Məhkəmə qərarları › İş №3(041)-867/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-867/2023

20.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-867/2023 20.09.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X3, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir rayon prokurorunu təmsil edən-prokurorluğun müstəntiqi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Qağacılı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon prokurorluğundan daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs “Facebook” adlı sosial şəbəkədə özünə məxsus səhifədə ölkə ərazisində aparılan anti-terror əməliyyatını yanlış kontekstdə təqdim edərək əməliyyatın həqiqi təyinatını təhrif edərək ordumuzun torpaqlarımızı işğaldan azad etməsi kimi apardığı addımlara kölgə salan paylaşımlar etmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon prokurorunu təmsil edən-prokurorluğun müstəntiqi M.A.Mustafazadə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı şifahi olaraq əsaslandıraraq bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Ermənistanın Azərbaycanın konstitusiya quruluşuna yönəlik hərbi təhdidlərinə qarşı ölkəmizin keçirdiyi lokal antiterror əməliyyatı zamanı “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 2-ci bəndinin terror əleyhinə aparılan əməliyyatlar zonasında və ya bu zonanın hüdudlarından kənarda olan insanların həyatına və sağlamlığına təhlükə yaradan və terror əleyhinə əməliyyatların aparılmasına əngəllik törədən məlumatların yayılmaması barədə tələbini pozmuşdur. Belə ki, Şəxs “Facebook” adlı sosial şəbəkədə özünə məxsus “Şəxs” adlı səhifədə ölkə ərazisində aparılan anti-terror əməliyyatını yanlış kontekstdə təqdim edərək əməliyyatın həqiqi təyinatını təhrif etmiş, ordumuzun torpaqlarımızı işğaldan azad etməsi kimi apardığı addımlara kölgə salan paylaşımlar etmişdir. İzahatı alınarkən Şəxs etdiyi əməlləri etiraf edərək hərəkətlərinin yalnış olduğunu dərk etdiyini bildirmişdir. Hərəkətlərində Azərbaycan Respublikası İXM-in 388-1.1.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan inzibati xətanın tərkibi olduğundan Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş və adiyyəti üzrə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdir. Odur ki, Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, ailəsi ilə birilkdə Kürdəmir rayonunun Qağcılı kəndində yaşayır, evlidir, fərdi əməklə məşğul olmaqla ailəsini dolandırır, “Facebook” sosial şəbəkəsində “Şəxs” istifadəçi adı ona məxsusdur, həmin istifadəçi profilini təxminən 2 ilə yaxın müddətdir ki, istifadə edir. 19-20 sentyabr 2023-cü il tarixlərdə Azərbaycan ordusu tərəfindən antiterror əməliyyatı aparılan bir vaxtda həmin profildə “Bu ayın əvvəlində həlak olub cənazəsi gizlədilən 35 şəhidi də təzələrlə birlikdə göndərin. Nə olmasa da, cənazə gizlətməkdə ən azından 20 illik təcrübəniz var” və bu kimi ordumuz tərəfindən aparılan əməliyyatlara kölgə salan paylaşımlar etmiş və buna səbəb 44 günlük Vətən müharibəsində natamam qələbə qazanmağı, Qarabağa daxil olan bütün rayonların işğaldan azad edilmədiyi, həmin ərazilərə giriş-çıxışın portal vasitəsi ilə olduğunu düşünməsi olmuşdur. Bütün bunların 19 sentyabr 2023-cü il tarixdə başlamış antiterror əməliyyatlarının da uğurlu olacağı ilə bağlı onda inamsızlıq yaratmış, buna görə özünə məxsus “Şəxs” adlı istifadəçi profilində qeyd olunan məzmunda paylaşımlar etmiş, etdiyi paylaşımların əhali arasında çaşqınlıq yaradacağını düşünməmişdir. Hazırda da əhali arasında çaşqınlıq yaratmaq niyyəti olmamış, eyni zamanda etdiyi paylaşımların əsas məqsədi ləğv edilmiş əlilliyinin bərpa olunması üçün fikirlərinın dövlət qurumlarına çatdırılması olmuşdur. Bütün bunları nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs “Facebook” adlı sosial şəbəkədə özünə məxsus “Şəxs” adlı səhifədə ölkə ərazisində aparılan anti-terror əməliyyatını yanlış kontekstdə təqdim edərək əməliyyatın həqiqi təyinatını təhrif etmiş, ordumuzun torpaqlarımızı işğaldan azad etməsi kimi apardığı addımlara kölgə salan paylaşımlar etmiş, nəticədə onun barəsində Kürdəmir rayon prokuroru baş ədliyyə müşaviri Tural İbrahimov tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmiş və adiyyəti üzrə baxılması üçün Kürdəmir rayon Məhkəməsinə göndərilmişdir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının QanunuMaddə 13-3.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar etdikdə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdə, bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq edir. Xəbərdarlığın məzmununda yayılması qanunla qadağan edilən informasiya barədə məlumat, müvafiq informasiyanın internet informasiya ehtiyatından götürülməsinə və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılmasına dair tələb, belə tələb üçün qanunda nəzərdə tutulmuş əsaslar, habelə müvafiq tələbə vaxtında riayət edilməyəcəyi təqdirdə görüləcək tədbirlər barədə məlumat göstərilməlidir. Həmin Qanunun 13-4-cü maddəsində qeyd edilmişdir ki, bu fəslin müddəalarının pozulmasına görə internet informasiya ehtiyatının sahibi, domen adının sahibi, host və internet provayderlər, həmçinin informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçiləri qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının İXM-nin 388-1.1.1-ci maddəsinə görə informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2023-cü il tarixdə mətbuatda yayılmış xəbərdarlığına aşağıdakı məlumatların yayılmasına yol verilmir: 1) Terror əleyhinə əməliyyatların aparılması taktikası və texniki üsulları haqqında; 2) Terror əleyhinə aparılan əməliyyatlar zonasında və ya bu zonanın hüdudlarından kənarda olan insanların həyatına və sağlamlığına təhlükə yaradan və terror əleyhinə əməliyyatların aparılmasına əngəllik törədən məlumatlar haqqında; 30 Terrorçuluğa bəraət qazandıran və ya onların təbliğinə xidmət edən məlumatlar haqqında; 4) terror əleyhinə aparılan əməliyyatlarda iştirak edən, habelə bu əməliyyatların aparılmasına kömək edən şəxslər haqqında. Hazırki iş üzrə də, Şəxs “Facebook” adlı sosial şəbəkədə özünə məxsus “Şəxs” adlı səhifədə ölkə ərazisində aparılan anti-terror əməliyyatını yanlış kontekstdə təqdim edərək əməliyyatın həqiqi təyinatını təhrif edərək ordumuzun torpaqlarımızı işğaldan azad etməsi kimi apardığı addımlara kölgə salan paylaşımlar etməklə, Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2023-cü il tarixdə mətbuatda yayılmış xəbərdarlığına daxil edilən məlumatların yayılmasına, habelə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməklə Azərbaycan Respublikasının İXM-nin 388- 1.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta özünün etirafı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, o, Azərbaycan Respublikasının İXM-nin 388-1.1.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində törətdiyi inzibati xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətanın hərbi vəziyyət dövründə törədilməsi Azərbaycan Respublikasının İXMnin 33.1.6-cı maddəsinə görə Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi hesab edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini ağırlaşdıran halların olmasını, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir.. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 01 (bir) ay müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar