Məhkəmə qərarları › İş №3(041)-655/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-655/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-655/2025 04.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Kürdəmir rayonu Böyük Kəngərli kəndində qeydiyyatda olmaqla yaşayan, (Fin:xxxxxxx) Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarından xüsusi icazə almadan mülki silahın əldə edilməsi qaydalarını pozaraq 1 ədəd sənədsiz “B09714” nömrəli “İJ 27” markalı qoşa lüləli ov silahını qeydiyyatsız saxlamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, "B09714" nömrəli "İJ" markalı qoşa lüləli sənədsiz ov tüfənginin olduğunu, həmin ov tüfəngi ona miras kimi qaldığını, belə ki balacalıqdan onu evlərində gördüyünü, həmin ov tüfəngini evində heç kimin əli çatmayan yerdə saxladığını, gələcəkdə imkan olanda onu sənədləşdirmək fikri olduğunu, 19 iyun 2025-ci il tarixdə polis əməkdaşları onun evinə gələrək onda sənədsiz ov tüfənginin olmasını bildirərək evə baxdıqda həmin ov silahını aşkar edib götürdüklərini, həmin ov silahından heç vaxt istifadə etmədiyini bildirmişdir. İşə əlavə edilmiş, cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan məlum olur ki, Kürdəmir RPŞ-nin İTB-nin sahənin polis nəfəri polis serjantı Zamiq Zeynallı 21 iyun 2025-ci il tarixdə raport yazaraq, 19 iyun 2025-ci il tarixdə Kürdəmir rayonu Bala kəngərli kəndi ərazisində xidmətdə olarkən həmin kənd sakini Şəxs evindən 1 ədəd sənədsiz, "B09714" nömrəli "İJ 27" markalı qoşa lüləli ov silahı aşkar edərək polis şöbəsinə gətirməsini göstərmişdir. Şəxs izahatında dədə-babadan qalma sənədsiz 1 ədəd "B09714" nömrəli "İJ" markalı qoşa lüləli sənədsiz ov tüfənginin olduğunu, həmin ov tüfəngi ona miras kimi qaldığını, belə ki balacalıqdan onu evlərində gördüyünü, həmin ov tüfəngini evində heç kimin əli çatmayan yerdə saxladığını, gələcəkdə imkan olanda onu sənədləşdirmək fikri olduğunu, 19 iyun 2025-ci il tarixdə polis əməkdaşları onun evinə gələrək onda sənədsiz ov tüfənginin olmasını bildirərək evə baxdıqda həmin ov silahını aşkar edib götürdüklərini, həmin ov silahından heç vaxt istifadə etmədiyini göstərmişdir. Materialın icrası ilə əlaqədar Kürdəmir rayonu Bala kəngərli kənd sakini Şəxs götürülümüş 1 ədəd sənədsiz, "B09714" nömrəli "İJ 27" markalı qoşa lüləli ov silahı şöbənin saxlane yerinə təhvil verilmişdir. Beləliklə aparılmış ilkin yoxlama zamanı müəyyən edilmişdir ki Kürdəmir rayonu Bala kəngərli kənd sakini Şəxs yaşadığı evdə 1 ədəd sənədsiz "B09714" nömrəli "İJ 27" markalı qoşa lüləli ov silahını saxlamaqla Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin inzibati xəta xx.xx.2025-ci il tarixdə saat 16 radələrində aşkar edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın sürəti aidiyəti üzrə göndərilməlidir. Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Şəxs törətdiyi inzibati xəta özünün etirafı, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq sözü gedən silahın müsadirə edilməklə onun barəsində aşağı həddə inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 80 (səksən) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Kürdəmir rayon polis şöbəsində saxlanılan Şəxs götürülmüş 1 ədəd sənədsiz “B09714” nömrəli “İJ 27” markalı qoşa lüləli ov silahı müsadirə edilsin və Azərbaycan Respublikası DİN-nin X1 Baş İdarəsinin Mərkəzi Anbarına təhvil verilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə, Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar