Məhkəmə qərarları › İş №3(041)-633/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-633/2024

21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-633/2024 21.06.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Kürdərmir Rayon Polis Şöbəsinin DYPB-nin rəisi X2, xx.xx.1994-cü il tarixdə Kürdəmir rayonun Xırdapay kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Xırdapay ərazi dairəsi, Xırdapay kəndində qeydiyyatda olmaqla yaşayan (FİNxxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 329.1, 332.2 və 334-1.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs İXM-in 329.1, 332.2 və 334-1.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Kürdəmir Rayon Polis Şöbəsindən 20 iyun 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş idarənin- Kürdəmir Rayon Polis Şöbəsinin DYPB-nin rəisi X2 izahat verərək bildirmişdir ki, Kürdəmir rayonun Xırdapay kəndində yaşayan Şəxs 20 iyun 2024-cü il tarixində dostuna məxsus CHEVROLET CRUZE minik markalı, 77PX459 nömrəli nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozduğundan saxlanılmış, saxlanıldıqdan sonra onun sürücülük hüququ olmadan avtomobil idarə etməsi müəyyən edilmiş, onun narkotik vasitələrin və psixitrop maddələrin qəbul etməsində şübhəli olduğundan Ağayev X1 şəhər Rayonlararası Narkoloji Dispanserə təqdim olunmuşdur. Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserininin müayinəsinə əsasən, Şəxs sidiyində THC+ və MET+ aşkar edilmişdir. Odur ki, onun barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Kürdəmir rayonun Xırdapay kəndində yaşayır. xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonu ərazisində dostuna məxsus avtomobili sürücülük hüququ olmadan idarə etmiş, hərəkətdə olan zaman polis əməkdaşları onu saxlamış, özlərini təqdim etmiş, onu narkotik vasitələrin istifadəsində şübhəli bilindiyi üçün polis əməkdaşları ilə birgə Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserində müayinədən keçməyə Mingəçevir şəhərinə getmişlər. Narkoloji Dispanserdə müayinə vaxtı narkotik vasitədən istifadə etdiyi aşkar olunmuşdur. O, son 6 aydır ki, mütəmadi, yəni hər ay narkotik vasitədən istifadə edir. Onun narkotik və psixotrop maddələrdən asılılığı yoxdur. Əməlindən peşmandır. Barəsində cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, 1217 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinə protokolu”ndan görünür ki, Şəxs sidiyində 5-lik PANEL MET (+) VƏ THC (+) aşkar edilmiş, müayinəsi keçirilən Şəxs həmin protokolda sidiyin özünün olduğunu və müayinənin yanında keçirildiyini qeyd edərək onu imzalamışdır. xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Şəxs tərəfindən Azərbaycan Respublikasının İXMnin 329.1, 332.2, 334-1.1-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” İİ saylı siyahıya əsasən, Metamfetamin (MTE) psixotrop maddə hesab edilir. THC və ya tetrahidrokannabinol, marixuananın psixoloji təsirlərinin əksəriyyətinə cavabdeh olan kimyəvi maddədir. Kannabinoid reseptorları beynin düşüncə, yaddaş, həzz, koordinasiya və zaman qavrayışı ilə əlaqəli müəyyən sahələrində cəmləşmişdir. THC bu reseptorlara bağlanır və onları aktivləşdirir və insanın yaddaşına, həzzinə, hərəkətlərinə, düşüncəsinə, konsentrasiyasına, koordinasiyasına, hissiyyat və zaman qavrayışına təsir göstərir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 334-1.1-cı maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Şəxs İXM-in 334-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı, “Sərxoşluq vəziyyətinin tibbi müayinə protokolu” və digər iş materialları ilə tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsa haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşman olmasını onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 334-1.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd edir ki, nəqliyyat vasitəsini idarə etmək yüksək konsentrasiya tələb edir, narkotik və psixotrop maddələr isə sürücünün diqqətini xeyli zəiflədə və reaksiya sürətini azalda, vəziyyəti ayıq şəkildə qiymətləndirmək bacarıqlarına, hər kəsin, eləcə də yol istifadəçilərinin təhlükəsizliyinə ciddi təhlükə yarada bilər. Odur ki, məhkəmə Şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 334- 1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab etmir. Məhkəmə, Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmamasını törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona Azərbaycan Respublikası İXM-nin 334-1.1-ci maddəsinin sanksiyasının aşağı həddində inzibati həbs növündə tənbehin təyin edilməsini mümkün hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinin tələbinə əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nin 329.1 və 332.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair məsələyə baxılması aidiyyəti üzrə Kürdəmir Rayon Polis Şöbəsinin DYPB-nə göndərilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 37, 40, 43, 48, 48-51, 61, 73, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Şəxs həbsdə saxlanılma müddətinin əvvəli 21 iyun 2024-cü il tarixdən hesablansın. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 332.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair məsələyə baxılması aidiyyəti üzrə Kürdəmir Rayon Polis Şöbəsinin DYPB-nə göndərilsin. Qərarın inzibati həbsə dair icrası Kürdəmir Rayon Polis Şöbəsinə həvalə edilsin Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar