Məhkəmə qərarları › İş №3(041)-694/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-694/2025

11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-694/2025 11.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Mehdiyev Rahid Baxşəli oğlu Şahbazova Göyçək Kamil qızının katibliyi, Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN- xxxxxxx) Şəxs barəsində Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə Kürdəmir şəhəri ərazisində Kürdəmir RPŞ DYPB YPX-nın əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 18:20 radələrində polis əməkdaşları xidmətdə olduğu zaman radiocihaz vasitəsi ilə Babək prospektində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat əsasında hadisə yerinə yaxınlaşmışlar. Hadisənin iştirakçısı olan Şəxs hadisə yerinin müayinə olunmasına maneə olmuşdur. Ona sakitləşməsi tələb edilsə də o, polisin qanuni tələblərinə tabe olmamışdır. Odur ki, barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, o, taksi fəaliyyəti ilə məşğul olur. Uzun müddətdir ki, ailəli olsa da uşaqları olmur. Onunla əlaqədar olaraq arvadı xəstəxanada müalicə olunur. xx.xx.2025-ci il tarixdə evdə olduğu zaman ona zəng gələrək həyat yoldaşının xəstəxanada olduğunu, ora getməsini demişlər. Yola düşmüş və yolda olduğu zaman Kamran adlı polis əməkdaşının idarə etdiyi avtomobil ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Kamran adlı şəxs polis əməkdaşı onunla kobud danışdığından əsəbləşərək, hadisə yerinə gələn polis əməkdaşlarının da qanuni tələblərinə tabe olmamışdır. Nəticədə onu polis şöbəsinə apararaq baş verənlərlə bağlı izahatı alındıqdan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əməlindən peşiman olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid Kürdəmir RPŞ-nin YPX-nin inspektoru, polis baş serjantı X1 izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə yol- nəqliyyat hadisəsi baş verməsi ilə bağlı məlumat daxil olmuşdur. Onlar da hadisə yerinə yaxlınlaşmışlar. Oraya yaxınlaşdıqdan Şəxs polis əməkdaşları ilə sözlə mübahisə apardığını görmüşdür. Həmin şəxsə özlərini təqdim etmiş, qayda pozuntusunu ona izah etmişlər. Lakin həmin şəxs polis əməkdaşlarının sözlərinə məhəl qoymamış, yenidən səs-küy salmağa davam etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Kürdəmir şəhəri, Babək prospektində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; xx.xx.2025-ci il tarixli, AZA 000735 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:30-da inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 10:50-də azad edilmişdir. Kürdəmir RPŞ-də verdiyi izahatdan görünür ki, Şəxs əməlini səmimi etiraf edərək peşiman olduğunu bildirmişdir. Şəxs törətdiyi inzibati xəta özünün etirafı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, o, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində törətdiyi inzibati xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs əməlini səmimi etiraf edərək əməlindən peşiman olmasını bildirməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nın 31.4-1-ci maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Şəxs barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilərkən onun inzibati qaydada tutulma müddəti nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 200 (iki yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası İXM-nın 31.4-1-ci maddəsi tətbiq edilərək Şəxs 01 (bir) gün inzibati qaydada tutulma müddəti nəzərə alınsın və üzərində qəti olaraq 150 (yüz əlli) manat cərimə saxlanılsın. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Kürdəmir Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar