Məhkəmə qərarları › İş №3(041)-484/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-484/2023

05.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-484/2023 05.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi ilə, xx.xx.1988-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Kürdəmir rayonu, Məhərrəmli kəndində qeydiyyatda olmaqla yaşayan (FİN 5AH0X25, AA0693868) Şəxs barəsində Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsinin kiçik inspektoru X1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli MN0316863 nömrəli inzibati xəta haqqında protokola əsasən, xx.xx.2023-cü il tarixdə 10-22 saatlarında Horadiz şəhərində keçirilən reyd zamanı Şəxs idarə etdiyi “Ford Tranzit” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobillə qeyriqanuni fəaliyyət göstərdiyi aşkar edilmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 552-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İş materiallarında olan, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Yevlax regional idarəsinin kiçik inspektorları X1 və X3 tərtib etdikləri xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə Füzuli rayonunda reyd zamanı “Ford Tranzit” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qanunsuz yükdaşıma fəaliyyəti göstərdiyi aşkar edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 40 və həmçinin xx.xx.2009-ci il tarixli, 71 nömrəli qərarlarının tələblərinə uyğun yoxlama keçirilmiş, yoxlama zamanı sürücü Şəxs qanunsuz, yəni fərqlənmə nişanı olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu aşkar olunmuş, sürücü Şəxs törətdiyi inzibati xətanın mahiyəti izah olunmuş, inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə xəbərdarlıq edilmiş, lakin S.Məmmədov inzibati xəta haqqında protokolun surətini qəbul etməkdən və protokola imza etməkdən imtina etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə görə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə, əlli manat məbləğində cərimə edilir. Hazırki iş üzrə təqdim edilmiş sənədlərdən, o cümlədən Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsinin kiçik inspektoru X1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli MN0316863 nömrəli inzibati xəta haqqında protokoldan məlum olur ki, xx.xx.2023-cü il tarixdə 10-22 saatlarında Horadiz şəhərində keçirilən reyd zamanı Şəxs idarə etdiyi “Ford Tranzit” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobillə qeyri-qanuni fəaliyyət göstərdiyi, başqa sözlə, "Fərqlənmə nişanı" olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınması halı aşkar edilmişdir. Aşkar edilmiş pozuntu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552ci maddəsinin dispozisiyasında göstərilən hallara cavab vermir. Yəni, inzibati xəta haqqında protokolda və aktda Şəxs tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olması, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsi halı göstərilməmişdir. Halbuki, "Fərqlənmə nişanı" olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınması vergi qanunvericiliyi ilə tənzimlənən məsələlərin preroqativinə aid edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən bu Məcəllənin 221.4.7-ci maddəsində nəzərdə tutulmuş "Fərqlənmə nişanı" olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Beləliklə də məhkəmə hesab edir ki, Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsinin kiçik inspektoru X1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli MN0316863 nömrəli inzibati xəta haqqında protokolda göstərilən hallar Azərbaycan Respublikasının İXM-nin 552-ci maddəsində nəzərdə tutulan inzibati xəta ilə üst-üstə düşmədiyinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar