Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-823/2025 11.09.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi, Kürdəmir rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, İİİ qrup əlil, Kürdəmir rayonu Şıxımlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Ağsu rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(016)-52/2025 nömrəli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2 inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandıraraq bildirdi ki, Ağsu rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(016)-52/2025 nömrəli icra sənədinə əsasən xx.xx.2025-ci il tarixdən başlayaraq, yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay, bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.50 misli həddində sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmiş, borcluya bildiriş göndərilmiş və şöbəyə dəvət edilərək izahatı alınmış, lakin bu günə kimi icra sənədi borclu Şəxs tərəfindən tam şəkildə icra edilməmiş, nəticədə tələbkara 1575 manat borcu yaranmışdır. İcra sənədi üzrə aparılmış məcburi icra hərəkətləri və görülmüş digər tədbirlər heç bir nəticə vermədiyindən onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Verilmiş suallara cavab olaraq M.R.Şirnalıyev borclunun icra məmurunun çağırışlarına vaxtı-vaxtında gəlməsini və icra sənədinin icrasından yayınmadığını təsdiq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Ağsu rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(016)- 52/2025 nömrəli icra sənədindən məlumatı var. İİİ qrup əlil olduğu üçün aldığı 180 AZN müavinətdən tutulmalarla icra sənədini icra edir. İşləmədiyi üçün borcunu tam olaraq ödəyə bilmir. İcra sənədini icra etməli olduğunu dərk edir, icra məmurunun bütün çağırışlarına gəlmiş, icra sənədinin icrasından yayınmaq fikri olmamışdır. İş materiallarına əlavə edilmiş: - icraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan məlum olur ki, Ağsu rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(016)-52/2025 nömrəli icra sənədinə əsasən xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.50 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi müəyyən edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən alınmış Sosial müavinət və təqaüd haqqında arayışdan görünür ki, Kürdəmir rayonu Şıxımlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs İİİ qrup əlilliyə görə 180 AZN sosial müavinət alır. - tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişdə borclu və anasının imzası olsa da, verildiyi tarix göstərilməmişdir. - tələbkarın xx.xx.2025-ci il tarixli ərizəsində aliment borcunun 1090 manat təşkil etdiyi, borclu barəsində tədbir görülməsi xahiş edilmişdir. İşdə olan sənədlərdən məlum olur ki, Ağsu rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(016)-52/2025 nömrəli qətnaməsinə əsasən xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.50 misli həddində (220 manat) sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Yəni qətnamə qəbul edilən günə kimi, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixə kimi 1100 manat aliment borcu yaranmışdır. Borclu İİİ qrup əlilliyə görə 180 AZN sosial müavinət alır və həmin məbləğin 70 % alimentə tutulur. Tələbin könüllü icrası haqqında xx.xx.2025-ci il tarixli bildirişin borcluya nə vaxt təqdim edilməsi barədə dəqiq tarixi müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. İşin yuxarıda şərh edilən halları barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi hallar öz təsdiqini tapmadığına görə onun inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda şərh olunanları nəzərə alaraq hesab edirəm ki, Şəxs hərəkətlərində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında göstərilən inzibati xəta halları yoxdur və bu səbəbdən də, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-823/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-823/2025
11.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver