Məhkəmə qərarları › İş №3(041)-586/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-586/2024

10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-586/2024 10.06.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, Kürdəmir rayon İcra və Probasiya Şöbəsinin icra məmurları X4 və X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Kürdəmir rayonunun Şilyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Kürdəmir rayonu, Şilyan kəndində qeydiyyatda olmaqla yaşayan (FİN-xxxxxxx), Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Kürdəmir rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Kürdəmir rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X4 izahat verərək bildirmişdir ki, Kürdəmir Rayon Məhkəməsinin 08 dekabr 2011-ci il tarixli, 2(041)-508/2011 saylı icra sənədinə əsasən xx.xx.2001-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2003-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli məhkəmə əmri ilə müəyyən edilən aliment miqdarı dəyişdirilərək xx.xx.2011-ci il tarixdən başlayaraq cavabdeh X1 hər ay hər uşağa görə sabit pul məbləği ilə 50 (əlli) manat miqdarında aliment tutulub ünvan 1 ünvanında yaşayan iddiaçı X6 ödənilməlidir. Qeyd olunan icra sənədi Kürdəmir rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və xx.xx.2017-ci il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş qəbul edilərək borclu Şəxs göndərilmişdir. Şəxs icra sənədi üzrə borcundan ödəniş etməmişdir. Onun yaşayış və iş yeri məlum olmadığından barəsində axtarış elan edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar tərəfindən zəruri icra tədbirləri görülməsinə baxmayaraq, Şəxs borcunu icra etmədiyi üçün, sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, borclu Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, onun uşaqları hazırda yetkinlik yaşlarına çatmışdır. Həmçinin buna qədər də o uşaqlarının saxlanılmaları üçün həmişə onlara pul göndərmiş, ancaq bunu rəsmiləşdirməmişdir. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyildir. O, hazırda Kürdəmir rayonunun ərazisində yaşamır. Kürdəmir rayon İcra və Probasiya Şöbəsindən ona göndərilmiş bildirişlər ona çatmamış, həmin bildirişlərdən xəbərdar olmamışdır. İcra məmurunun çağırışından məlumat aldıqdan sora həmin borcdan 700 manat ödəniş etmişdir. Borcunun qalan hissəsini qısa müddət ərzində ödəməyə çalışacaq. Qeyd etdiklərinin nəzərə alınaraq, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Kürdəmir Rayon Məhkəməsinin 08 dekabr 2011-ci il tarixli, 2(041)-508/2011 saylı icra sənədindən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin 08 dekabr 2011-ci il tarixli, 2(041)-508/2011 saylı icra sənədinə əsasən xx.xx.2001-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2003-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli məhkəmə əmri ilə müəyyən edilən aliment miqdarı dəyişdirilərək xx.xx.2011-ci il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay hər uşağa görə sabit pul məbləği ilə 50 (əlli) manat miqdarında aliment tutulub ünvan 1 ünvanında yaşayan iddiaçı X6 ödənilməlidir. Kürdəmir rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərarı və tələbin könüllü icrası haqqında bildirişə əsasən borclu Şəxs barəsində olan icra sənədi üzrə icraata başlanılmış və ona borcu dərhal ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. İş materiallarından görünür ki, borclu Şəxs yaşayış və iş yeri məlum olmadığından barəsində axtarış elan edilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs tərəfindən Kürdəmir Rayon Məhkəməsinin 08 dekabr 2011-ci il tarixli, 2(041)- 508/2011 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilməmiş, nəticədə Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan ********* №-li mədaxil qəbzindən görünür ki, Şəxs Zərərçəkmiş şəxs hesabına 700 (yeddi yüz) manat ödənş etmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Məhkəmə iclasında isə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli icra sənədi üzrə Şəxs yaranmış borcunu üzrsüz səbəbdən icra etməməsi və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi sübuta yetirilməmişdir. Məhkəmədə toplanmış sübutlarla müəyyən edilmişdir ki, Kürdəmir Rayon Məhkəməsinin 08 dekabr 2011-ci il tarixli, 2(041)-508/2011 nömrəli icra sənədi üzrə xx.xx.2017-ci il tarixdə icra məmuru tərəfindən icra işi üzrə icraata başlanılmışdır. Lakin, icra sənədinin icra olunması ilə bağlı borclu barəsində sonuncu dəfə axtarış elan edilməsi ilə bağlı tədbir görülmüşdür. Cari il ərzində isə icra məmuru tərəfindən icra sənədinin icra olunmaması ilə bağlı hər hansı icra tədbiri həyata keçirilməmişdir. Bundan əlavə icra sənədi üzrə borclu Şəxs tapıldıqdan sonra da, icra məmuru tərəfindən onun barəsində hər hansı bir icra tədbiri həyata keçirilməmiş, izahatı alınmış və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, borclu Şəxs borcunun 700 (yeddi yüz) manat məbləğində hissəsini ödəyərək qəbzi məhkəmə və icra şöbəsinə təqdim etmişdir. İşin yuxarıda şərh edilən halları barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi hallar öz təsdiqini tapmadığına görə onun inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün əsas yoxdur. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 113.2.1-ci maddəsinə əsasən, uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilir. Qeyd edilənlərə əsasən, məhkəmə Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq, onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Kürdəmir Rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Kürdəmir Rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar