Məhkəmə qərarları › İş №3(041)-639/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-639/2024

09.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-639/2024 09.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1969-cu il tarixdə Kürdəmir rayonun Karrar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Ağsu rayonu, Muradlı ərazi dairəsi, Muradlı kəndində qeydiyyatda olan (FİN-xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 342.9-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kürdəmir RPŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 10:20 radələrində «QAZ 5205» yük markalı **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmuş, nəqliyyat vasitəsini etibarnamə olmadan, texniki baxışdan keçirmədən idarə etmiş və dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə etmişdir. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1, 339.1-1, 342.9-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, «QAZ 5205» yük markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonu ərazisində polis əməkdaşlarının reyd keçirdiklərini gördüyündən avtomobilinin arxa dövlət qeydiyyat nişanının tanınmaması üçün üzərinə örtük çəkmiş, polis əməkdaşları tərəfindən saxlanılmış olduğundan barəsində protokol tərtib edilmişdir. Maddi imkanı cəriməni ödəmək üçün yetərli olmadığından, əməlindən səmimi peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini, ilk dəfə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparıldığını nəzərə alaraq yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmədə nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 10:20 radələrində «QAZ 5205» yük markalı **- BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmuş, nəqliyyat vasitəsini etibarnamə olmadan, texniki baxışdan keçirmədən idarə etmiş və dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə etmişdir. Ona görə də, Azərbaycan Respublikası İXM-nin 329.3, 332.1, 339.1-1, 342.9-cu maddələri ilə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, «QAZ 5205» yük markalı **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini saxlanca qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.1.1) və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsi ilə təqsirli bilinməli və barəsində maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə nəzərə alır ki, dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüyün hər hansı bir dəyəri olmadığından onun müsadirəsi mümkün deyildir, bu səbəbdən Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi növündə inzibati tənbehin bu iş üzrə tətbiq edilməsinə zərurət yoxdur. Bununla yanaşı, inzibati xəta haqqında protokolda göstərilən Azərbaycan Respublikası İXM-nin 329.3, 332.1, 339.1-1-ci maddələri ilə bağlı məhkəmə qeyd edir ki, göstərilən maddələrdə nəzərdə tutulmuş inzibati xətalara hüquqi qiymət verilməsi məhkəmənin deyil, müvafiq səlahiyyətli orqanın səlahiyyətinə aiddir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmiş və həmin inzibati xətalar içərisində Azərbaycan Respublikası İXM-nin 329.3, 332.1, 339.1-1-ci maddələri nəzərdə tutulmamışdır. Odur ki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinin tələbinə əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3, 332.1, 339.1-1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair məsələyə baxılması aidiyyəti üzrə Kürdəmir Rayon Polis Şöbəsinin DYPB-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1, 339.1-1ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair məsələyə baxılması aidiyyəti üzrə Kürdəmir Rayon Polis Şöbəsinin DYPB-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar