Məhkəmə qərarları › İş №3(041)-752/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-752/2025

20.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-752/2025 20.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Mehdiyev Rahid Baxşəli oğlu, Şahbazova Göyçək Kamil qızının katibliyi, Kürdəmir rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Kürdəmir rayonu, Pirili ə/d, Pirili kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Miriyev X3 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-431/2024 nömrəli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən icra məmuru X2 inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandırmaq üçün bildirdi ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-431/2024 nömrəli icra sənədinə əsasən Şəxs 6000 (altı min) manat pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmiş, borclu Şəxs bildiriş göndərilmiş və şöbəyə dəvət edilərək izahatı alınmasına baxmayaraq icra sənədi bu günə kimi tam şəkildə icra edilməmişdir. Hazırda borclunun tələbkara olan borcu 5330 manat təşkil edir. İcra sənədi üzrə aparılmış məcburi icra hərəkətləri və görülmüş digər tədbirlər heç bir nəticə vermədiyindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında borclu Şəxs izahatında göstərdi ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-431/2024 nömrəli icra sənədindən məlumatı var. İcra sənədi üzrə bu günə dək 670 manat ödəniş etmişdir. İcra sənədini icra etməli olduğunu dərk edir, icra sənədinin icrasından yayınmaq fikri yoxdur. Maddi imkansızlığa görə hazırda icra sənədini tam şəkildə icra edə bilməmişdir. O iki dəfə infakt keçirmişdir. Ağır dərəcəli şəkər xəstəsidir. Bir qızı da boşanıb, azyaşlı uşaqları ilə onun himayəsində yaşayır. Maddi imkansızlığa görə borcunu tam şəkildə icra edə bilməmişdir. Hazırda Bakı şəhərində işləyir, dəmir yığıb satmaqla məşğul olur. Qazandığı pulla hər ay qətnamə ilə ona yazılmış borcundan imkanı çatdığı qədər ödənişlər edir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Əgər həbs olunarsa ölə bilər. Çünki ağır dərəcədə şəkər olduğundan qızının hər gün ona vurduğu iynə ilə yaşayır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-431/2024 nömrəli icra sənədinə əsasən borclu Şəxs 6000 (altı min) manat pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. xx.xx.2024-cü il tarixli icraata başlama haqqında qərarın surətindən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-431/2024 nömrəli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Kürdəmir rayon İcra və Probasiya Şöbəsindən daxil tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokola əsasən, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-431/2024 saylı icra sənədi üzrə yaranmış borc Şəxs tərəfindən ödənilməmişdir. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Tərəflərin izahatından və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-431/2024 nömrəli icra sənədinə əsasən Şəxs 6000 (altı min) manat pulun tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Borclu icra sənədinin icrasından yayınmaq fikri olmadığını, iki dəfə infakt keçirdiyini, ağır dərəcəli şəkər xəstəsi olduğunu, bir qızının da boşanıb, azyaşlı uşaqları ilə onun himayəsində yaşadığını, maddi imkansızlığına görə borcunu tam şəkildə ödəyə bilmədiyini, hazırda Bakı şəhərində dəmir yığıb satmaqla məşğul olduğunu, qazandığı pulla hər ay borcundan imkanı çatdığı qədər ödənişlər etdiyini, hazırda icra sənədi üzrə qalmış 5330 manat borcunu ödəyəcəyini bildirir. Onun icra sənədi üzrə 6000 manat borcundan 670 manatın ödənilməsi, 5330 manat borcunun qalması icra məmuru tərəfindən də təkzib edilməmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. İşin yuxarıda şərh edilən halları barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi hallar öz təsdiqini tapmadığına görə onun inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda şərh olunanları nəzərə alaraq hesab edirəm ki, Şəxs hərəkətlərində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında göstərilən inzibati xəta halları yoxdur və bu səbəbdən də, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: RAHİD MEHDİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar