Məhkəmə qərarları › İş №3(041)-987/2024

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №3(041)-987/2024

24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 3(041)-987/2024 24.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13-86/2-23300/2024 nömrəli məktubu ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 590.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmiş Şəxs barəsində xx.xx.2024-cü il tarixdə tərtib edilmiş MN2070759 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. İnzibati xəta materiallarında xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonu Böyük Kəngərli kəndində yaşayan Şəxs evindən yivsiz ov silahı aşkar edildiyi və onun inzibati məsuliyyət cəlb edilməsi məsələsinə baxılması xahiş olunur. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasının vaxtı və yeri haqqında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yaşadığı və qeydiyyatda olduğu ünvana məhkəmə bildirişi göndərməklə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, təyin edilmiş məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Şəxs gəlməməsini üzürsüz hesab edərək işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, materiallar natamam olduğu üçün, protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nın 590.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə məsuliyyət nəzərdə tutulmuşdur. Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol natamam tərtib edilmiş, habelə inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 100.1.10-cu maddəsində göstərilir ki, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar inzibati xəta haqqında protokolda göstərilir. Həmin Məcəllənin 76.1-ci maddəsində göstərilir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 80.1-ci maddəsinə görə sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Həmin Məcəllənim 100.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Məhkəməyə təqdim edilmiş, xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan məlumatlar, protokolu tərtib edən və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin imzaları, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İXM-də nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah edilməsi, qoşma, protokolun surətinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilməsi və ya ona göndərilməsi və digər qrafaları doldurulmamış, həmin nöqsanları işə baxılarkən tamamlamaq mümkün olmadığından, inzibati xəta haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar düzgün tərtib olunmadıqda, yaxud tərtib edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. İnzibati Xətalar Məcəlləsində məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 3 may 2019-cu il tarixli qərarının 1-ci bəndinə əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106, 109, 129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə olan inzibati xəta haqqında material Kürdəmir rayon polis şöbəsinə geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar