Məhkəmə qərarları › İş №3(041)-910/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-910/2024

10.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-910/2024 10.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X7, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1, icra sənədləri üzrə tələbkar X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1965-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Atakişili kəndində yaşayan Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN2085540 nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Bəşirova X4 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)-1954/2021 nömrəli və xx.xx.2024-cü il tarixli 2(041)-958/2024 nömrəli icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdilmişdir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandırmaq üçün bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)-1954/2021 nömrəli icra sənədiə əsasən Şəxs ümumilikdə 4130 manat tutularaq tələbkar Zərərçəkmiş şəxs2 ödənilməsi, həmçinin Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041)-958/2024 nömrəli icra sənədiə əsasən Şəxs 2250 manat dəyərində qızıl-zinət əşyalarının özləri, həmin əşyalar olmadıqda 2250 manat pul alınıb tələbkar Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. İcra sənədləri Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmiş, borcluya bildiriş göndərilmiş və şöbəyə dəvət edilərək izahatı alınmış, lakin bu günə kimi icra sənədləri borclu tərəfindən icra edilməmiş, onun iki icra sənədi üzrə tələbkarlara olan ümumi borcu 6380 manat təşkil edir. İcra sənədi üzrə aparılmış məcburi icra hərəkətləri və görülmüş digər tədbirlər heç bir nəticə vermədiyindən onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, lombard fəaliyyəti ilə məşğul olur, barəsində olan icra sənədlərindən məlumatı var, bir müddət əvvəl tələbkar Zərərçəkmiş şəxs1 lombarda gələrək 2250 manat dəyərində qızıl-zinət əşyaları təqdim edərək pul götürmüş və faizi ilə bərabər qaytamışdır, həmin pulu qaytarmasına baxmayaraq Bakı şəhərində yerləşən lombardda müəyyən problemlər yarandığından G.Osmanovun qızılzinət əşyalarını qaytara bilməmişdir. Lakin 2024-cü ilin oktyabr ayının 15-nə kimi həmin qızıl-zinət əşyalarını qaytaracağına söz verir. Digər icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs2 ümumiyətlə borcu olmayıb, həmin qətnamə ona təqdim edilmədiyi üçün məhkəməyə müraciət edərək qətnaməni tələb etmiş, tələbindən sonra orada çalışan adlarını bilmədiyi şəxslər onu məhkəməyə dəvət edərək ona bir-iki sənədə imza etdirmişlər, lakin qətnaməni ona təqdim etməmişlər, həmin qətnamə bu günə kimi ona təqdim edilməmiş, həmçinin onun xəbəri olmadan kimlərinsə onun yerinə apellyasiya şikayəti yazdığını sonradan bilmişdir. Bütün bu mübahisələri həll edə bilməsi üçün ona vaxt verilməsini xahiş etdi. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, pula ehdiyacı olduğuna görə 2022-ci ildə lombart fəaliyyəti ilə məşğul olan Şəxs müraciət edib özünə məxsus qızıl-zinət əşyalarını girov qoyaraq ondan nağd pul götürmüşdür. Cavabdehlə aralarında olan razılaşmaya görə cavabdehdən aldığı pulları ona ödədikdən sonra ona girov verdiyi qızıllarını ona qaytarmalı idi. O, aldığı pulları faizi ilə birlikdə cavabdehə qaytarsa da borclu Şəxs həmin qızılları satdığını bildirib ona qaytarmaqdan imtina etmişdir. Dəfələrlə cavabdehlə aralarında olan razılaşmaya əməl etdib qızıllarını qaytarmasını tələb etməsinə baxmayaraq cavabdeh ona məxsus olan qızılları qaytarmaq istəməmişdir. Bununla bağlı iddia ərzəsi ilə Kürdəmir rayon Məhkəməsinə müraciət etmiş, iddiası təmin edilərək Məhkəmənin xx.xx.2024-cü il tarixli 2(041)-958/2024 nömrəli qətnaməsi ilə Şəxs 2250 manat dəyərində qızıl-zinət əşyalarının özləri, həmin əşyalar olmadıqda 2250 manat pul alınıb ona ödənilməsi qət edilmişdir. Şəxs 2024-cü ilin oktyabr ayının 15-nə kimi həmin qızıl-zinət əşyalarını qaytaracağı ilə bağlı dediklərinə razıdır, ona vaxt verilməsinə etiraz etmir. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Tərəflərin izahatından və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)-1954/2021 nömrəli icra sənədiə əsasən Şəxs ümumilikdə 4130 manat tutularaq tələbkar Zərərçəkmiş şəxs2 ödənilməsi, həmçinin Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(041)- 958/2024 nömrəli icra sənədiə əsasən Şəxs 2250 manat dəyərində qızıl-zinət əşyalarının özləri, həmin əşyalar olmadıqda 2250 manat pul alınıb tələbkar Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. Borclu G.Osmanovun qızıl-zinət əşyalarını 2024-cü ilin oktyabr ayının 15-nə kimi Zərərçəkmiş şəxs1 qaytaracağını, həmçinin tələbkar Zərərçəkmiş şəxs2 ilə bağlı qəbul edilmiş qətnamənin bu günə qədər ona təqdim edilmədiyini, həmin qətnamədən narazı olduğunu, onun xəbəri olmadan kimlərində sonun yerinə apellyasiya şikayəti yazdığını bildirərək həmin məsələləli həll etməsi üçün ona vaxt verilməsini xahiş edir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. İşin şərh edilən halları onu göstərir ki, hər iki icra sənədi üzrə tələbkarların və borclu Şəxs qaldırdığı məsələlər icra məmuru tərəfindən araşdırılmamış, icra sənədinin icrasını yubandıran halların təsdiq və ya təkzib edilməsi ilə bağlı heç bir icra hərəkətləri yerinə yetirilməmişdir. Tərtib etdiyi inzibati xəta haqqında protokola 2(041)-1954/2021 nömrəli icra sənədi üzrə icraata başlamaq haqında qərarı və bildirişi əlavə etmiş, 2(041)-958/2024 nömrəli icra sənədi üzrə isə xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqında qərar qəbul edilmiş, həmin qərarın və bildirişin borcluya təqdim edilməsi və göndərilməsini təsdiq edən heç bir sübut işə əlavə edilməmiş və məhkəməyə təqdim edilməmişdir. İşin yuxarıda şərh edilən halları barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi hallar öz təsdiqini tapmadığına görə onun inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda şərh olunanları nəzərə alaraq hesab edirəm ki, Şəxs hərəkətlərində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında göstərilən inzibati xəta halları yoxdur və bu səbəbdən də, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə onu da qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 82.1-ci maddəsinin tələblərinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. 82.3. İcra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Borcluya izah edilsin ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 82-ci maddəsinin tələblərinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. İcra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar