmir rayonu Muradxan kəndində qeydiyyatda olan vətəndaş Şəxs 16 may 2025-ci il tarixdə təxminən 11 radələrində Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin binasına daxil olaraq şəxsi heyətə qarşı nalayiq və təhqiredici sözlər işlədərək şöbənin iş fəaliyyətinə maneçilik törətmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin inzibati binasında ucadan nalayiq ifadələr işlətmiş, bununla da o, İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin inzibati binasında polisin qanuni tələblərinə tabe olmamış, bununla da o, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə baxışı zamanı Şəxs polisin qanuni tələbinə qəsdən tabesizlik göstərməsi sübuta yetirilməmişdir. Belə ki, baxılan iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirini təsdiq edəcək İXM-nin 76.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin əsaslana bildiyi maddi sübutlar, şahidlərin izahatları, digər sənədlər iş materiallarına əlavə edilməmiş, məhkəməyə də təqdim edilməmişdir. Məhkəmə Şəxs istinad edilən İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində Şəxs təqsiri sübuta yetirilməmişdir. Belə ki, polis işçisinin və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərini pozma polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama hesab edilir. Məhkəmə araşdırması zamanı isə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs əməlində qanuni tələblərə qəsdən tabe olmama aşkarlanmamışdır. Eyni zamanda inzibati xəta haqqında protokol tərtib etmiş orqan isə Şəxs tərəfindən polisin qanuni tələbinə qəsdən tabesizlik göstərilməsini sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icrat aparılan şəxs Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məsuliyyətini yüngünləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata həmin hissədə xitam verilməli, İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməli və onun barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, 100 (yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar