Məhkəmə qərarları › İş №3(041)-846/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-846/2024

21.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-846/2024 21.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN-xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli və Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollar əsasında toplanmış materiallar daxil olmuşdur. Məhkəmə iclasında Kürdəmir RPŞ-nin İTB-in polis sahə rəisi, polis mayoru X5 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Şəxs yaşadığı ərazidə qonşusu Zəhra adlı qadına ucadan nalayiq ifadələr işlətmiş, polis əməkdaşları ona yaxınlaşaraq irad bildirdikdə polisin qanuni tələbinə tabesizlik göstərərək hərəkətlərini davam etdirmişdir. Odur ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli və Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə özünü təqsirli bilir, İXM-nin 535.1-ci maddəsi ilə isə təqsirsizdir. Belə ki, içkili və əsəbi olduğundan xx.xx.2024-cü il tarixdə yaşadığı ərazidə qonşusu Zəhra adlı qadına ucadan nalayiq ifadələr işlətmiş, sonra oraya polis əməkdaşları yaxınlaşmış, ona polis şöbəsinə getməsi təklif edilmiş, o da heç bir tabesizlik göstərmədən onlarla birgə polis şöbəsinə getmişdir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin əməkdaşı, polis nəfəri X6 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası DİN-nin “102” mərkəz-zəng xidmətindən daxil olmuş məlumat əsasında Kürdəmir rayonunun “Semka” adlanan ərazisinə digər polis əməkdaşları ilə birgə getmişlər. Ora çatdıqda Şəxs ucadan nalayiq ifadələr işlətməsinin şahidi olmuşdur. Ona Kürdəmir RPŞ-nə getmək təklif olunmuş, o da heç bir müqavimət göstərmədən onlardan evlərinin qapısını kilidləməsinə icazə istəmiş, sonra onlarla birgə polis şöbəsinə gəlmişdir. Həmin vaxt Şəxs polisə heç bir tabesizlik göstərməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Kürdəmir rayonunda “Semka” adlanan ərazidə Şəxs küçədə səs-küy yaratdığını görüb ona yaxınlaşaraq özlərini təqdim etmiş, bu zaman onlara və qonşuları Zəhra adlı qadına daha da ucadan nalayiq küçə söyüşləri söyməyə başlayaraq polisin qanuni tələblərinə qəsdən tabe olmamış, öz hərəkətlərini davam etdimiş, onlar həmin şəxsi Kürdəmir RPŞ-nə gətirmişlər. xx.xx.2024-cü il tarixli raportdan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası DİN-nin “102” mərkəz-zəng xidmətindən operator məlumat verərək X3 ***-***-**-** nömrəsindən zəng edərək Kürdəmir rayonunda “Semka” adlanan ərazidə Qorxmaz adlı şəxsin onun evində kirayə qalan şəxslərlə dalaşması, təhqir etməsini qeyd etmiş, içkili olduğu və polis göndərilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Dadaşov X1 rayonunda “Semka” adlanan ərazidə ucadan nalayiq ünvansız söyüşlər söyən zaman polisin qanuni tələblərinə tabe olmamış, Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Dadaşov X1 rayonu ərazisində “Semka” adlanan ərazidə ucadan nalayiq söyüşlər söyərək xırda xuliqanlıq etmişdir. xx.xx.2024-cü il tarixli, AZA 000499 №-li protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 22:10 radələrində inzibati qaydada tutulmuşdur. CMS-“AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən görünür ki, Şəxs Göyçay Rayon Məhkəməsinin 3(046)-678/2024 saylı, Kürdəmir Rayon Məhkəməsinin 3(041)-190/2024 saylı və qərarları ilə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirləri tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin: 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. İş materiallarında Şəxs tərəfindən polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasını təsdiq edən hallar öz əksini tapmamış, tərtib edilmiş inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti göstərilməmişdir. Belə ki, Kürdəmir RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X5 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokoda və xx.xx.2024-cü il tarixli raportda Şəxs yaşadığı Kürdəmir rayonunda “Semka” adlanan ərazidə ünvanlı və ünvansız nalayiq küçə söyüşləri söyərək polisin qanuni tələbinə qəsdən tabe olmaması göstərilsə də məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin dindirilməsi zamanı, eləcə də iş materiallarından Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmaması kimi xüsusatlar təsdiq edilməmişdir. Bundan əlavə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və xx.xx.2024-cü il tarixli raportda Şəxs Kürdəmir rayonunda “Semka” adlanan ərazidə polisin qanuni tələblərinə tabe olmadığı, bununla da onun Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi qeyd edilsə də məhkəmə iclasında verdikləri izahatında Kürdəmir RPŞ-nin əməkdaşı, şahid qismində dindirilmiş X6 bildirmişdir ki, onlar hadisə yerinə getdikdə Şəxs Kürdəmir RPŞ-nə getmək təklif olunmuş, o da heç bir müqavimət göstərmədən onlardan evlərinin qapısını kilidləməsinə icazə istəmiş, sonra onlarla birgə polis şöbəsinə gəlmişdir. Həmin vaxt Şəxs polisə heç bir tabesizlik göstərməmişdir. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasında verdiyi izahatında polis əməkdaşlarının qanuni tələblərinə tabe olduğunu bildirmiş, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə təqsirliliyini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Şərh olunan əsaslara məhkəmə hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsi ilə təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun həmin maddə ilə təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Məhkəmə Şəxs istinad edilən İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində Şəxs təqsirsizliyi öz izahatı ilə yanaşı, inzibati araşdırma materialları, şahid ifadəsi inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, polis işçisinin və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərini pozma polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama hesab edilir. Məhkəmə araşdırması zamanı isə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs əməlində qanuni tələblərə qəsdən tabe olmama aşkarlanmamışdır. Eyni zamanda inzibati xəta haqqında protokol tərtib etmiş orqan isə Şəxs tərəfindən polisin qanuni tələbinə qəsdən tabesizlik göstərilməsini sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə barəsində inzibat xəta haqqında iş üzrə icrat aparılan şəxs Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs inzibati məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal hesab edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata həmin hissədə xitam verilməli, İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməli və onun barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq olunsun. Şəxs həbsdə saxlama müddətinin əvvəli 20 avqust 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar