Məhkəmə qərarları › İş №3(041)-649/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-649/2024

01.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-649/2024 01.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X2, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Qağacılı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə yaşadığı evdə münaqişə yaradaraq keçmiş arvadı Zümrüd İskəndərovanı söyüb təhqir etmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə yaşadığı evdə münaqişə yaradaraq Kürdəmir rayon polis şöbəsinin əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nın 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Kürdəmir rayonu, Qağacılı kəndində yaşayır, subaydır, fərdi əməklə məşğul olur. Zümrüd İskəndərova onun keçmiş arvadıdır, ailə münasibətləri baş tutmadığından ayrılmışlar. xx.xx.2024-cü il tarixdə nahar edərkən bir qədər spirtli içki qəbul etmiş və həmin gün saat 18 radələrində keçmiş ailəsi ilə görüşmək və söhbət etmək üçün onların yanına, yəni Kürdəmir rayonu Qağacılı kəndində yerləşən ailəsi üçün inşa etdiyi evlərinə getmiş, həyətə daxil olduqda keçmiş arvadı Zümrüd, qaynanası və uşaqları onu qarşılamış və aralarında gedən söhbət əsnasında onunla xoşa gəlməz rəftar etdikləri üçün əsəbləşmiş və ucadan nalayiq ifadələr işlətmişdir. Onların mübahisəsini və yaranmış səs-küyü eşidən qonşular məhəlləyə toplaşmış, mübahisələri davam etdiyi müddətdə Kürdəmir rayon polis şöbəsinin əməkdaşları oraya gəlmiş və onların dəvəti ilə polis şöbəsinə getmiş, baş verənlər barədə izahat vermişdir. Hadisə yerində və şöbədə olarkən polis əməkdaşları ilə mübahisə etməmiş, onların qanuni tələblərinə tabe olmuşdur. Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində göstərdi ki, Kürdəmir RPŞ İTB-nın polis nəfəri işləyir, xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonu Qağacılı kənd sakini Zümrüd İskəndərovanın DİN-nin 102 xidmətinə etmiş olduğu müraciətlə bağlı polis əməkdaşları ilə qeyd edilən ünvana getmişlər, həyətə daxil olduqda Şəxs sərxoş halda səs-küy salaraq nalayiq ifadələr işlətdiyini və səs-küyə qonşuların məhəlləyə toplaşdığını görmüşlər, Şəxs nizam intizama dəvət edərək polis şöbəsinə dəvət edəndə o, sakit şəkildə onlarla birlikdə həyətdən çıxsa da polis avtomobilinə əyləşmək və şöbəyə getmək istəməmişdir, nəticədə onu şöbəyə apararaq izahatını almışlar və barəsində inzibati xəta haqqında protokollar tərtib etmişlər. Məhkəmə araşdırması zamanı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə törətdiyi inzibati xəta hadisəsi özünün etirafı, şahidin ifadəsi və barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, onun barəsində törətdiyi inzibati xətaya görə həmin maddə ilə inzibati tənbeh tədbiri görülməlidir. Həmçinin məhkəmə hesab edir ki, hərəkətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə yaranır. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakını məhv edilməsi və ya zədələməsi ilə müşaiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki işin müəyyən edilən hallarından görünür ki, xx.xx.2024-cü il tarixdə polis əməkdaşları Kürdəmir rayonu Qağacılı kənd sakini Zümrüd İskəndərovanın DİN-nin 102 xidmətinə etmiş olduğu müraciətlə bağlı qeyd edilən ünvana getmişlər, həyətə daxil olduqda Şəxs sərxoş halda səs-küy salaraq nalayiq ifadələr işlətdiyini və səs-küyə qonşuların məhəlləyə toplaşdığını görmüşlər. Şəxs sakitləşdirilərək izahat verməsi üçün şöbəyə aparılmış, polis əməkdaşları tərəfindən sorğu-sual edildikdən sonra barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında işə baxılan Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasını təsdiq edən heç bir sübut iş materillarına əlavə edilməmiş, habelə məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Ona görə də, onun həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün heç bir əsas yoxdur. Lakin Şəxs Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətməsi özünün etirafı, şahid ifadələri və barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdi, ona görə də, məhkəmə hesab edir ki, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 510 maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasənbu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilməlidir. Həmçinin Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, inzibati həbsetmənin əvvəli onun saxlandığı gündən, yəni 29 iyun 2024-cü il tarixdən hesablanmalı, qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 05 (beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli onun inzibati qaydada tutulduğu 29 iyun 2024-cü il tarixdən saat 19.00-dan hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar