Məhkəmə qərarları › İş №3(041)-751/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-751/2025

20.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-751/2025 20.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Şahbazova Göyçək Kamil qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi X1, Zərərçəkmiş şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1944-cü il tarixdə Kürdəmir rayonunun Xəlsə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Kürdəmir rayonu, Xəlsə kəndində qeydiyyatda olmaqla yaşayan (FİN-xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Kürdəmir RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxıb, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Kürdəmir RPŞ tərəfindən Şəxs barəsində xırda talamaya görə İXM-in 227-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi X3 izahat verərək bildirmişdir ki, Kürdəmir rayonu Xəlsə kənd sakini Şəxs 15 iyul 2025-ci il tarixdə saat 09 radələrində Kürdəmir rayon İcra hakimiyyətinin binasında növbə yazılan otaqda Zərərçəkmiş şəxs məxsus 310-320 manat pulunu oğurlayaraq ələ keçirməsi ilə bağlı Kürdəmir RPŞ-nə müraciət daxil olmuşdur. Həmin müraciət əsasında Kürdəmir RPŞ-də toplanmış material üzrə Zərərçəkmiş şəxs dəymiş ziyanın 310-320 manat olduğu müəyyən edildiyi üçün xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş və toplanmış material üzrə İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti ona verilmişdir. Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, Kürdəmir rayonu, Xəlsə kəndinə yaşayır. Kürdəmir rayon icra hakimiyyətinin binasında növbə yazılan yerə qəbulda növbə gözləmişdir. Həmin vaxt oturacaq yerdə ortada Vasif adlı şəxs, digər tərəfdə o özü, o biri tərəfdə isə Kürdəmir rayonu Türkədi kənd sakini Yaqub adlı şəxs oturmuşdur. Vasif adlı şəxs durub qeydiyyatçıya yaxınlaşıb növbə çekini götürüb getmişdir. Bundan sonra Yaqub ona “pulun düşmək istəyir, onu cibinə qoy" demişdir. O da pulu Yaquba sayıb cibinə qoymasını istəmişdir. Yaqub da sayıb pulu onun cibinə qoyduğunu bildirmişdir. Həmçinin o, oğru olmadığını, ona verilən pul özünün olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, Kürdəmir rayonunun Ərəbxana kəndində yaşayır, 15 iyul 2025-ci il tarixdə səhər vaxtı öz şəxsi işi ilə əlaqədar Kürdəmir Rayon İcra Hakimiyyətinə gələrək birinci mərtəbədə qəbula yazılan otaqda oturub növbə almaq üçün gözləmişdir. Saat təxminən 09 radələrində ayağa qalxıb növbə yazılan yerə yaxınlaşmışdır. Telefonunu cibindən çıxaran zaman özü də bilmədən cibində olan 311 manata yaxın pulu oturacağın kənarına düşmüşdür. Bunu bilməyərək çeki alıb qəbul otağına getmiş, icra başçısının qəbuluna girib çıxıb evinə getmişdir. Evdə üzərini dəyşərkən cibində pulunun olmadığını görmüşdür. İcra hakimiyyətində növbə olan otaqda olarkən yanında oturan Kürdəmir rayonu Xəlsə kənd sakini Hüseynağa adlı bir şəxsə sol tərəfindəki adamın pul verməsini eşitdiyini xatırlamışdır. Həmin vaxt həmin tanımadığı şəxs oturacaqdan pulu götürüb Hüseynağaya verərək "səndən yerə düşüb" dediyini eşitmişdir. O, Xəlsə kənd bələdiyyəsinin sədrinə zəng vuraraq Hüseynağa ilə danışmaq istəmiş, lakin Hüseynağanın telefonu olmadığını bilmişdir. Sonra o, Hüseynağanın kafedə oturduğunu öyrənmiş yanına getmişdir. Hüseynağa ona "pul məndədir, lakin o sənin deyil, kimsə səni öyrədib üstümə salıb" demişdir. Qeyd etdiklərinin nəzərə alınaraq, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş və İXM-in 227-ci maddəsi ilə inzibati araşdırma aparılması üçün Kürdəmir RPŞ-nə göndərilmişdir. Həmçinin qeyd edilən qərardan müəyyən olunur ki, Zərərçəkmiş şəxs 310-320 manat məbləğində maddi ziyan dəymişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Elektron Məhkəmə İnforamasiya sistemindən çıxarışa əsasən, Şəxs yaşa görə pensiya təyin edilmiş, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış və ona pensiya təyin edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Çünki Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özü etiraf etməsə də zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol, həmçinin digər iş materialları ilə tam sübuta yetirilmiş və məhkəmədə öz təsdiqini tapmışdır. Ona görə də, məhkəmə Şəxs İXM-in 227-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32.2-ci maddəsinə əsasən Şəxs müharibə veteranı olmasını, ahıl, yaşlı şəxs olmasını (xx.xx.1944-cü il təvəllüdlü) onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-in 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İXM-nin 34-1-ci maddəsinə əsasən, bu məcəllənin xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Beləliklə, məhkəmə Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını, törətmiş olduğu xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib İXM-nin 34-1-ci maddəsi tətbiq edilərək ona aşağı həddə cərimə növündə inzibati tənbeh növü tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 28, 30, 34-1, 40, 43, 48-51, 73, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nın 34-1-ci maddəsi tətbiq edilərək Şəxs 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar