Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-651/2025 22.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Mehdiyev Rahid Baxşəli oğlu, Şahbazova Göyçək Kamil qızının katibliyi, Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Kürdəmir rayonu, Köhünlü ərazi dairəsi, Sovla kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nəsirov X4 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(041)-400/2018 nömrəli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X5 inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandırmaq üçün bildirdi ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(041)-400/2018 nömrəli icra sənədinə əsasən tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il tarixdə doğulmuş X6 və xx.xx.2017-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq Kürdəmir rayonunun Sovla kəndində yaşayan Şəxs hər ay hər uşağa görə sabit pul məbləğində 80 (səksən) manat olmaqla, ümumilikdə 160 (bir yüz altmış) manat aliment tutularaq Kürdəmir rayonunun Sovla kəndində yaşayan Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmiş, borclu Şəxs bildiriş göndərilmiş və şöbəyə dəvət edilərək izahatı alınmasına baxmayaraq icra sənədi bu günə kimi tam şəkildə icra edilməmişdir. Hazırda borclunun tələbkara olan borcu 14240 manat təşkil edir. İcra sənədi üzrə aparılmış məcburi icra hərəkətləri və görülmüş digər tədbirlər heç bir nəticə vermədiyindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X5 verilmiş suallara cavabında həmçinin bildirdi ki, iş materiallarında olan tələbin könüllü icrası haqqında bildiriş xx.xx.2018-ci ildə tərtib edilsə də əslində 2024-cü ilin avqust-sentyabr aylarında borcluya təqdim edilmiş, həmin bildirişin aşağısında olan “qərarla razı deyiləm, bir yerdə yaşayırıq” qeydi həmin tarixdə Şəxs tərəfindən yazılmışdır. 2018-ci il tarixdən 2024-cü il tarixədək icra sənədinin icrasının tələb edilməməsi onunla bağlı olmuşdur ki, həmin müddət ərzində tələbkar alimentin ona ödənilməsi ilə bağlı Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə müraciət etməmişdir. Məhkəmə iclasında borclu Şəxs izahatında göstərdi ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(041)-400/2018 nömrəli icra sənədindən məlumatı yalnız 2024-cü ilin avqust ayında olmuşdur. O, 2018-ci ildə tələbkarla formal olaraq ayrılsalar da, faktiki olaraq 2024-cü ilin avqust ayına kimi birlikdə yaşamışlar. 2025-ci ilin may ayına qədər isə uşaqlar onun yanında olmuş, uşaqların maddi təminatı onun tərəfindən təmin edilmiş, yəni uşaqları o saxlamışdır. Odur ki, 2018-ci ildən yığılmış aliment borcu əsassızdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(041)-400/2018 nömrəli icra sənədinə əsasən tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il tarixdə doğulmuş X6 və xx.xx.2017-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq Kürdəmir rayonu Sovla kəndində yaşayan Şəxs hər ay hər uşağa görə sabit pul məbləğində 80 (səksən) manat olmaqla, ümumilikdə 160 (bir yüz altmış) manat aliment tutularaq Kürdəmir rayonu Sovla kəndində Zərərçəkmiş şəxs ödənilməlidir. xx.xx.2018-ci il tarixli icraata başlama haqqında qərarın surətindən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(041)-400/2018 nömrəli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Kürdəmir rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı protokola əsasən Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(041)-400/2018 saylı icra sənədi üzrə yaranmış borc Şəxs tərəfindən ödənilməmişdir. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Tərəflərin izahatından və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(041)-400/2018 nömrəli icra sənədinə əsasən tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il tarixdə doğulmuş X6 və xx.xx.2017-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq Kürdəmir rayonu Sovla kəndində yaşayan Şəxs hər ay hər uşağa görə sabit pul məbləğində 80 (səksən) manat olmaqla, ümumilikdə 160 (bir yüz altmış) manat alimentin tutularaq iddiaçı Zərərçəkmiş şəxs oğluna ödənilməsi qət edilmişdir. Həmin icra vərəqəsi və tələbin könüllü icrası barədə bildiriş xx.xx.2018-ci il tarixdə tərtib edilsə də 2024-cü ilin avqust-sentyabr aylarında borcluya təqdim edilmiş, icra məmuru məhkəmə iclasında bunu həmin müddət ərzində tələbkar tərəfindən alimentin tutulub ona ödənilməsi ilə bağlı müraciətinin olmaması ilə əlaqələndirmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, icra məmurunun bildirdiklərinə əsasən tələbkarın 2018ci ildən 2024-cü ilə qədər olan dövrdə alimentlə bağlı Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə müraciət etməməsi onun həqiqətən də alimentin tutulması üçün addım atmadığını təsdiqləyir. Lakin məhkəmə nəzərə çatdırır ki, məhkəmə qətnaməsi icra olunmalı dövlətin mütləq tələbi kimi qəbul edilir və bu tələbkarın müraciət edib-etməməsindən asılı deyil. Tələbin könüllü icrası barəsində bildirişin xx.xx.2018-ci il tarixdə tərtib edilməsinə baxmayaraq onun borcluya yalnız 2024-cü ilin avqust-sentyabr aylarında, yəni təxminən altı il keçdikdən sonra təqdim etməsini icra məmuru özü də məhkəmə iclasında təsdiqləmişdir. Həmçinin icra məmurunun da təsdiqlədiyi kimi bu müddət ərzində alimentin borclu şəxs tərəfindən ödənilməsi bağlı heç bir tədbir görülməyib. Bunlar 2024-cü ilin avqustuna qədər borclunun bu icra vərəqəsindən məlumatsız qalmasını, onun bu qərardan xəbərsiz olduğunu sübut edir. İşin yuxarıda şərh edilən halları barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi hallar öz təsdiqini tapmadığına görə onun inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda şərh olunanları nəzərə alaraq hesab edirəm ki, Şəxs hərəkətlərində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında göstərilən inzibati xəta halları yoxdur və bu səbəbdən də, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №3(041)-651/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-651/2025
22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver