Məhkəmə qərarları › İş №3(041)-848/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-848/2024

21.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-848/2024 21.08.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Kürdəmir rayonun Mollakənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonunun Mollakənd kəndində qeydiyyatda olmaqla yaşayan (FİN-xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola və iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunsuz olaraq narkotik vasitə istifadə etmiş, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Kürdəmir Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X2 izahatında bildirdi ki, cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən, Şəxs qanunusuz olaraq narkotik maddə olan marixuan istifadə etdiyindən onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi əsası ilə barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, Bakı şəhərində toy şənliyində olarkən orda olan şəxslər narkotik maddə istifadə etməsini ona təklif etmiş, içkili olduğundan narkotik maddə olan marixuanadan istifadə etmişdir. Hazırda heç bir narkotik və psixotrop maddə qəbul etmir. Əvvəllər də cinayət və inzibati məsuliyyətə cəlb edilmədiyini, ilk dəfə belə əmələ yol verdiyini, himayəsində azyaşlı uşaqların olmasını nəzərə alıb, barəsində cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə tədbir görülməsi üçün material ayrılmaqla Kürdəmir RPŞ İTB-nə göndərilmişdir. xx.xx.2024-cü il tarixli, 648 №-li Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokoluna əsasən, Şəxs sidiyində narkotik vasitə olan marixuana aşkar edilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmiş inzibati xətanı törətməkdə təqsiri özünün etirafedici izahatı, müayinə protokolu, inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübut edilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta hadisəsi törətməsi məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməli, qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 300 (üç yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar