Məhkəmə qərarları › İş №3(041)-689/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-689/2025

05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-689/2025 05.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xalıq Xalıq oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Laçın rayonu, Kaha kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir şəhəri Yeni qəsəbə ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM) 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş: - xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Kürdəmir şəhəri, H.Əliyev prospektində ünvansız söyüşlər söyməklə ictimai qaydanı pozmuş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - xx.xx.2025-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə 4 yol adlanan yerdə polisin qanuni tələblərinə tabe olmamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İXM-nın 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə iclasında Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X5 tərtib etdiyi inzibati xəta haqqında protokolu əsaslandırmaq üçün bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat Kürdəmir RPŞ-nin PPXB-nün polis nəfəri polis serjantı Yusif Heydərov və PPXB-nün polis nəfəri polis siravisi Adgözəl İmanov ilə birlikdə Kürdəmir rayonu ərazisində xidmətdə olduqları zaman H.Əliyev prospekti adlanan ərazidə olarkən 3 nəfər şəxsin bir-biri ilə mübahisə edərək uca səslə nalayiq söyüşlər söydüyünü görmüş, onlara yaxınlaşıb irad bildirərək nizam-intizama dəvət etmişlər. Bu zaman həmin şəxslər polis əməkdaşları ilə mübahisə etməyə, onlara əl-qol atmağa başlamış və ünvanlarına nalayiq ifadələr işlətmiş və orada olan vətəndaşlardan birinin maşınına əyləşib hadisə yerindən qaçaraq Kürdəmir şəhəri Yeni qəsəbə ünvanına getmişlər. Əməkdaşlar həmin şəxslərin arxasınca gedib, onları RPŞ-nə dəvət etsələr də onlar binada gizlənərək RPŞ-nə gəlməkdən boyun qaçırmışlar. Daha sonra hadisə yerinə gedən digər polis əməkdaşlarının köməkliyi ilə onlar tutularaq PŞ-nə gətirilmiş, sərxoşluğunun dərəcəsini müəyyən etmək üçün tibbi müayinəyə aparılmış, növbəti gün izahatı alınaraq, barəsində İXM-nin 510-cu və 535.1-ci maddələri inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə gətirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Kürdəmir şəhəri, Yeni qəsəbə ünvanında yaşayır. xx.xx.2025-ci il tarixdə qardaşı Mənsur və dostu İbrahimlə birlikdə Kürdəmir rayonu 4 yol adlanan ərazidəki kafelərin birində spirtli içki qəbul etdikdən sonra aralarında mübahisə yaranmış, bu zaman polis əməkdaşları onlara yaxınlaşmış, içkili olduqları üçün onların ünvanına nalayiq ifadələr işlətmiş, polis şöbəsinin əməkdaşları onu polis şöbəsinə dəvət etsələr də polis şöbəsinə getməkdən imtina etmiş və hadisə yerindən uzaqlaşmışlar. Etdiyi hərəkətlərə görə peşimandır. Məhkəmə iclasında şahid qismində dindirilən Kürdəmir RPŞ-nin post patrul xidmətinin polis nəfəri, polis serjantı X6 ifadəsində bildirdi ki, xx.xx.2025-cü il tarixdə saat 19.30 radələrində PPXB-nin polis nəfəri polis siravisi Adgözəl İmanov ilə birlikdə Kürdəmir rayonu ərazisində xidmətdə olduğuqları zaman H.Əliyev prospekti 4 yol adlanan ərazidə 3 nəfər şəxsin bir-biri ilə mübahisə edərək uca səslə söyüşlər söydüyünü və ətrafa xeyli sayda adamların toplaşdıqlarını görüb onlara yaxınlaşan zaman sonradan adları məlum olan Şəxs onun paqonlarını dartıb çıxarmış, qardaşı X1 isə yumruqla böyründən vurub yaşadıqları Yeni qəsəbəyə tərəf qaçmışlar. Əraziyə çağırılmış polis əməkdaşları ilə birlikdə Yeni qəsəbədə bina 11-ə yaxınlaşmış, polislərin binaya yaxınlaşdığını görən Faris və Mənsur qardaşları binanın damına çıxaraq, polislərin getməsini tələb etmişlər. Yaranmış vəziyyəti nəzərə alaraq, polis əməkdaşları onları nizam-intizama dəvət edərək, binanın damından düşmələrini tələb etmiş, lakin onlar sərxoş vəziyyətdə olduqlarından heç bir tələbə tabe olmamış və öz qanunsuz hərəkətlərini davam etdirmişlər. Görülən tədbirlər nəticəsində Faris saxlanılaraq polis şöbəsinə aparılmış, Mənsur isə qaçıb gizləndiyi üçün həmin günün səhəri, yəni 05 avqust 2025-ci il tarixdə polis şöbəsinə aparılması təmin edilmişdir. İşə əlavə edilmiş, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə haqqında xx.xx.2025-ci il tarixli 885 nömrəli protokolda Şəxs orta dərəcəli sərxoş olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş, xx.xx.2025-ci il tarixli, AZA 000731 nömrəli inzibati qaydada tutma haqqında protokoldan məlum olur ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 20.45-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakını məhv edilməsi və ya zədələməsi ilə müşaiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı Şəxs ictimai qaydaları pozan hərəkətlərə yol verməsi və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması ilə bağlı törətdiyi inzibati xəta özünün etirafı, şahid ifadələri, məhkəmə iclas protokolunda qeydə alınmış audio-video görüntülər, işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, törətdiyi inzibati xətalara görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə barəsində daha ciddi xəta hesab edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən, səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi; inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi; inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsini Azərbaycan Respublikasının İXM-nin 33.1.1, 33.1.5 və 33.1.7-ci maddələrinə əsasən məsuliyyəti ağırlaşdıran hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə daha ciddi xəta hesab edilən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, inzibati həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə, daha ciddi xəta hesab edilən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 04 avqust 2025-ci il tarixdən (saat 20:45) hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: XALİQ İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar