Məhkəmə qərarları › İş №3(041)-647/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-647/2024

01.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-647/2024 01.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əliyev Elşən Rövşən oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X9, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, usta işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİNxxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X10 tərəfindən Şəxs barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokola baxılması üçün iş materialları ilə birlikdə aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Kürdəmir RPŞnin İTB-nin sahə rəisi, polis kapitanı X10 izahat verərək bildirmişdir ki, 19 dekabr 2023-cü il tarixdə səhər saatlarında Kürdəmir şəhəri, Aşıq Şakir küçəsi ev 1-də X2 məxsus dəyəri 320 manat olan və içərisində bir ədəd sarı rəngli güldan, 40 ədəd stəkan, narsıxan aparat və kəfkir və qaşıq dəsti kimi müxtəlif mətbəx alətləri olan iki ədəd karton qutu və dəyəri 30 manat olan iki ədəd vədrə olmaqla ümumilikdə 350 (üç yüz əlli) manat dəyərində ev əşyaları həmin evdə usta işləmiş Şəxs tərəfindən oğurlanması barədə zərərçəkmiş şəxs X1 şikayət ərizəsi əsasında Kürdəmir RPŞ-nin Təhqiqat Bölməsində araşdırma aparılmış, sonda xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. Odur ki, onun barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, özünü Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsili bilmir. Belə ki, 2016-cı il tarixdən Kürdəmir şəhəri ərazisində istilik siltemlərinin quraşdırılması işi ilə məşğul olur. X3 və onun qardaşı Səyyafı təxminən dörd ildir ki, tanıyır. Dəfələrlə onların yaşadıqları evdə işləmişdir. Sonuncu dəfə 18 dekabr 2023cü il tarixdə Səyyafın dəvəti əsasında onun yaşadığı evdə kombinin çəkilməsi ilə məşğul olmuş, bu məqsədlə həmin evə özünə məxsus avadanlıqları aparmışdır. Dörd gün ərzində həmin evdə işləmiş, evdə işlədiyi günlərdə Səyyafın bacısı Sənubərlə aralarında bəzi məsələlərdə anlaşılmazlıq olmuşdur. 21 dekabr 2023-cü il tarixdə işlərini yekunlaşdırıb Səyyafa təhvil vermiş, iki gün sonra, yəni xx.xx.2023-ci il tarixdə yenidən onun evinə gedərək isti döşəmə sistemi quraşdırmışdır. Həmin vaxt ora həqiqətən də “VAZ 2106” markalı avtomobil ora gəlsə də, həmin avtomobillə zərərçəkmiş şəxsə aid heç bir əşyanı evdən aparmamışdır. O, ümumiyyətlə heç vaxt oğurluq etməmiş, cinayət və ya inzibati məsuliyyətə cəlb edilməmişdir. O, evində işlədiyi adamdan heç vaxt oğurluq etməz, onun oğurluqda təqsirləndirilməsini özü üçün təhqir hesab edir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək bildirmişdir ki, Kürdəmir şəhəri, Aşıq Şakir küçəsi ev 1-də qeydiyyatda olmaqla yaşayır. Şəxs onun yaşadığı evdə usta kimi işləmiş, kombi çəkilməsi ilə məşğul olmuşdur. Rüstəm bundan əvvəl də onun yaşadığı evdə qardaşı Səyyafın dəvəti əsasında iki dəfə işləmiş, sonuncu dəfə 18 dekabr 2023-cü il tarixdə Rüstəm onun yaşadığı evdə işə başlamışdır. Ondan başqa usta kimi işlədiyi müddətlərdə evdə Rüstəmdən başqa usta və ya fəhlə olmamışdır. 19 dekabr 2023cü il tarixdə saat 10 radələrində Rüstəm dövlət nömrə nişanını xatırlamadığı “VAZ 2106” markalı taksi avtomobili ilə onun yaşadığı evə gəlmiş, Rüstəm həyətə daxil olmamış o, həmişə açıq vəziyyətdə olan iti zəncirlə bağlamışdır. Lakin 19 dekabr 2023-cü il tarixdə gün ərzində Rüstəm ikinci dəfə həmin taksini çağırmış, həmin vaxtı o evin ikinci mərtəbəsində olmuşdur. Həmin taksinin küçədə dayanmasını, həyət qapısının isə 20 dəqiqəyə qədər açıq qalmasını, eləcə də Rüstəmin bir neçə dəfə zirzəmidən birbaşa küçəyə çıxmasını eşitmişdir. Həmin vaxtı yemək bişirdiyindən çölə çıxa bilməmiş, bundan sonra çölə çıxdıqda Rüstəmin özünü şübhəli aparmasını hiss etmişdir. Küçəyə çıxmaq istədikdə taksinin oradan uzaqlaşmasını görmüşdür. Saat 13:30-da qardaşı Səyyaf nahar fasiləsinə gəldikdə öz avtomobili ilə Rüstəmi 1 saylı tam orta məktəbin yaxınlığına aparmış, bundan sonra zirzəmiyə daxil olduqda orada ona məxsus içərisində bir ədəd sarı rəngli güldan, 40 ədəd stəkan, narsıxan aparat və kəfkir və qaşıq dəsti kimi müxtəlif mətbəx alətləri olan iki ədəd karton qutunun, eləcə də iki ədəd dəmir vedrənin Rüstəm tərəfindən oğurlanmasını aşkar etmişdir. Bundan sonra həmin günü qardaşı Səyyafa bu barədə danışdıqda qardaşı ona oğurlanan əşyaların mahiyyətinin çox olmadığı üçün şikayət etməməyini tapşırmışdır. Bundan başqa içərisində bir ədəd sarı rəngli Güldan, 40 ədəd stəkan, narsıxan aparat və kəfkir və qaşıq dəsti kimi müxtəlif mətbəx alətləri olan iki ədəd karton qutunun dəyərinin 320 manat, iki ədəd vədrənin ümumi dəyəri isə 30 manat olmaqla ona ümumilikdə 350 manat maddi ziyan dəydiyini bildirmişdir. Həmçinin zirzəmiyə ondan, qardaşı Səyyafdan başqa yalnız Rüstəmin daxil olmasını, həmin əşyaların 19 dekabr 2023-cü il tarixdə Rüstəm tərəfindən oğurlanmasına əmin olduğunu, həyətində fəhlə işləmiş şəxslərin Rüstəm işlədikdən sonra daha dəqiq 24 dekabr 2023-cü il tarixdə həyətdə olduqlarını, onlara qardaşı Səyyaf tərəfindən köhnə taxtalar verildiyini, sonra isə getdiklərini, həmin vaxtı zirzəminin qapısının açarla bağlı olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və İXM-in 227-ci maddəsinin tələblərinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Kürdəmir RPŞ-nin İTB-nə göndərilmişdir. xx.xx.2024-cü il tarixli Kürdəmir RPŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı X7 tərəfindən tərtib edilmiş “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Kürdəmir şəhəri, Aşıq Şakir küçəsi, ev 1-də yaşayan X1 evinə baxış keçirilmiş, qutular olan otağa baxış keçirilərkən hər hansı bir dağınıqlıq aşkar edilməmiş, zirzəmidə oğurluq olmasına dair hər hansı izə və əlamətə rast gəlinməmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş və işdə olan protokollarda Şəxs inzibati xətanı törətməsi qeyd edilsə də, əməlin onun tərəfindən törədilməsi zərərçəkmiş şəxsin izahatından başqa digər heç bir sübutla öz təsdiqini tapmamışdır. Məhkəmə zərərçəkmiş şəxs X1 Rüstəmin onun yaşadığı evə gəlməsi, gün ərzində ikinci dəfə həmin taksini çağırması, həmin taksinin küçədə dayanması, həyət qapısının isə 20 dəqiqəyə qədər açıq qalması, eləcə də Rüstəmin bir neçə dəfə zirzəmidən birbaşa küçəyə çıxmasını eşitməsi, həmin vaxt yemək bişirdiyindən küçəyə çıxa bilməməsi, bundan sonra küçəyə çıxdıqda Rüstəmin özünü şübhəli aparmasını hiss etməsi kimi ifadəsinin onun inzibati xəta hadisəsinin birbaşa şahidi olmadığını, yalnız ehtimallarına əsaslandığını nəzərə alaraq hesab edir ki, qeyd edilənlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən mötəbər sübut növü kimi qəbul edilə bilməz. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati xəta haqqında iş üzrə materialda, eləcə də məhkəməyə təqdim edilmiş X1 müraciəti əsasında toplanmış rədd materialında (HK-1-71) həmin əməlin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən törədilməsini təsdiq edəcək hər hansı bir sübut mövcud deyildir. Əksinə, xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokolda həmin tarixdə Kürdəmir şəhəri, Aşıq Şakir küçəsi, ev 1-də yaşayan X1 evinə baxış keçirildiyi, qutular olan otağa baxış keçirilərkən hər hansı bir dağınıqlığın aşkar edilmədiyi, zirzəmidə oğurluq olmasına dair hər hansı izə və əlamətə rast gəlinmədiyi qeyd edilmişdir. Eyni zamanda zərərçəmiş şəxs X4 izahatında 19 dekabr 2023-cü il tarixdə saat 10 radələrində Şəxs dövlət nömrə nişanını xatırlamadığı “VAZ 2106” markalı taksi avtomobili ilə onun yaşadığı evə gəldiyini, gün ərzində Rüstəmin ikinci dəfə həmin taksini çağırdığını, həmin taksinin küçədə dayandığını, küçəyə çıxmaq istədikdə taksinin oradan uzaqlaşmasını gördüyünü qeyd etsə də (“VAZ 2106” markalı taksi avtomobilinin həmin evə gəlməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatında da göstərilmişdir) onun izahatında göstərilən hallar araşdırılmamış, həmin avtomobil sürücüsünün kimliyi müəyyənləşdirilib izahatı alınmamışdır. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.. İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 75.0.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İXM 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.. İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə, iş üzrə qeyd olunan halları və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 39, 40, 43, 48-50, 401, 114-115, 117, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs Şəxs barəsində Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar