Məhkəmə qərarları › İş №3(041)-857/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-857/2024

05.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-857/2024 05.12.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, məhkəmə iclas katibi Şahbazova Göyçək Kamil qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1959-cu il tarixdə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, sürücülük fəaliyyəti ilə məşğul olan, Ağsu rayonunun Padarqışlaq kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Mərkəzi Aran regional şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2 və 198.3-сü maddələri ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Mərkəzi Aran regional şöbəsinin (bundan sonra Mərkəzi Aran regional şöbəsi) baş məsləhətcisi baş əmək müfəttişi Nümayəndə tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN1932454 nömrəli inzibati xəta haqqında protokola əsasən, Kürdəmir rayonunda xx.xx.2024-cü il tarixdə saat 14 radələrində yol nəqliyyat hadisəsi baş vermiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sürücünün vəzifə təlimatının 1-ci bölməsinin 1.4-cü bəndi və sürücülər üçün texniki təhlükəsizlik qaydaları üzrə təlimatın giriş hissəsinin tələblərinə riayət etməməsi nəticəsində fəhlə X8 az ağır, fəhlə X4 yüngül xəsarətlər almalarına səbəb olmuş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 198.3 və 198.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdilmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(041)-857/2024-cü il saylı qərarı ilə (hakim X.X.İmanov) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Mərkəzi Aran regional şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2 və 198.3-сü maddələri ilə olan inzibati xəta haqqında iç üzrə icraata həmin Məcəllənin 53.1.7-ci maddəsinə əsasən xitam verilmişdir. Həmin qərardan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayətə baxan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(106)-474/2024-cü il tarixli qərarı ilə (hakim Y.X.Həşimov) səlahiyyətli orqan Azərbaycan Respublikası ƏƏSMN yanında X10 Xidməti Mərkəzi Aran Regional Şöbəsi tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Kürdəmir Rayon Məhkəməsinin 11 sentyabr 2024-cü il tarixli qərarı həmin şikayətə münasibətdə ləğv olunmuş, inzibati xəta haqqında iş üzrə icraat materialları yenidən araşdırılması üçün Kürdəmir Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası ƏƏSMN yanında X10 Xidməti Mərkəzi Aran Regional şöbəsinin baş məsləhətcisi- baş əmək müfəttişi Nümayəndə inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandırmaq üçün bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 14.08 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun 187,5-ci km-də texniki cəhətdən saz vəziyyətdə olan yol vərəqəsi ilə idarə etdiyi “QAZ 330273 345” markalı, bortlu tenli 5-1 yerli, **-JP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini Bakı şəhəri istiqamətində hərəkət hissəsinin sağ kənarından ehtiyat hissədən sola çıxaraq ondan arxa sağ hərəkət zolağı ilə düzünə hərəkətdə olan X3 70 km/saat sürətlə idarə etdiyi “X15” markalı, frqon tipli **-TC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yol vermədən yolun sağ çiynindən sola doğru manevr edib sağ hərərkət zolağına çıxaraq yol nəqliyyat hadisəsi törətmiş, yol nəqliyyat hadisəsi nəticəsində “avtomobil və avtomobildə olan sərnişinlər X12, X7 və X1 müxtəlif dərəcəli bədən xəsarətləri almasına və avtomobilə maddi ziyan vurulmasına səbəb olmuşdur. Aparılmış araşdırma nəticəsində Şəxs vəzifə təlimatının 1-ci bölməsinin 1.4-cü bəndi və sürücülər üçün texniki təhlükəsizlik qaydaları üzrə təlimatının giriş hissəsinin tələblərinə riayət etməməsi müəyyən olunmuş və onun barəsində tədbir görülməsi qərara alınaraq Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 198.2 və 198.3-сü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 14.08 radələrində Kürdəmir rayonunun Xırdapay kəndi ərazisindən keçən Bakı-Qazax-Gürcüstan sərhəddi yolunda Bakı istiqamətində hərəkət hissəsinin sağ kənarından ehtiyat hissədə 40-50 km/saat sürətlə idarə etdiyi “QAZ 330273 345” markılı, bortlu tentli 5-1 yerli, **-JP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini sola hərəkət hissəsinə doğru çıxarıb düzünə hərəkətdə olarkən arxadan eyni istiqamətdə hərəkətdə olan “X15” markalı yük avtomobilinin qabaq sağ hissəsi onun avtomobilinin arxa sol hissəsi ilə toqquşmuş, hadisə nəticəsində avtomobilə və avtomobildə olan sərnişinlər Rövşən Quliyev, Gülməmməd İbrahimov və Atamoğlan Şirinov müxtəlif dərəcəli ədən xəsarətləri almışlar. Bununla bağlı DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılmış, xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və qərarın surəti barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Yol-patrul Xidməti alayının 7-ci tağımına göndərilmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Daha sonra Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli qərarı ilə Azərbaycan Respublikasının İXM 198.2-ci və 198.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bundan bir müddət sonra ünvanına gələn məhkəmə bildirişini oxuduqda barəsində Mərkəzi Aran regional şöbəsi tərəfindən əsassız yerə Azərbaycan Respublikası İXM-nın 198.2 və 198.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edildiyini bilib, oranın əməkdaşlarına baş verənlərlə bağlı bir dəfə məsuliyətə cəlb edildiyini bildirməsinə baxmayaraq bunun heç bir nəticəsi olmamışdır. Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Yolnəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin müstəntiqi polis mayoru Mübariz Nəsirovun xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, sürücülər X6 və Şəxs zərərçəkmiş şəxslərlə barışdığından yol-nəqliyyat hadisəsi nəticəsində X2 az ağır zərər vurması faktına görə toplanmış araşdırma materialı üzrə cinayət təqibinin başlanması rədd edilmiş, sürücülər X3 və Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbirləri görülərək məhkəmə məsuliyyətinə göndərilməsi üçün toplanmış material Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Yol-patrul Xidməti alayının 7-ci tağımına göndərilmişdir. - Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(041)-733/2024 saylı qərarından görünür ki, inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. - Mərkəzi Aran regional şöbəsinin baş məsləhətcisi baş əmək müfəttişi Nümayəndə tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN1932454 nömrəli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Kürdəmir rayonunda xx.xx.2024-cü il tarixdə saat 14 radələrində yol nəqliyyat hadisəsi baş vermiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sürücünün vəzifə təlimatının 1-ci bölməsinin 1.4-cü bəndi və sürücülər üçün texniki təhlükəsizlik qaydaları üzrə təlimatın giriş hissəsinin tələblərinə riayət etməməsi nəticəsində fəhlə X8 az ağır, fəhlə X4 yüngül xəsarətlər almalarına səbəb olmuş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 198.2 və 198.3-сü maddələrində nəzərdə tutulmuş inzibati xəta törətdilmişdir. -xx.xx.2024-cü il tarixli 170 nömrəli ekspert rəyinə əsasən X8 bədən səthində aşkar olunan xəsarətlər- sağ almacıq-əng kompleksinin yerdəyişmə sınığı-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 16 aprel 2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişdir. Ağırlıq dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aiddir. -xx.xx.2024-cü il tarixli 171 nömrəli ekspert rəyinə əsasən X4 bədən səthində aşkar olunan xəsarətlər- üst və alt dodaqda əzilmiş-cırılmış yaralar-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 16 aprel 2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişdir. Ağırlıq dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası İXM-in 34-cü maddəsində aşağıdakılar qeyd olunmuşdur: 34.1. Bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 2 sentyabr 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, ...Lakin bu o anlama gəlmir ki, eyni vaxtda törədilən inzibati xətalara baxan səlahiyyətli orqan yalnız daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş inzibati xətanı qiymətləndirir. İnzibati xətaya dair işlərə baxan səlahiyyətli orqan, şəxs tərəfindən eyni vaxtda törədilən hər bir inzibati xətaya ayrı-ayrılıqda qiymət verməli, bu xətaların hər birinin törədilməsində şəxsin təqsirini sübuta yetirməli, sadəcə olaraq ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya həddlərində tənbeh tətbiq etməlidir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xətaların ideal məcmusu mövcuddur. Belə ki, yuxarıda isnad olunan İXMin 34.3-cü maddəsinin məzmunundan da göründüyü kimi, bir şəxs eyni vaxtda bir neçə inzibati xəta törətdikdə, həmin xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, göstərilən işlərə baxan müvafiq orqan bu inzibati xətaların sırasından ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməlidir. Şəxs İXM-in 198.2-ci və 198.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-in 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1 və 38.2-ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. İXM 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. İXM-in 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İXM-in 109.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Göründüyü kimi Şəxs barəsində inzibati xəta haqqında protokol inzibati xətanın törədildiyi xx.xx.2024-ci ildən 04 ay keçdikdən sonra, 23 avqust 2024-cü il tarixdə tərtib edilmiş, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın qəbul edilməsindən isə 05 aydan artıq müddət keçmişdir. Beləliklə, Şəxs barəsində Azərbaycan Respubliksı İXM-in 198.2-ci və 198.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, lakin başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 38, 43, 53-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci və 198.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci və 198.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar