Məhkəmə qərarları › İş №3(041)-803/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-803/2024

13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-803/2024 13.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Kürdəmir Rayon Polis X1 Bölməsinin polis baş leytenantı X8, Kürdəmir RPŞ-nin DYPB-nin yol-patrul xidməti inspektoru, polis baş serjantı X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, sürücülük fəaliyyəti ilə məşğul olan, Ağsu rayonu, Ərəbhehdibəy kəndində qeydiyyatda olan və faktiki olaraq həmin ünvanda yaşayan Fin: (xxxxxxx), Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 511.1.3 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Kürdəmir Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Arzu Rzayev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair, Kürdəmir Rayon Polis X1 Bölməsinin polis baş leytenantı X8 tərəfindən tərtib olunmuş, xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material baxılması üçün aidiyyəti üzrə xx.xx.2024-cü il tarixdə Kürdəmir Rayon Məhkəməsinə təqdim edilmişdir. Eyni zamanda Kürdəmir Rayon DYPB-nin YPX üzrə inspektoru polis baş serjantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material baxılması üçün aidiyyəti üzrə xx.xx.2024-cü il tarixdə Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. Yuxarıda qeyd edilmiş inzibati xəta haqqında protokollardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona məxsus olan “LADA PRİORA” minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə, Kürdəmir şəhəri, Bakı pr-də manevr etmə qaydasını pozmuş daha sonra svetaforun qadağanedici qırmızı işığında keçdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılmışdır. xx.xx.2024-cü il tarixdə, saat 21:30 radələrində Kürdəmir şəhəri, Bakı pr-də idarə etdiyi “LADA PRİORA” minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol hərəkət qaydalarını pozduğu üçün Kürdəmir RPŞ DYPB-nin YPX-i əməkdaşlarının “saxla” işarəsinə əməl etməmiş, davamlı olaraq qayda pozmaqla hərəkətini davam etdirmiş, daha sonra avtomobili prospektə bitişik ərazidə saxlayaraq, əməkdaşların ona yaxınlaşdığını görüb, avtomobildən enərək oradan qaçmaqla, polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Kürdəmir Rayon Polis X1 Bölməsinin polis baş leytenantı X8 tərəfindən Şəxs barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında və Kürdəmir RPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokol tərtib edilmişdir. Daha sonra, Kürdəmir Rayon Polis X1 Bölməsinin xüsusi polisi baş leytenantı X8 tərəfindən Şəxs barəsində xx.xx.2024-cü il tarixli, AZA 000493 nömrəli inzibati qaydada tutma haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Kürdəmir Rayon Polis X1 Bölməsinin polis baş leytenantı X8 və Kürdəmir RPŞ-nin DYPB-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X5 məhkəmə iclasında tərtib etdikləri protokolu müdafiə edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında tədbir görülməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad edilən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilib, İXM-nin 511.1.3-cü maddəsi ilə isə təqsirsiz olduğunu qeyd edərək bildirdi ki, o, xx.xx.2024-cü ildə özünə məxsus “LADA PRİORA” markalı avtomobillə Kürdəmir şəhərində hərəkətdə olarkən YPX-nin inspektoru Eldəniz Eyvazov onun yanına gələrək işıqforun qırmızı işığında keçdiyini bildirmiş və ona izah etmişdir ki, sarı işıqda keçmiş lakin inspektor onunla razılaşmamış və protokol tərtib etmişdir. Təxminən 3 saat sonra ona cərimə olduğu barədə bildiriş gəlmişdir. Bundan əsəbləşərək polis inspektoru Eldəniz Eyvazova zəng edərək narazıçılığını bildirmiş və aralarında mübahisə yaranmış və onu nalayiq ifadələrlə təhqir etmişdir. Həmin günü saat 21:00 radələrində Kürdəmir rayon ərazisində hərəkətdə olarkən Bakı pr-də YPX-nin inspektorları Səbuhi, Ülvi və Eldəniz adlı polislərin dayandığını görüb onlara yaxınlaşan zaman polis serjantı Eldəniz Eyvazov onu təhqir etməyə başlamış və buna görə oradan uzaqlaşmışdır. Bundan sonra YPX-nin əməkdaşları onun arxasınca gəldiyi üçün avtomobildən düşərək qaçmış və qorxduğu üçün Bakı şəhərinə getmişdir. Daha sonra xx.xx.2024-cü ildə etdiyi əməldən peşman olduğu üçün Kürdəmir RPŞ-yə gəlmiş və hal-hazırda törətdiyi əməldən peşiman olduğunu, saxlanılarkən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqlarının izah olunduğunu, iş materialları ilə tanış olduğunu, tutulan zaman və polis şöbəsində olduğu dövrdə heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını bildirmiş, məhkəmədən yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin DYPB-nin Kürdəmir rayon yol patrul xidməti inspektoru, polis baş serjantı X6 izahatından bildirdi ki, xx.xx.2024-cü il tarixdə “Mercedes C300” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobilində YPX-i inspektoru polis baş serjantı Səbuhi Muradovla birlikdə Kürdəmir şəhəri, Bakı pr-də xidmətdə olarkən “LADA PRİORA” minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə manevr etmə qaydasını pozduğu üçün tərəflərindən saxlanma işarəsi verilmişdir. Sürücü avtomobili saxladığı an ona yaxınlaşan zaman avtomobili yüksək sürətlə sürüb getmişdir. Bu barədə 7662 çağrışlı patrul avtomobilinə məlumat verilmişdir. Həmin avtomobil digər əməkdaşlarında saxlama işarəsinə tabe olmayaraq hərəkətini davam etdirərək yenidən Bakı prospektində svetoforun qırmızı qadağanedici işarəsində hərəkətini davam etdirərək əks zolağa çıxmaqla yolun sol tərəfində yerləşən yağlama sexinin qarşısında piyada yoluna çıxaraq dayanmış avtomobillərin arasından sürərək manevr etmə qaydasını pozaraq səki ilə hərəkətini davam etdirmiş, yenə saxlama işarəsi verilməsinə baxmayaraq yenə öz qanunsuzluğuna davam etmiş və avtomobili tam əks zolağa çıxararaq hərəkəti davam etdirərək yol hərəkət qaydalarını mütamadi olaraq kobud şəkildə pozaraq avtoxuliqanlıq etmiş, yenidən saxla işarəsi verilməsinə baxmayaraq təxminən 40-50 metr qarşıda Bakı pr-nə bitişik ərazidə saxlayaraq avtomobildən enərək həmin yerdən qaçıb getmişdir. Polis əməkdaşı onun arxasınca 30-40 metr qaçmış, yorğunluqdan yıxılaraq xəsarət almış və geri qayıtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin DYPB-nin Kürdəmir rayon yol patrul xidməti inspektoru X3 şahid qismində dindirilmiş X6 ilə oxşar izahat verərək onun izahatında göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirdi ki, xx.xx.2024cü il tarixdə, axşam saat 21:30 radələrində tanışı Elşən İsaxanovla birlikdə Kürdəmir şəhəri, Bakı prospektində yerləşən Yağlama məntəqəsinin qarşısında dayanan zaman Kürdəmir şəhəri, 4 yol dairəsində onlara Lada Priora markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilin yüksək sürətlə irəlilədiyini və əks istiqamətli hərəkət zolağında çıxdıqdan sonra yolun hərəkət hissəsindən kənardakı Yağlama məntəqəsinin qarşısına daxil olaraq dayandığını görmüş, həmin vaxt sözügedən avtomobilin arxasında YPX avtomobilləri dayandığı üçün sürücü idarə etdiyi avtomobili orada parklanmış avtomobillərin arasına doğru hərəkətə gətirərək səkidən birbaşa su idarəsinin döngəsinə doğru sürmüşdür. Həmin vaxt o, manevr edərkən avtomobilin arxa bamperini səkinin bardürünə sürtdüyü üçün arxa işıq qaytarıcı zədələnərək yerindən çıxmışdır. Daha sonra isə həmin avtomobil Bakı prospektinə çıxaraq YPX avtomobillərinin hərəkətinə tabe olmayıb həmin prospektdəki nizamlanan yolayrıcından svetoforun qadağanedici siqnalının tələbini pozaraq irəliləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 şahid X2 izahatına oxşar izahat vermişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyib, həmçinin inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsinin inzibati xəta tərkibi olmadığından barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında işə xitam verilməli, lakin onun əməlində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin tərkibi olduğundan, barəsində həmi maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində Kürdəmir şəhəri, Bakı prdə YPX əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. xx.xx.2024-cü il tarixli AZA 000493 nömrəli nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin gün, saat 16:00-da inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs “LADA PRİORA” minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Kürdəmir şəhəri, Bakı pr-də hərəkətdə olarkən Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan diskə baxış zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona məxsus olan “LADA PRİORA” minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yolun kənarında saxlayaraq avtomobilini tərk edərək qaçdığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. İş materiallarında olan sənədlər və məhkəmə iclasında araşdırılmış hallardan Şəxs “LADA PRİORA” minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə, saat 21:30 radələrində Kürdəmir şəhərinin Bakı prospektində ərazisində mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxartması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət edilən avtoxuliqanlıq etməsi müəyyən edilməmişdir. İşin məhkəmə iclasında araşdırılan hallarından müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü ildə özünə məxsus “LADA PRİORA” markalı avtomobillə Kürdəmir şəhərində hərəkətdə olarkən Kürdəmir RPŞ-nin YPX inspektoru Eldəniz Eyvazov tərəfindən işıqforun qırmızı işığında keçdiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, cərimə olduğu barədə bildiriş aldıqdan sonra həmin polis inspektoruna zəng edərək onun barəsində təhqiramiz ifadələr işlətmiş, həmin günü saat 21:00 radələrində Kürdəmir rayon ərazisində hərəkətdə olarkən polis əməkdaşlarının ona yaxınlaşdığını görərək avtomobili ilə uzaqlaşmağa çalışmış, əməkdaşları onun arxasınca gəldiyi üçün avtomobildən düşərək qaçmış və Bakı şəhərinə getmişdir. Daha sonra xx.xx.2024-cü ildə Kürdəmir RPŞ-yə gələrək könüllü təslim olmuşdur. İş materiallarında Şəxs tərəfindən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması, yəni İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulan hərəkətlər etməsi təqdim edilmiş materiallarla, məhkəmə iclasında araşdırılmış hallarla sübut edilməmişdir. Belə ki, məhkəmə iclasında olan diskə baxış zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona məxsus olan “LADA PRİORA” minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması müşahidə edilməmişdir. Şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə təqsirli bilmədiyini bildimiş, onun həmin maddə ilə təqsirliliyini təsdiq edən başqa sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında izahat vermiş şahidlər Şəxs polis işçilərinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması barədə izahat vermiş, onun mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət edilən avtoxuliqanlıq etməsi digər maddi sübutlarla, sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilməmişdir. Şərh olunan əsaslara məhkəmə hesab edir ki, Şəxs İXM-nin 511.1.3-cü maddəsi ilə təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun həmin maddə ilə təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İXM-nin 511.1.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsinin inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 04 zəruri elementdən biri olan obyektiv cəhəd yoxdur. Yəni, o, “LADA PRİORA” minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixdə, saat 21:30 radələrində Kürdəmir şəhərinin Bakı prospektində ərazisində mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxartmamış və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə müşayiət edilən hərəkətlər etməmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs yalnız öz subyektiv mülahizələrinə əsasən onun barəsində Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Eyni zamanda məhkəmə barəsində inzibat xəta haqqında iş üzrə icrat aparılan şəxs Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünün və şahidlərin izahatı, inzibati xəta haqqında protokol və d.) tam sübuta yetirilir. Həmin maddə ilə inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsini müzakirə edərkən Azərbaycan Respublikası İXM-in aşağıda qeyd edilən müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İXM-nə uyğun olaraq tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir Məhkəmədə Şəxs əməlini səmimi etiraf edərək peşman olmasını, onun polis şöbəsinə gələrək könüllü təslim olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanları nəzərə alaraq və İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Kürdəmir Rayon Polis Şöbəsinin DYPB-si tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli onun polis əməkdaşları tərəfindən inzibati qaydada tutulduğu gündən, yəni 12 avqust 2024-cü il saat 16:00-dan hesablansın. Qərarın icrası Kürdəmir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar