Məhkəmə qərarları › İş №3(041)-590/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-590/2025

07.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-590/2025 07.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X6, Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Azərbaycan Avtomobil Yolları yol təmiri müəssisəsində mühəndis vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş, xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə saat 01.30 radələrində Kürdəmir rayonu, H.Əliyev prospektində uca səslə ünvanlı və ünvansız söyüşlər söyməklə ictimai qaydanı pozmuş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə ictimai qaydanı pozarkən, polisin qanuni tələblərinə tabe olmamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İXM-nın 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır Məhkəmə iclasında Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X5 tərtib etdiyi inzibati xəta haqqında protokolu əsaslandırmaq üçün bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 01.30 radələrində Kürdəmir RPŞ-nin PPXB-nün polis nəfəri polis serjantı Samir Kərimov və PPXB-nün polis nəfəri polis serjantı Ceyhun Səmədov ilə birlikdə Kürdəmir rayonu ərazisində xidmətdə olduğuqları zaman H.Əliyev prospekti adlanan ərazidə VAZ 2106 markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün maqintafonu gur səslə oxudaraq məişət-səs küyünə qarşı mübarizə qaydalarını pozduğunu görüb, saxla işarəsi verərək, inzibati qayda pozuntusunu ona izah etmişlər. Bu zaman avtomobili idarə edən sürücünün və yanındakı şəxsin ayaq üstə durmaqda çətinlik çəkdiyini, danışarkən sözləri düzgün tələffüz etmədiklərini, nəfəslərindən kəskin spirtli içki qoxusu gəldiyini hiss edib DYP əməkdaşlarını ora dəvət etmişlər. Şəxs hərəkətlərini davam etdirmiş və küçəyə çıxaraq ünvanlarına nalayiq ifadələr işlətməklə onların qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra Şəxs məcburi qaydada PPX-nin avtomobilinə oturdularaq sərxoşluğunun dərəcəsini müəyyən etmək üçün tibbi müayinəyə aparılmış, növbəti gün izahatı alınaraq, barəsində İXM-nin 510-cu və 535.1-ci maddələri inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə gətirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, ünvan 3 ünvanında yaşayır. xx.xx.2025-ci il tarixdə dostu Səbuhi ilə kafedə yeyibiçərkən spirtli içki qəbul etmiş və avtomobilinə əyləşərək Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən avtomobildə olan maqnitofonda yüksək səslə musiqi səsini eşidən polis əməkdaşları onu saxlatdırıb, özlərini təqdim etmiş, törətdiyi qayda pozuntusu barədə məlumat vermişlər. Polis əməkdaşları içkili olduğunu hiss edib onu polis şöbəsinə dəvət etsələr də, sərxoşluğu səbəbindən onların qanuni tələblərinə tabe olmayaraq, polis şöbəsinə getməkdən imtina etmişdir. Etdiyi hərəkətlərə görə sərxoşluğu keçəndən sonra səmimi peşman olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Kürdəmir RPŞ-nin post patrul xidmətinin polis nəfəri, polis serjantı X3 ifadəsində bildirdi ki, xx.xx.2025-cü il tarixdə saat 01.30 radələrində PPXB-nün polis nəfəri polis serjantı Samir Kərimov ilə birlikdə Kürdəmir rayonu ərazisində xidmətdə olduğuqları zaman H.Əliyev prospekti adlanan ərazidə VAZ 2106 markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün maqintafonu gur səslə oxudaraq məişət-səs küyünə qarşı mübarizə qaydalarını pozduğunu görüb, saxla işarəsi verərək, inzibati qayda pozuntusunu ona izah etmişlər. Lakin Şəxs hərəkətlərini davam etdirmiş və polis əməkdaşlarının ünvanlarına nalayiq ifadələr işlətməklə onların qanuni tələblərinə tabe olmamışdır. Avtomobildən düşüb işıq dirəyinə yapışaraq, uca səslə “ayılandan sonra hamınızı işdən qovduracam” və deyiləsi mümkün olmayan nalayiq ifadələr işlətməklə onlara hədə-qorxu gəlməklə qeyri-etik hərəkətlərini davam etdirməyə cəhd etmişdir. Küçədə yaranmış səs-küyün qarşısını almaq məqsədilə onu məcburi qaydada polis maşınına oturdularaq sərxoşluğunun dərəcəsini müəyyən etmək üçün tibbi müayinəyə aparmışlar. Şəxs törətdiyi inzibati xətanın audio-video çəkilişi aparılaraq, işə əlavə edilmiş diskə köçürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən Kürdəmir RPŞ-nin Post Patrul xidmətinin polis nəfəri, polis serjantı X4 da şahid X1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İşə əlavə edilmiş, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə haqqında xx.xx.2025-ci il tarixli 269 nömrəli protokolda Şəxs yüngül dərəcəli sərxoş olması müəyyən edilmişdir. İşə materiallarına əlavə edilmiş, xx.xx.2025-ci il tarixli, AZA 000711 nömrəli inzibati qaydada tutma haqqında protokoldan məlum olur ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 01.30-da inzibati qaydada tutulmuşdur. İşə əlavə edilmiş, inzibati xətanın qeydə alındığı audio və video görüntüləri məhkəmə iclasında yayımlandırılmışdır. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakını məhv edilməsi və ya zədələməsi ilə müşaiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı Şəxs ictimai qaydaları pozan hərəkətlərə yol verməsi və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması ilə bağlı törətdiyi inzibati xəta özünün etirafı, şahid ifadələri, məhkəmə iclas protokolunda qeydə alınmış audio-video görüntülər, işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, törətdiyi inzibati xətalara görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə barəsində daha ciddi xəta hesab edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə daha ciddi xəta hesab edilən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, inzibati həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə, daha ciddi xəta hesab edilən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 06 iyul 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar