Məhkəmə qərarları › İş №3(041)-960/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-960/2024

27.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-960/2024 27.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir Rayon Məhkəməsinin hakimi Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Kürdəmir Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-cı il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİNxxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə zərərçəkmiş şəxs X6 qarşı xırda xuliqanlıq əməli törətmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində Kürəmir şəhəri Üzeyir Hacıbəyov küçəsi ev 39/3-də yaşayan Şəxs yaşadığı evdə və küçədə anası X6 və cəmiyyətə qarşı hörmətsizlik edərək ucadan nalayiq söyüşlər söyməklə kənar şəxslərin diqqətini özünə cəlb etməklə ictimai qaydanı pozmuş, xırda xuliqanlıq etmişdir. Bununla da o, İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında protokol tərtib etmiş Kürdəmir rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X8 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində X5 müraciəti əsasında müəyyən edilmişdir ki, oğlu Şəxs evdə və küçədə onu söyərək təhqir etmiş, ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Həmin hərəkətləri ilə Şəxs İXM-nin 510cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında xx.xx.2024-cü il tarixdə sipirtli içki içdiyini, həmin vaxt anası X1, anasının onu içki içdiyinə görə Kürdəmir RPŞ-nə şikayət etdiyini bildirmişdir. Sonda barəsində tərtib olunmuş protokolu qəbul etmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 izahatında bildirdi ki, Şəxs onun oğludur. Onun dəfələrlə içkili evə gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində oğlu Şəxs yaşadığı evə içkili vəziyətdə gələrək münaqişə yaratmış, evdə və küçədə onun ünvanına nalayiq söyüşlər söyüb, təhqir etmişdir. X3 oğlu Şəxs cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Kürdəmir RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru Aqil Əhmədov tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə Kürdəmir şəhəri Üzeyir Hacıbəyov küçəsi ev 39/3-də yaşayan X2 RPŞ-nin növbətçi hissəsinə telefonla zəng edərək oğlu Şəxs sərxoş vəziyyətdə evə gələrək münaqişə yaratması barədə məlumat vermişdir. 27 sentyabr 2024-cü il tarixli MN saylı ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:00 radələrində yaşadığı evdə, küçədə anası X6 qarşı ucadan nalayiq ifadələr işlətmişdir. Onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsilə əldə edilmiş sorğudan görünür ki, Mürşüdov X11 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(041)-632/2024 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, özünün məhkəməyə verdiyi izahatı, zərərçəkmiş şəxsin izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 33.1.2-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hallar hesab edilir. Məhkəmə Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini onun məsuliyyətini ağırlaşdıran hal hesab edir, məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 27 sentyabr 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar