Məhkəmə qərarları › İş №3(041)-559/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №3(041)-559/2025

07.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 3(041)-559/2025 07.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi ilə, Kürdəmir rayon polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 272.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş, xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2025-ci il tarixdə Kürdəmir rayon Cəyli kəndi ərazisində ov qaydalarını pozmaqla 30 ədəd zəli ovlamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Materialdan görünür ki, Şəxs barəsində toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən Kürdəmir rayon Polis şöbəsinin təhqiqatçısı tərəfindən xx.xx.2025-ci il tarixli qərarla cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilərək Şəxs Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Kürdəmir rayonu Cəyli kəndi ərazisində bir qrup şəxs ilə birlikdə ov qaydalarını pozaraq qanunsuz olaraq 30 ədəd zəlini ovlamışdır. - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibai tənbeh tədbiri görülməsi üçün qərarın surəti İTB-nə göndərilmişdir. - xx.xx.2025-ci il tarxili, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Rəsulov X1 rayonunun Cəyli kənd ərazisində tanışı ilə birlikdə 30 ədəd zəlini qadağan olunmuş müddətdə ovlamış, odur ki, barəsində Azərbaycan Respublikası İXMnin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə görə balıq və digər su bioresurslarının ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Maddənin dispozisiyasına görə əməlin inzibati xəta olması üçün aşağıdakı halların və ya onlardan hər hansı birinin mövcud olması mütləqdir: 1) balıq və digər su bioresurslarının ov etmək qaydalarının kobud şəkildə pozulması; - lazımi icazə olmadan - qadağan edilmiş yerlərdə - qadağan olunmuş müddətlərdə - qadağan edilmiş alətlərlə - qadağan edilmiş üsullarla ov edilməsi; 2) ov qaydalarının müntəzəm pozulması. Hazırki iş üzrə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun müəyyən etdi hissəsində göstərilmişdir: “Şəxs xx.xx.2025-ci il tarixdə Kürdəmir rayonu Cəyli kəndi ərazisində ov qaydalarını pozmaqla B.Mirzəyevlə 30 ədəd zəli ovlamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir” xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və eləcə də cinayət işinin başlanmasının rədd edilməsi haqqında təhqiqatçının xx.xx.2025-ci il tarixli qərarında Şəxs balıq və digər su bioresurslarının ov etmək üçün lazımi icazəsinin ("Ovçuluq haqqında" Qanunun müvafiq maddələrində müəyyən edilmiş ovçuluq bileti, üzvlük bileti və sair) olub-olmaması, zəli ovlanan su kanalının qadağan edilmiş yer hesab edilib-edilmədiyi, zəli ovu üçün icazə verilən və qadağan edilən müddətləri müəyyən edən normanın tarixi, nömrəsi və onu qəbul edən müvafiq icra hakimiyyətinin adı, qadağan edilmiş alətin adı, qadağan edilmiş hansı növ üsullardan istifadə edilmişdir, ov qaydalarının müntəzəm pozulmasını təsdiq edən sübut, ovlanmış zəlinin dəyəri və sair müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Təqdim olunmuş sənədlərdən görünür ki, Kürdəmir RPŞ tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol qanunun tələblərinə riayət edilmədən natamam şəkildə məhkəməyə verilmişdir. Bundan əlavə, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmiş, xəta haqqında protokol bundan 3 gün sonra, yəni xx.xx.2025-ci il tarixdə tərtib edilərək məhkəməyə göndərilmiş, bununla da, Şəxs həmin qərardan 10 gün müddətində şikayət vermək hüquqları pozulmuşdur. Bu səbəbdən də qeyd olunan çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 125,127 və 128-ci maddələrinə əsaslanaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana- Kürdəmir rayon polis şöbəsinə qaytarılsın. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar