Məhkəmə qərarları › İş №3(041)-672/2024

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №3(041)-672/2024

11.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 3(041)-672/2024 11.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Mən, hakim Mehdiyev Rahid Baxşəli oğlu, X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materialı məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 08 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X3 tərəfindən qəbul edilən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad çıxarılır; İş materiallarından müəyyən edilir ki, inzibati tənbeh vermə haqqında qərar xx.xx.2023-cü il tarixdə çıxarılmış, qərardan şikayət isə məhkəməyə 10 iyul 2024-ci il tarixdə daxil olmuşdur. Şikayətçi məhkəməyə müraciətində xx.xx.2023-cü il tarixli qərarın ona rəsmi qaydada verildiyi tarixi göstərməmiş, bu barədə sənəd əlavə etməmiş, şikayət vermə müddətinin üzrlü səbəbdən buraxılması ilə əlaqədar vəsatətlə məhkəməyə müraciət etməmiş, bu hal iş materialları ilə də müəyyən edilməmişdir. Beləliklə, inzibati tənbeh vermə haqqında qərardan şikayətin vaxtında verilmədiyini, üzrlü səbəbdən buraxıldığı halda buraxılmış müddətin bərpa edilməsi barədə vəsatətin olmadığını, bununla da, təqdim edilmiş materialların natamam olduğunu, işə baxılarkən tamamlamaq mümkün olmadığını nəzərə alaraq hesab edirəm ki, şikayətin onu tərtib etmiş şəxsə geri qaytarılması barədə qərardad qəbul edilməlidir. Həmçinin, şikayət vermiş şəxsə müddəti üzrlü səbəbdən buraxdığı halda müddətin bərpası barədə vəsatətlə müraciət etmək hüququ izah edilməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X5 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128, 130 və 132ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 08 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X3 tərəfindən qəbul edilən xx.xx.2023cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti X1 geri qaytarılsın. Şikayət vermiş şəxsə müddəti üzrlü səbəbdən buraxdığı halda müddətin bərpası barədə vəsatətlə müraciət etmək hüququ izah edilsin. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar