Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-665/2025 24.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Şahbazova Göyçək Kamil qızının katibliyi, Kürdəmir Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-ci il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir şəhəri, Koroğlu küçəsi, ev 17-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Kürdəmir Rayon Polis şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Kürdəmir Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X5 izahat verərək bildirmişdir ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, daxil olmuş materiallar əsasında Şəxs barəsində xx.xx.2025-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə özünü təqsirli bilmir. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyildir. Kürdəmir rayonu ərazisində çayxanada oturduğu zaman polis əməkdaşları onu tutaraq Kürdəmir RPŞ-nə aparmışlar. Əvvəllər 2018-ci ildə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 2021-ci il tarixdə həbsdən azad olunduqdan sonra yenidən 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bundan başqa Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə 20 gün müddətinə inzibati həbs edilmişdir. O, sonuncu dəfə həbs olunduqdan sonra narkotik vasitə istifadə etməmişdir. Polis şöbəsində ona təzyiq götərildiyi üçün razılaşmış və barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə protokol tərtib edilmişdir. Cinayət işinin başlamasının rədd edilməsi haqqında qərardan şikayət verməmişdir, gələcəkdə də verməyəcəkdir. Bununla bağlı ərizəsini məhkəməyə təqdim etmişdir. Sonda o, barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili X1 izahatında bildirmişdir ki, Şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında Şəxs üstünün yoxlanılması və zərurət yarandıqda digər təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və RPŞ-nin rəisinin müvafiq əmri əsasında əməliyyat qrupu yaradılmışdır. Həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bəkirov X2 şəhəri, M.Ə.Sabir küçəsində saxlanılmışdır. Şəxs hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış keçirilməzdən qabaq Şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Şəxs əynində olan boz rəngli şalvarın sağ kiçik cibindən 01 ədəd kağız bükümdə narkotik vasitə marixuana olduğunu bildirmiş və çıxarıb təqdim etmişdir. Baxış zamanı üzərindən qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Daha sonra onu Kürdəmir RPŞ-nə gətirmişlər. Orada müdafiəçi ilə təmin olunmuşdur. Verilmiş suallara cavabında şahid X1 bildirmişdir ki, Şəxs rayon sakini kimi tanıyır, onunla heç bir münasibəti, hər hansı bir düşmənçilik və ədavəti olmamışdır. Saxlanılan zaman Şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə marixuananı Kürdəmir rayonunun ərazisindən yerdən tapmış, şəxsi istifadə etmək üçün üzərində saxlamışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Məhkəmə-bioloji ekspertizanın xx.xx.2025-ci il tarixli 18/494 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: "...Şəxs üzərindən..." sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi – 0.49 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1086 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyik əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik vasitələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetda qeydiyyata alınması məsləhət görülür. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üstündən 0,49 qram qurudulmuş marixuana aşkar edilmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 09:30-da Şəxs cinayət işi başlananadək Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, onun tutulma vaxtı azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdə saat 09:30-dan hesablanmış, xx.xx.2025-ci il tarixdə saat 07:20-də Bəkirov X2 RPŞ-nin MSY-dən azad edilmiş və onun şübhəli şəxs statusuna xitam verilmişdir. Həmin qərardan həmçinin müəyyən edilir ki, Şəxs üzərindən aşkar edilmiş 01 ədəd kağız bükümdə, təmiz çəkisi – 0,49 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra – 0,47 qram qalığı qalığı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 3(041)-34/2018 saylı hökümdən görünür ki, Şəxs ilə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(041)-34/2022 saylı hökümdən görünür ki, Şəxs ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Şəxs ilə İXM-in-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmənin sorğusu əsasında əldə edilərək öyrənilmiş HK-1/1145 nömrəli materialda olan “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokola əlavə edilmiş DVD diskə baxış keçirilərkən videogörüntüdə Şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Şəxs əynində olan qara rəngli cins şalvarın sağ cibindən 01 ədəd kağız bükümü çıxarıb təqdim etdiyi, həmin bükümün zərfə qoyularaq möhürlənməsi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsində xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla razı olduğunu, həmin qərardan şikayət verməyəcəyini göstərmiş, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını, şahidin izahatını dinləyib, inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə istinad edilən inzibati xətaya inzibati xətalar haqqında qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatında Kürdəmir rayonu ərazisində çayxanada oturduğu zaman polis əməkdaşlarının onu tutaraq Kürdəmir RPŞ-nə aparması, həmin vaxt üzərində narkotik vasitə olmaması, polis şöbəsində ona təzyiq götərildiyi üçün razılaşaraq etirafedici ifadə verməyə məcbur edilməsi barəsində göstərdiyi xüsusatlar iş materialları və məhkəmə iclasında araşdırılmış hallarla təkzib edilmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin üzərinə baxış video-görüntü ilə keçirilmiş, iş materiallarında olan ifadəsində narkotik maddəni yerdən taparaq öz istifadəsi üçün üzərində saxladığını bildirmiş, həmçinin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla razı olduğunu bildirərək bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkmə iclasında verdiyi izahatına tənqidi yanaşır və hesab edir ki, o, inzibati məsuliyyətdən yayınmaq və özünün müdafiəsi üçün seçdiyi tərzdə bu məzmunda izahat verir. Halbuki, bununla bağlı bir dəfə də olsun vəsatət verilməmiş, məhkəməyə verdiyi izahatında göstərilən halların araşdırılması tələb edilməmişdir. Məhkəmə istintaqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı təkrarən araşdırılmış, tədqiq edilən sübutlarla onun izahatında göstərilən dəlillər öz təsdiqini tapmamışdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsa haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münsaibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətini yüngülləşdirən və İXM-nin 33-cü maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla belə məhkəmə Şəxs narkotik vasitələr və psixatrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə görə dəfələrlə təqsirli bilinib məhkum edilməsini, inzibati məsuliyyətə cəlb edilməsini və bundan nəticə çıxarmamasını onun şəxsiyyətinin mənfi xarakterizə edən hal kimi qəbul edir. İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, onun məsuliyyətini ağırlaşdıran və məsuliyyətini yüngülləşdirən halların olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati həbs növündə tənbehin təyin edilməsini və narkoloji espertizanını rəyinə əsasən ərazi narkoloji kabinetdə profilaktik qeydə alınmasını məqsədə müvafiq hesab edir. İXM-in 115.4.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarda dövriyyədən çıxarılmış əşyaların aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməsi, yaxud məhv edilməsi həll edilməlidir. Odur ki, iş üzrə maddi sübut- Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmiş Şəxs üstü yoxlanılan zaman aşkar edilmiş 01 ədəd kağız bükümdə, təmiz çəkisi – 0,49 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra – 0,47 qram qalığı qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Şəxs xx.xx.2025-ci il tarixdə saat 09:30-dan xx.xx.2025-ci il tarixə saat 07:20-yə dək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət ona tətbiq edilmiş 15 (on beş) gün inzibati həbs tənbeh tədbirindən çıxılmaqla üzərində qəti olaraq 14 (on dörd) gün müddətində inzibati həbs tənbeh tədbiri saxlanılsın. Şəxs həbsdə saxlanılma müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Şəxs ərazi narkoloji kabinetdə profilaktik qeydə alınsın. Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmiş Şəxs üstü yoxlanılan zaman üzərindən aşkar edilmiş 01 ədəd kağız bükümdə, təmiz çəkisi – 0,49 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra – 0,47 qram qalığı qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın inzibati həbsə dair hissədə icrası Kürdəmir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №3(041)-665/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-665/2025
24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver