Məhkəmə qərarları › İş №3(041)-687/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-687/2025

05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-687/2025 05.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X7, Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Ağdam rayonu Qullar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Laçın rayonu Kaha kəndində qeydiyyatda olmaqla Kürdəmir şəhəri Yeni qəsəbə ünvanında yaşayan, Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş: - xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Kürdəmir şəhəri, H.Əliyev prospektində polis əməkdaşlarının ünvanəna nalayiq söyüşlər söyməklə ictimai qaydanı pozmuş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə ictimai qaydanı pozarkən, polisin qanuni tələblərinə tabe olmamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İXM-nın 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə iclasında Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi X2 tərtib etdiyi inzibati xəta haqqında protokolu əsaslandırmaq üçün bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Kürdəmir RPŞ-nin PPXB-nin polis nəfəri polis siravisi İmanov Adgözəl və PPXB-nin polis nəfəri polis serjantı Yusif Heydərov ilə birlikdə Kürdəmir rayonu ərazisində xidmətdə olduğuqları zaman H.Əliyev prospekti adlanan ərazidə 3 nəfər şəxsin bir-biri ilə mübahisə edərək uca səslə nalayiq ifadələr söylədiklərini görüb yaxınlaşaraq nizam intizama dəvət etmişlər, lakin bu zaman onlar polis əməkdaşları ilə əsassız mübahisə edərək onların ünvanına nalayiq ifadələr işlətmiş, onların qanuni tələblərinə tabe olmayaraq yaşadıqları yeni qəsəbə ünvanına qaçmışdır. Polis əməkdaşları həmin ünvana yaxınlaşmış və digər polis əməkdaşlarının köməyi ilə RPŞ-nə gətirmişlər. Növbəti gün izahatı alınaraq, barəsində İXM-nin 510-cu və 535.1-ci maddələri inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə gətirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Kürdəmir şəhəri, Yeni qəsəbə ünvanında yaşayır. xx.xx.2025-ci il tarixdə Kürdəmir şəhəri, H.Əliyev prospektində qardaşı Farislə yeyib içdikdən sonra 4 yol deyilən yerə çıxıb tanımadığı bir nəfər şəxslə mübahisə edən zaman polis əməkdaşları onlara yaxınlaşmış, sərxoş olduqları üçün səs-küy salaraq polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmiş, əlavə polislərin gəldiyini eşidəndə oradan qaçaraq, tanışlarının taksi maşınına oturaraq yaşadıqları Yeni qəsəbəyə getmişlər. Polis əməkdaşları onların arxasınca gəldiyi üçün qaçıb gizlənmiş, səhərisi gün özü polis şöbəsinə gedərək, etdiyi hərəkətlərə görə üzr istəmişdir. Mübahisə zamanı polis əməkdaşını vurmasını xatırlamır. Etdiyi əməldən peşimandır. Məhkəmə iclasında şahid qismində dindirilən Kürdəmir RPŞ-nin post patrul xidmətinin polis nəfəri, polis serjantı X6 ifadəsində bildirdi ki, xx.xx.2025-cü il tarixdə saat 19.30 radələrində PPXB-nin polis nəfəri polis siravisi Adgözəl İmanov ilə birlikdə Kürdəmir rayonu ərazisində xidmətdə olduğuqları zaman H.Əliyev prospekti 4 yol adlanan ərazidə 3 nəfər şəxsin bir-biri ilə mübahisə edərək uca səslə söyüşlər söydüyünü və ətrafa xeyli sayda adamların toplaşdıqlarını görüb onlara yaxınlaşan zaman sonradan adları məlum olan X3 onun paqonlarını dartıb çıxarmış, qardaşı Şəxs isə yumruqla böyründən vurub yaşadıqları Yeni qəsəbəyə tərəf qaçmışlar. Əraziyə çağırılmış polis əməkdaşları ilə birlikdə Yeni qəsəbədə bina 11-ə yaxınlaşmış, polislərin binaya yaxınlaşdığını görən Faris və Mənsur qardaşları binanın damına çıxaraq, polislərin getməsini tələb etmişlər. Yaranmış vəziyyəti nəzərə alaraq, polis əməkdaşları onları nizam-intizama dəvət edərək, binanın damından düşmələrini tələb etmiş, lakin onlar sərxoş vəziyyətdə olduqlarından heç bir tələbə tabe olmamış və öz qanunsuz hərəkətlərini davam etdirmişlər. Görülən tədbirlər nəticəsində Faris saxlanılaraq polis şöbəsinə aparılmış, Mənsur isə qaçıb gizləndiyi üçün həmin günün səhəri, yəni 05 avqust 2025-ci il tarixdə polis şöbəsinə aparılması təmin edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs hadisə yerindən qaçıb gizləndiyi üçün onun sərxoşluq dərəcəsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakını məhv edilməsi və ya zədələməsi ilə müşaiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı Şəxs ictimai qaydaları pozan hərəkətlərə yol verməsi və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması ilə bağlı törətdiyi inzibati xəta özünün etirafı, şahid ifadələri, məhkəmə iclas protokolunda qeydə alınmış audio-video görüntülər, işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, törətdiyi inzibati xətalara görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə barəsində daha ciddi xəta hesab edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən, səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi; inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi; inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsini Azərbaycan Respublikasının İXM-nin 33.1.1, 33.1.5 və 33.1.7-ci maddələrinə əsasən məsuliyyəti ağırlaşdıran hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə daha ciddi xəta hesab edilən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, inzibati həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə, daha ciddi xəta hesab edilən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 05 avqust 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: XALİQ İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar