Məhkəmə qərarları › İş №3(041)-599/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-599/2025

21.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-599/2025 21.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi ilə, xx.xx.1966-cı ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Sabirabad rayonu Balakənd kəndində qeydiyyatda olmaqla yaşayan (Fin-xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarxili, MN ******* nömrəli inzibati xəta haqqında protokoluna əsasən Şəxs 03 iyul 2025-ci il tarixdə Kürdəmir rayonunun Qarasaqqal kənd ərazisində tanışları ilə birlikdə zəli ovlamaqla ov etmək qaydalarının kobud şəkildə pozmuş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Şəxs işə baxılmasının yeri və müddəti barədə vaxtında məlumat verilmişdir və işə baxılmasının təxirə salınması barədə hər hansı vəsatət verilməmişdir. Odur ki, məhkəmə onun iştirakı olmadan materiala baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə 12.50 radələrində Kürdəmir rayonu Qarasaqqal kəndi ərazisində bir qrup şəxs ilə birlikdə ov qaydalarını pozaraq qanunsuz olaraq 6 ədəd zəli ovlamışdır. - xx.xx.2025-ci il tarxili, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Əhmədov X5 rayonunun Qarasaqqal kənd ərazisində tanışları ilə birlikdə zəli ovlamış, odur ki, barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. - Kürdəmir rayon polis şöbəsinin TB-nin baş təhqiqatçısı A.A.Əhmədovun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından məlum olur ki, Kürdəmir RPŞ-nin [TB-nin saha raisi polis baş leytenantı Elçin Osmanov 03 iyul 2025-ci il tarixdə Kürdəmir RPŞ-na raport yazaraq, xx.xx.2025-ci il tarixdə saat 12.50 radələrində Kündəmir rayonu Qarasaqqal kəndi ərazisində xidmətdə olarkan 2 nəfər şəxsin su kanalında zəli tutmaları tərəfindən aşkar olunaraq Kürdəmir RPŞ-nin növbətçi hissəsinə dəvət etdiyini, növbətçi hissədə həmin şəxslərin Sabirabad rayonu Balakənd kənd sakinləri X1 və X10 olması məlum olduğunu, həmin şəxslərdən ümumilikdə 36 ədəd zəli aşkar olunaraq götürüldüyünü göstərmişdir. Həmin raport əsasında tərəfindən araşdırma aparılmış, izahatlar alınmışdır. X11 izahatında qohumu X2 ilə birlikdə 03 iyul 2025-ci il tarixdə səhər vaxtı yaşadığları Sabirabad rayonundan onun VAZ-2106 markalı avtomobili ilə çıxıb Kürdəmir rayonu ərazisinə su kanallarında zəli tapmaq üçün Kürdəmirə gəldiklərini, Kürdəmir rayonu Qarasaqqal kəndi ərazisində yolun kənarında su kanalında zəli tutmağa başladıqlarını, o 6 ədəd zəli tutduğunu, X2 isə 30 ədəd zəli tutduğunu, saat 12.50 radələrində Kürdəmir rayon polis şöbəsinin əməkdaşı gəlib onları aşkar etdikdə onlara su kanalından zəli tutmalarını etiraf etdiyini, buna görə da polis əməkdaşı onlan Kürdəmir RPŞ-nə gətirdiyini, şöbədə bu barədə izahat yazdığını, həmin zəliləri özünün səhəti ilə əlaqədar tutaraq istifadə etmək istədiklərini göstərmişdir. X1 izahatında qohumu X10 ilə birlikdə 03 iyul 2025-ci il tarixdə səhər vaxı yaşadığları Sabirabad rayonundan Səbirinin avtomobili ilə çıxıb Kürdəmir rayonu ərazisinə su kanallarında zəli tapmaq üçün Kürdəmirə gəldiklərini, Kürdəmir rayonu Qarasaqqal kəndi ərazisində yolun kənarında su kanalında zəli tutmağa başladıqlarını, o 30 ədəd zəli tutduğunu, Səbiri isə 6 ədəd zəli tutduğunu, saat 12.50 radələrində Kürdəmir rayon polis şöbəsinin əməkdaşları gəlib onlam aşkar etdiklərini, polis əməkdaşına zəli tutduqlarını etiraf etdiyini, buna görə de polis əməkdaşı onları Kürdəmir RPŞ-nə gətirdiyini, bu barədə izahat yazdığını, həmin zəliləri özlərinın səhəti ilə əlaqədar istifadə etmək üçün tutduqlarını göstərmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, həmin zəlilər sağdırlar buna görə də onlar təbiətə buraxılmışdılar. Beləliklə aparılmış ilkin yoxlama zamanı müəyyən edilmişdir ki, Sabirabad rayonu Balakənd kənd sakinləri X1 va X10 03 iyul 2025-ci il tarixdə saat 12.50 radələrində Kürdəmir rayonu Qarasaqqal kəndi ərazisində su kanalından ümumilikdə 36 ədəd su bioresursu olan zəlini qanunsuz olaraq ovlamışdılar. X3 30 ədəd zəli, X12 isə 6 ədəd zəli ovlamışdır. Bununla da X11 və X4 Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsində nəzərədə tutulan inzibati xətanı törətmişlər. Onlar barəsində inzibati tədbir görünməsi üçün qərarın sürəti aidiyəti üzrə göndərilmişdir. Şəxs törətdiyi inzibati xəta hadisəsi məhkəmə iclasında tədqiq olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə görə balıq və digər su bioresurslarının ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məhkəmə sübutları tədqiq edərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 26.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Hazırki iş üzrə inzibati xəta törədən şəxsin ovçuluq fəaliyyətini həyata keçirmək üçün hüquq verən sənədin və inzibati xətanın bilavasitə obyekti olmuş predmetlərin olubolmaması müəyyən edilməmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 sentyabr 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində qanunverici müvafiq məsuliyyəti müəyyən edərkən lazımi icazə olmadan müddəası ilə ovçuluq fəaliyyətini həyata keçirmək üçün hüquq verən sənədin (ovçuluq biletinin) və ya həmin fəaliyyətə icazə verən hüquqi sənədin (ov obyektinin növü, ovlama üsulu və yeri, norması (sayı), ovun vaxtı, icazənin müddəti və şərtlərini müəyyən edən) olmamasını nəzərdə tutmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsinin normaları həmin Məcəllənin Ümumi hissəsinin normaları nəzərə alınmaqla tətbiq edilməli olduğundan, ov etmək hüququ olmayan şəxsin törətdiyi inzibati xətaya görə ona xüsusi hüququn (ov hüququnun) məhdudlaşdırılması növündə tənbehin tətbiqinin mümkün olub-olmaması məsələsinin həlli zamanı Ümumi hissənin norması kimi Məcəllənin məhz 27.1-ci maddəsinin məzmunu rəhbər tutulmalıdır. İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin məzmunundan göründüyü kimi, həm ov etmək hüququna malik ovçular, həm də belə hüququ olmayan şəxslər qeyd olunan xətanın subyekti qismində çıxış edə bilərlər. Lakin həmin maddədə müəyyən edilmiş xətaya, yəni ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə tətbiq olunacaq tənbeh növünün seçilməsi zamanı Məcəllənin başqa maddələrinin, o cümlədən 27.1-ci maddənin tələblərinə şərtsiz riayət olunmalıdır. Göstərilənlər belə nəticəyə gəlməyə imkan verir ki, İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində inzibati tənbeh növü kimi nəzərdə tutulan ov hüququnun məhdudlaşdırılması, yalnız "verilmiş xüsusi hüquq" olduğu halda, yəni "Ovçuluq haqqında" Qanunun müvafiq maddələrində müəyyən edilmiş ovçuluq bileti, üzvlük bileti və ov etmək üçün icazəsi olan şəxslərə münasibətdə tətbiq edilməlidir. Həmin hüququ olmayan şəxslər ov qaydalarını kobud şəkildə pozduqda isə İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş digər tənbeh tədbiri - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan əməlləri törədən şəxslərə münasibətdə inzibati tənbeh tətbiq edilərkən, tətbiq edilən inzibati tənbehin törədilən inzibati xətanın xarakterinə mütənasibliyi, məsuliyyətin və inzibati tənbehin fərdiləşdirilməsi prinsiplərinin tələblərinə uyğun olaraq inzibati xətanı törədən şəxsin şəxsiyyətini xarakterizə edən halların, ov qaydalarının pozulması dərəcəsinin, inzibati xətanın törədilməsində təqsirli hesab edilən şəxsin inzibati xətanı törədənədək və törətdikdən sonrakı hərəkətlərini xarakterizə edən halların nəzərə alınması mütləqdir. İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan ov qaydalarının kobud şəkildə pozulmasında təqsirli olan şəxsə ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsi həmin Məcəllənin xüsusi hüququn məhdudlaşdırılmasının tətbiqi əsaslarını tənzimləyən 27.1-ci maddəsinin hüquqi mahiyyətinə uyğun olaraq, yalnız həmin şəxsdə belə bir xüsusi hüququn (ov etmək hüququnun) olması halında mümkündür. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tədbiri tətbiq edərkən onun əməlini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xəta törədən Şəxs törətdiyi xətanın xarakterini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 1000 (bir min) manat məbləğdə inzibati cərimə tənbehi tədbiri tətbiq edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM XALİQ İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar