Məhkəmə qərarları › İş №3(041)-503/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-503/2024

29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-503/2024 29.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X7, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Zərərçəkmiş şəxs X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Şahsevən kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonu Şahsevən kəndində yerləşən evində həmkəndlisi X2 döymüş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonu Şahsevən kəndində yaşayır, yaşadığı evin həyətində avtomobil təmiri ilə məşğul olur. X2 həmkəndlisi kimi tanıyır, münasibətləri yaxşı olmuşdur. Təxminən 5-6 ay əvvəl Müsübət Kərimov yol nəqliyyat hadisəsi nəticəsində əzilmiş, özünə məxsus “Daewoo Nexia” markalı avtomobilini evakuator vasitəsilə onun işlədiyi sexə gətirmiş və 400 manat təmir haqqı vermək şərtilə avtomobilin təmir edilməsini üzərinə götürmüşdür. Avtomobilə vizual baxış keçirəndən sonra avtomobilin ban nömrəsini Müsübətə verərək tələb olunan ehtiyat hissələrini göstərilən ildə buraxılmış avtomobillər üçün almasına xüsusi diqqət yetirməsini bildirmiş və ona izah etmişdir ki, müxtəlif illərdə buraxılan “Daewoo Nexia” markalı avtomobillərin ehtiyat hissələri bi-birinə uyğun gəlmir. Müsübətin aldığı ehtiyat hissələrinin avtomobilə uyğun gəlmədiyini görmüş və geri qaytararaq ban nömrəsinə uyğun ehtiyat hissələri almasını bildirmişdir. Ondan asılı olmayan səbəblərə görə avtomobilin təmiri yubanmış, buna baxmayaraq avtomobilin yarıdan çox hissəsini təmir etməsinə baxmayaraq, Müsübət ona cəmi 280 manat pul vermişdir. Qalan 120 manatı verəcəyi təqdirdə avtomobilini bir günə götürə biləcəyini demişdir. 02 may 2024-cü il tarixdə saat 18 radələrində Müsübət sərxoş vəziyyətdə onun yaşadığı evə gəlib öz narazılığını bildirmiş, aldığı ehtiyat hissələrini geri qaytara bilmədiyi üçün xərclədiyi 1500 manat pulu ondan istədiyi və onunla xoşa gəlməz rəfdar etdiyi üçün aralarında sözlə mübahisə olmuşdur. Mübahisə vaxtı Müsübət Kərimovu vurmamış, sadəcə onu özündən uzaqlaşdırmaq üçün itələmiş, ona heç bir xəsarət yetirməmişdir. Onların mübahisəsinə anası X3 gəlmiş, anasının yanında Müsübət onları hədələyərək, DİN-in 102 xidmətinə zəng edəcəyini bildirib, mobil telefonu ilə zəng edərkən anası onu yayındırmaq istərkən telefonu onun əlinə atmış və yerə düşərək ekranı çatlamışdır.Bundan sonra Müsübət cibindən başqa telefon çıxarıb zəng edəcəyini bildirdi və çıxıb evlərinə getdi. Müsübətin şikayəti əsasında Kürdəmir rayon polis şöbəsinə gedib baş verənlər barədə izahat verərək Müsübətin dediklərinin əsassız olduğunu bildirmişdir. Şəxs izahatının sonunda barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X4 izahatında göstərdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonu Şahsevən kəndində yaşayır, evlidir, sürücülük fəaliyyəti ilə məşğul olur. Şəxs həmkəndlisi kimi tanıyır aralarında ədavətləri və düşmənçilikləri yoxdur, Orxan avtomobil ustasıdır, qəzalı avtomobillərin təmiri ilə məşğul olur. Təxminən 5-6 ay əvvəl yol nəqliyyat hadisəsi nəticəsində əzilmiş, özünə məxsus “Daewoo Nexia” markalı avtomobilini evakuator vasitəsilə onun işlədiyi sexə aparmış, Orxan ona avtomobilinin təmiri üçün alınması zəruri olan ehtiyat hissələrinin siyahısını vermiş, tələb etdiyi ehtiyat hissələrini alıb təhvil verəndən 2 ay sonra Orxan ehtiyat hissələrini ona qaytararaq avtomobilə uyğun gəlmədiyini bildirmişdir. Bundan sonra ehtiyat hissələrini aldığı mağazaya aparmış, lakin 2 aydan çox müddət keçdiyi üçün mağaza həmin hissələri qəbul etməmişdir. Baş verənlərdən sonra xx.xx.2024-cü il tarixdə Şəxs yaşadığı ünvana gedərək onu aldatdığını, aradan uzun zaman keçməsinə baxmayaraq avtomobilini təmir edib ona qaytarmaması barədə öz iradlarını bildirmiş, həmin zaman aralarında gedən söhnət əsnasında Şəxs onunla xoşa gəlməz rəfdar edərək üzərinə yeriyib əli ilə onu çiynindən vurmuş, zərbənin təsirindən müqavimətini itirərək kürəyi arxa tərəfdə olan dəmirə dəymişdir. Hərəkətlərinə dözə bilmədiyi üçün məcbur olub Şəxs barəsində şikayət ərizəsi ilə Kürdəmir rayon polis şöbəsinə müraciət etmişdir. Hazırda ona dəymiş ziyanı qaytarmadığı üçün Şəxs şikayətcidir. İş materiallarına əlavə edilmiş, Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin xx.xx.2024-cü il tarixli, 195 nömrəli rəyində göstərilmişdir ki, X1 bədən səthində aşkar olunan xəsarətlər-başın təpə nahiyəsi və kürəklərarası yumşaq toxumalarında əzik, sağ əl İ-İİ barmaqlararası sahədə qançır-küt əşya təsirindən törənmiş, müddəti müayinə olunanın dediyi-xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmadığına görə dərəcələri təyin edilmir. X1 şikayəti əsasında Kürdəmir rayon polis şöbəsinin Təhqiqat bölməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs 02 may 2024-cü il tarixdə saat 18 radələrində Kürdəmir rayonu, Şahsevən kəndində yerləşən fərdi yaşayış evinin həyətində aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı həmkəndlisi X2 döyərək başın təpə nahiyəsi və kürəklərarası yumşaq toxumalarında əzik kimi sağlamlığına zərərvurmayan xəsarət yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Araşdırılan material üzrə qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarla Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Kürdəmir rayon polis şöbəsinin İTB-nə göndərilmişdir. Məhkəmə iclasında cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarın məzmunu və mahiyyəti bir daha Şəxs izah edilmiş və qərardan narazı olduğu halda ondan Kürdəmir rayon prokuroruna və ya məhkəməyə şikayət vermək hüquqları ona izah edilmişdir. Şəxs qərarla tam razı olmasa da, ondan şikayət vermək niyyətinin olmadığını bildirdi. Beləliklə, Şəxs törətdiyi əməl zərərçəkmiş şəxsin izahatı, cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarı, Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin xx.xx.2024-cü il tarixli, 195 nömrəli rəyi, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə Şəxs verdiyi izahatına tənqidi yanaşaraq hesab edir ki, o inzibati qaydada məsuliyyətə cəlb edilməkdən boyun qaçırmaq üçün törətdiyi inzibati xətanı etiraf etmir və özünün müdafiəsi üçün seçdiyi tərzdə bu məzmunda ifadə verir. Ona görə də, o Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinmməli və barəsində törətdiyi inzibati xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nın 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təqsirinin dərəcəsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmasını, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özünün həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törətməsinin qarşısını almaq məqsədini nəzərə alaraq, onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, barəsində 20 (iyirmi) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 29 may 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar