Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-713/2024 06.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Mehdiyev Rahid Baxşəli oğlu, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, X11 Xidməti Mərkəzi Aran regional şöbəsinin baş məsləhətcisi- baş əmək müfəttişi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ASC-nin direktoru X7 iştirakları ilə, Şəxs ASC barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən hüquqi şəxs Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN1933253 nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi hüquqi şəxs Şəxs ASC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X9, X3 və X2 iş və xidmətlərə cəlb edilməsi göstərilmişdir. Məhkəmə iclasında X11 Xidmətinin nümayəndəsi, Mərkəzi Aran regional şöbəsinin baş məsləhətcisi- baş əmək müfəttişi X10 inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandırmaq üçün bildirdi ki, 2024-cü ilin may ayı ərzində “Qarabağ və şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən əldə edilmiş məlumatlar əsasında müəyyən olunmuşdur ki, "xxxx" ASC tərəfindən işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınan X9, X3 və X2 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” Altsistemində qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Bununla bağlı xx.xx.2024-cü il tarixdə məktub göndərilmiş, lakin iş icazəsi alınan işçilərlə əmək müqaviləsinin bağlanması və müvafiq əmək müqaviləsi bildirişinin altsisteminə daxil edilməsi təmin edilməmişdir. Nəticədə Şəxs ASC barəsində tədbir görülməsi qərara alınaraq Azərbaycan Respubikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Nümayəndə S.V.Kərimli izahatının sonunda Şəxs ASC barəsində qanuna müvafiq qayadada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ASC-nin direktoru X13 izahatında göstərdi ki, inzibati xəta haqqında protokolda qeyd edilənlər əsasszıdır, belə ki, protokolda adları qeyd olunan, X5 xx.xx.2024-cü il tarxdə rəsmi qaydada icazə alınıb, bir müddət sonra yəni xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilib. 2024-cü ilin 8 iyulunda icazənin ləğv olunması üçün “Polatyol” şirkətinə müraciət olunub. Bundan əlavə protokolda adı qeyd edilən X3 xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi əsasında işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə işdən azad olunaraq icazə ləğvə göndərilmiş, həmçinin xx.xx.2024-cü il tarixdə təkrar ləğv olunması üçün müraciət olunmuşdur. X1 xx.xx.2024-cü ildə işə qəbul olunduqdan sonra icazə üçün müraciət edilmiş, sonradan xx.xx.2024-cü il tarixdə əmək müqviləsinə xitam verilmişdir. İcazələrin yenilənmə dövrünə düşdüyü üçün təkrar yenilənmə üçün müraciət olunmayıb. Lakin icazə ləğv edilmədiyindən və aktiv olaraq qaldığından xx.xx.2024-cü ildə ləğv olunması üçün müraciət edilmişdir. Ləğvlə bağlı göndərilən bütün müraciətlər rəsmi qaydada mail vasitəsi ilə olmuşdur, yəni onlar öz üzərlərinə düşən işləri qanunvericiliyin tələblərinə uyğun olaraq yerinə yetirmişlər. Bütün bunlara baxmayaraq ya texniki olaraq, ya da ki səhvən ləğv prosesi getməmiş və ləğv olunub olunmaması haqqında da məlumat əldə etmək mümkün olmamışdır. Hesab edir ki, X11 Xidməti tərəfindən əsassız yerə AR İXM-nın 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib, oranın əməkdaşlarına onun heç bir günahı olmadığını bildirmələrinə baxmayaraq bunun heç bir nəticəsi olmamışdır. Odur ki, Şəxs ASC barəsində olan inzibati xəta haqqında protokola xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suallara cavabında həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ASC-nin direktoru X13 bildirmişdir ki, işğaldan azad olunmuş ərazilərdə iş üçün icazə verən qurum Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, sifarişçi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi podratçı “X20 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı, subpodratçı isə Şəxs ASC-dir. İcazələrin alınması üçün Şəxs ASC tərəfindən “X20 Sanayi ve Ticaret Anonim Şirketi”nin Qubadlı ofisinin mail ünvanına sənədlər göndərilir. Oraya sənədlər email olunduqdan sonra “X20 Sanayi ve Ticaret Anonim Şirketi”nin Qubadlı ofisindən Bakı ofisinə, oradan da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə göndərilir, agetnlikdə baxıldıqdan sonra Daxili İşlər Nazirliyinə icazələrin alınması və ləğv olunması üçün müraciət olunur. Butun bu sənədlərin dövriyyəsi ən yaşı halda 7-10 gün çəkir, eləcə də icazələrin alınması və ya ləğv olunmasının aydınlaşdırmaq onlar üçün əlçatan deyil. İcazələr 02 ay müddətində verilir və vaxt tamam olduqdan sonra avtomatik qaydada ləğv olunmalıdır. Aktiv olaraq qaldıqda isə onlar tərəfindən buna nəzarət etmək mümkün olmur. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, inzibati orqanın, cəmiyyətin nümayəndəsinin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: dövlət reyestrindən çıxarışdan görünür ki, Şəxs ASC xx.xx.2005-ci il tarixdə dövlət qeydiyyatından keçmiş, qanuni təmsilçisi X8r; Şəxs ASC tərəfindən “X21 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycandakı fililalına ünvanladığı xx.xx.2024-cü il tarixli, 06/3 №-li, xx.xx.2024-cü il tarixli, 07/24-3 №-li və xx.xx.2024-cü il tarixli, 07/24-6 №-li məktublar və onlara əlavə edilmiş icazə verilmiş şəxslərin icazələrinin ləğv olunmasına dair qoşmalardan görünür ki, işğaldan azad edilmiş ərazilərdə müvafiq icazəsi olan işçilərin əmək müqaviləsinə xitam verildiyi üçün həmin icazələrin ləğv olunmasına köməklik göstərilməsi xahiş edilmişdir. xx.xx.2024-cü il tarixli MN1933253 nömrəli nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs ASC tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X9, X3 və X6 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə təsdiq edilməmişdir. Məhkəmə iclasında araşdırılmış hallardan müəyyən edilmişdir ki, Şəxs ASC tərəfindən işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınan X9, X3 və X2 əmək müqavilələrinə xitam verildikdən sonra onlar üçün alınan icazənin ləğv edilməsi üçün Şəxs ASC tərəfindən elektron qaydada müraciət olunmuş, lakin texniki məsələlərə görə icazənin ləğv olunub-olunmaması haqqındada cəmiyyət tərəfindən məlumat əldə etmək olmamışdır. Şəxs ASC tərəfindən icazələrin ləğv olunması üçün xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müraciətlər edilməsinə baxmayaraq qeyd edilən hallar inzibati orqan tərəfindən araşdırılmamış və ya nəzərə alınmadan hüquqi şəxs barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin prinsiplərinə dair normalar xətada təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı qərarda həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar Şəxs ASC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir, toplanmış sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək xətanın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Şəxs ASC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43-48, 53, 76, 84, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: RAHİD MEHDİYEV
Məhkəmə qərarları › İş №3(041)-713/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-713/2024
06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver