Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-556/2023 13.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X4, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəbrayıl rayonu, Göyərçin Veysəlli kəndində qeydiyyatda olmaqla hazırda Kürdəmir rayonu məcburi köçkünlər üçün tikilmiş qəsəbədə yaşayan Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Sevxanlı X3 rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-419/2023 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru R.R.Əsgərov inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandıraraq bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-419/2023 saylı icra sənədinə əsasən borclu Şəxs cəmi 4262 manat tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş, icra sənədi icra edilməsi üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra xx.xx.2023-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilmiş, borcluya bildiriş göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borcluya müxtəlif vaxtlarda məktublar göndərilmiş, Kürdəmir rayon icra və probasiya şöbəsinə dəvət edilmiş, lakin rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borcu borcunu ödəməkdən yayınmışdır. Hazırda borclunun tələbkara olan aliment borcu 4050 manat təşkil edir. Bütün bunları nəzərə alıb tərtib etdiyi inzibati xəta haqqında protokolla bağlı qanuni qərara qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 31 may 2023-cü il tarixdə icra məmuru onu Kürdəmir rayon icra və probasiya şöbəsinə dəvət etmiş və tələbin könüllü icrası haqqında bildirişi ona təqdim etmişdir. Əvvəlcə sənədin mahiyyətini başa düşməmiş, 13 iyun 2023-cü il tarixdə Kürdəmir rayon icra və probasiya şöbəsinə gəlib bildirişə əsas verən sənədlərlə tanış olarkən ona izah edilmişdir ki, bildiriş Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)- 419/2023 saylı qətnaməsinin icrası ilə bağlı icra vərəqəsinə əsasən verilmişdir və borcun ödənilməsini tələb etmiş və ondan izahat almışdır. İcra məmuruna bildirmişdir ki, həmin qətnamə ona verilməmiş, qətnamədən narazıdır, qətnaməni alıb ondan apellyasiya şikayəti verəcəkdir. İcra məmuru onun dediklərinə məhəl qoymayaraq barəsində inzibati xəta haqqında protokol tərtib etmiş və baxılması üçün məhkəməyə göndərmişdir. Həmin gün ərizə ilə Kürdəmir rayon Məhkəməsinə müraciət edib sözü gedən qətnaməni qəbzə imza etməklə almış, hazırda həmin qətnamədən apellyasiya şikayəti verəcəkdir. Bundan əlavə, icra məmuru ona heç bir sənəd göndərməmiş, icra sənədinin icrası ilə bağlı tələb irəli sürməmişdir. Odur ki, pozulmuş hüquqlarının bərpa edilməsi üçün ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-419/2023 saylı icra sənədinə əsasən borclu Şəxs cəmi 4262 manat tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda borclu tərəfindən ona heç bir məbləğdə ödəniş olunmamışdır. Borclunun sözü gedən qətnaməni alıbalmaması barədə məlumatı yoxdur, qətnamədən şikayət verməsinə, yəni qanunvericiliyin tələblərinə uyğun prosedurların keçirilməsinə etiraz etmir. Odur ki, tərtib edilən inzibati xəta haqqında protokolla bağlı qanuni qərara qəbul edilməsini xahiş etdi. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Tərəflərin izahatından və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-419/2023 saylı icra sənədinə əsasən borclu Şəxs cəmi 4262 manat tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi icra edilməsi üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra xx.xx.2023-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilmiş, tələbin könüllü icrası haqqında bildiriş 31 may 2023-cü il tarixdə imza etdirməklə borcluya təqdim edilmiş, 13 iyun 2023-cü il tarixdə Kürdəmir rayon icra və probasiya şöbəsində izahatı alınmışdır. Borclu Şəxs məhkəməyə verdiyi izahatında Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-419/2023 saylı qətnaməsininin ona çatmadığını, ərizə ilə Kürdəmir rayon Məhkəməsinə müraciət edib sözü gedən qətnaməni qəbzə imza etməklə 13 iyun 2023-cü il tarixdə aldığını və hazırda həmin qətnamədən apellyasiya şikayəti verəcəyini bildirmişdir. Məhkəmə araşdırması zamanı 2(041)-419/2023 saylı mülki işə baxış keçirilmiş, iş üzrə çıxarılmış xx.xx.2023-cü il tarixli qətnamənin cavabdeh Şəxs çatdırılması ilə bağlı heç bir sübut müəyyən edilməmişdir. Həmin qətnamənin 13 iyun 2023-cü il tarixdə məhkəmə qəbzinə imza etdirməklə Şəxs təqdim edilməsi bir daha təsdiq edilmişdir. Bundan əlavə, işə əlavə edilmiş sənədlərə əsasən Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-419/2023 saylı qətnaməsi xx.xx.2023-cü il tarixdə Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, həmin qərarın borclu Şəxs çatdırılması barədə heç bir sübut işə əlavə edilməmişdir. 31 may 2023-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş imza etdirilməklə Şəxs təqdim edilmiş, 13 iyun 2023-cü il tarixdə ondan izahat alınmış və həmin gün də barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İcra sənədinə əsas verən Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-419/2023 saylı qətnaməsinin 13 iyun 2023-cü il tarixdə Şəxs təqdim edilməsi barədə məhkəmə qəbzinin surəti işə əlavə edilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. İşin yuxarıda şərh edilən halları barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi, icra sənədinin qərəzli olaraq üzrsüz səbəbdən icra edilməməsi kimi hallar öz təsdiqini tapmadığına görə onun inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda şərh olunanları nəzərə alaraq hesab edirəm ki, Şəxs hərəkətlərində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında göstərilən inzibati xəta halları yoxdur və bu səbəbdən də, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-556/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-556/2023
13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver