Məhkəmə qərarları › İş №3(041)-720/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-720/2024

23.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-720/2024 23.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Mehdiyev Rahid Baxşəli oğlu, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Ucar rayonunun Bərgüşad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Kürdəmir rayonu, Muradxan ərazi dairəsi, Sor-Sor kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN2085517 nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-43/2024 nömrəli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə İ.X.Mirzalıyev tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandırmaq üçün bildirdi ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-43/2024-cü nömrəli icra sənədinə əsasən Şəxs ümumilikdə 2880 manat vurulmuş maddi ziyan və 51.30 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmiş, borclu Şəxs bildiriş göndərilmiş və şöbəyə dəvət edilərək izahatı alınmasına baxmayaraq icra sənədi bu günə kimi tam şəkildə icra edilməmişdir. Hazırda borclunun tələbkara olan borcu 1750 manat təşkil edir. İcra sənədi üzrə aparılmış məcburi icra hərəkətləri və görülmüş digər tədbirlər heç bir nəticə vermədiyindən İ.X.Mirzalıyev barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında borclu Şəxs izahatında göstərdi ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-43/2024-cü nömrəli icra sənədindən məlumatı var, tələbkara 2024-cü ilin iyun ayında 1000 manat və iyul ayında isə 150 manat ödəniş etmişdir. İcra sənədini icra etməli olduğunu dərk edir, icra məmurunun bütün çağırışlarına gəlmiş, icra sənədinin icrasından yayınmaq fikri olmamışdır. Maddi imkansızlığa görə hazırda icra sənədini tam şəkildə icra edə bilmir, qalıq qalan 1750 manat borcunu hissə-hissə ödəyəcəkdir. İ.X.Mirzalıyev izahatının sonunda barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-43/2024-cü nömrəli icra sənədinə əsasən Şəxs 2880 manat və dövlət rüsumuna görə 51.30 manat tutularaq ona ödənilməsi qət edilmişdir. Bu günə kimi borcu tərəfində ona 2024-cü ilin iyun ayında 1000 manat, iyul ayında isə 150 manat, ümumilikdə 1150 manat ödəniş edilmişdir. Borcun tam şəkildə ödənilməsini tələb edir, lakin borclunun tutulmasını və yaxud cərimə edilməsini istəmir. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Tərəflərin izahatından və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-43/2024-cü nömrəli icra sənədinə əsasən Şəxs 2880 manat vurulmuş maddi ziyan və 51.30 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Borclu tələbkara 2024-cü ilin iyun ayında 1000 manat və iyul ayında isə 150 manat ödəniş etdiyini, icra məmurunun bütün çağırışlarına vaxtlı-vaxtında gəldiyini, icra sənədinin icrasından yayınmaq fikri olmadığını, qalıq qalan 1750 manat borcu hissə-hissə ödəyəcəyini bildirir. Məhkəmə iclasında iştirak edən tələbkar isə bu günə qədər borclu tərəfində ona 1150 manat ödəniş edildiyini, borcun tam şəkildə ödənilməsini tələb etməsinə baxmayaraq borclunun tutulmasına və yaxud cərimə edilməsini istəmədiyini bildirir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. İşin yuxarıda şərh edilən halları barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi hallar öz təsdiqini tapmadığına görə onun inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda şərh olunanları nəzərə alaraq hesab edirəm ki, Şəxs hərəkətlərində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında göstərilən inzibati xəta halları yoxdur və bu səbəbdən də, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar