Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-840/2025 09.10.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Mehdiyev Rahid Baxşəli oğlu Həsənova Gülnar Fikrət qızının katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1947-ci il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Kürdəmir rayonu, Şilyan kəndində qeydiyyatda olmaqla yaşayan (FİN- xxxxxxx) Şəxs barəsində Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola və əlavə edilmiş sənədlərə əsasən Kürdəmir rayonu, Şilyan kənd sakini Şəxs 07 iyun 2025-ci il tarixdə özünə məxsus bir baş camış heyvanını Kürədmir rayonu, Şilyan kəndi ərazisində kənd daxili asfalt örtüklü avtomobil yolunda nəzarətsiz qoyması səbəbindən həmin heyvanın avtomobill yolu ilə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi özünə məxsus VAZ-21214 markalı **-BE-*** qeydiyyat nişanlı avtomobillə vurulmasına və avtomobilə maddi ziyan dəyməsi ilə nəticələnən yolnəqliyyat hadisəsi törətməsinə səbəb olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, hadisə olan gündən iki gün əvvəl əməliyyat olmuş, bir gecə xəstəxanada qaldıqdan sonra həkim nəzarəti altında evə buraxılmış, evə gəldikdən sonra da müalicəsini davam etdirmiş, iyunun 7-si günü yenidən vəziyyəti pisləşmiş, lakin özü bildiyi üçün həkimə müraciət etməmiş və iynəsini vuraraq axşam saat 21:00 radələrində yatmışdır. Hadisə axşam saatlarında, mal-qara gələn vaxtı baş vermiş, lakin olan hadisədən xəbəri olmamış, hadisə yerində oğlu olmuşdur. Onun iki baş camışı olmuş, biri yanı balalı olmuşdur. Camışlardan biri həmkəndlisi Zərərçəkmiş şəxs tərəfindən vurulub öldürülmüşdür. Camışının öldüyünü hadisə gününün səhəri ona xəbər verilmiş və o zaman xəbəri olmuşdur. Onun heyvanları mütəmadi olaraq axşam örüş sahəsindən özləri qayıdaraq yaşadığı evin qarşısındakı yolu keçməklə həyətinə daxil olurmuş. Həmin gün heyvanları nədənsə bir qədər gec qayıtmışdır. Güman edir ki, onlar su içməyə görə bir qədər uzağa getmiş, ona görə evə qayıtmaları bir qədər gecikmişdir. Hadisədən sonra Kamil və Qardaşı dəymiş ziyanla bağlı razılıq əldə etmək üçün onlara getmiş, onları evə dəvət etmiş və söhbət zamanı razılıq əldə etmişlər. Bir müddət sonra isə Kamil daha ona pul ödəməyəcəyini, maşınının xərcinin çox olduğunu demişdir. Ona məxsus olan 1 baş qara rəngli, təxminən 7 yaşlı camışının avtomobilin vuraraq öldürməsi nəticəsində ona 3000 manat maddi ziyan dəymişdir. Bütün bunları nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 23:30 radələrində özünə məxsus idarə etdiyi “Vaz 21214” markalı ağ rəngli minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə bacısı oğlunu evlərinə aparıb, qayıdan zaman yolun qaranlıq hissəsində orda sol tərəfdə yerləşən sahədən bir neçə baş iribuynuzlu heyvanın yolun hərəkət hissəsinə çıxdığını görmüş, heyvanları vurmamaq üçün sağa tərəf keçmək istəsə də sağ hissədə qaz borusu yerləşdiyi üçün yoldan çıxa bilməmiş və maşını dayandıra bilməmişdir. Bu zaman həmin heyvanların arasında olan bir baş camış heyvanı zərbənin təsirindən avtomobilinin üzərinə düşərək avtomobilini əzmiş, nəticədə heyvan tələf olmuşdur. Hadisədən sonra Kürdəmir RPŞ-nə və yaxınlarına xəbər vermişdir, hadisəyə orda olan qonşular da şahid olmuşlar. Hadisə vaxtı ölən heyvanın Şəxs oğlu Vüsala aid olmasını təxmin etsə də, Vüsal heyvanın atası Həsrətə aid olduğunu bildirmişdir. Maşını həmin vaxt təmir üçün aparıb qayıtdıqdan sonra heyvanın kəsildiyini öyrənmişdir, lakin kimin tərəfindən kəsildiyindən məlumatı olmamışdır. Baş vermiş hadisə ilə bağlı ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Kürdəmir Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı polis kapitanı X1 cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarından məlum olur ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Kürdəmir RPŞ-nin DYPB-nə göndərilmişdir; Kürdəmir Rayon Polis Şöbəsinin polis kapitanı X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir; xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs məxsus VAZ-21214 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan 11 iyun 2025-ci il tarixdə təmirə qəbul edilmişdir. İnzibati xəta haqqında material, tərəflərin izahatları və Kürdəmir RPŞ-də iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş HK-1-1130 ömrəli materialdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünə məxsus camışları nəzarətsiz şəkildə otlamağa buraxmışdır. Bu nəticədə həmin heyvanların yola çıxaraq başqa şəxsin avtomobilinə zərər dəyməsinə səbəb olmuşdur. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilməsə də heyvanların nəzarətsiz buraxmasını etiraf etmiş, heyvanların özbaşına otlamağa getdiyini və gecə onları qaytarmaq əvəzinə heyvanların özlərinin axşam qayıtdığını bildirmişdir. Məhkəmə hesab edir ki, toplanmış sübutlar və inzibati xəta haqqında materialların məzmunu Şəxs İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini təsdiq edir. Azərbaycan Respublikasının İXM-nin 338.5-ci maddəsinə görə at arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 338.5.1. mal-qaranın yolda nəzarətsiz qoyulmasına; 338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə; 338.5.3. işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə; 338.5.4. at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə; 338.5.5. mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə, qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə, yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Beləliklə, Şəxs əməli özünün özünü təqsirli hesab etməsə də etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, Şəxs barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Şəxs ilk dəfə inzibati xəta hadisəsi törətməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İXM-nin 36.2-ci maddəsinə görə inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəx Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində aşağı həddə inzibati cərimə tənbeh tədbiri tətbiq edilməli, həmçinin vurulan ziyanla bağlı tərəflərə məhkəmədə mülki qaydada iddia qaldırmaq hüquqları izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 (bir yüz) manat miqdarda inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Maddi ziyanla bağlı tərəflərə mülki qaydada iddia qaldırmaq hüquqları izah edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №3(041)-840/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-840/2025
09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver