Məhkəmə qərarları › İş №3(042)-103/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-103/2023

10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-103/2023 10.04.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 Gədəbəy RPŞ-nin inzibati tənbeh verilmə haqqında qərarından şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X1 RPŞ-nin əməkdaşı X2 inzibati tənbeh verilmə haqqında 28 noyabr 2022-ci il tarixli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxs X8 məhkəmə iclasında şikayətini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, 18 sentyabr 2022-ci il tarixdə Razim Hüseynova məxsus avtomobili idarə edərkən, mübahisə yaranmış, ona xəsarət yetirilmişdir. Gədəbəy RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı İlham Kərimov təhqiqat aparmış, 18 oktyabr 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarmışdır. Həmin qərarda onun barəsində Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə inzibati tədbir görülməsi qərara alınmışdır. O, həqiqətən avtomobili idarə etmək hüququ olmadan idarə etmiş, lakin bu zaman sərxoş olmamışdır. Polis Şöbəsində araşdırılma aparılan zaman o, hansısa protokola baxmadan imza etmişdir. Təhqiqatçı isə onun sərxoş olması nəticəsinə gəlmiş və həmin qərarı çıxarmışdır. Ona görə də həmin inzibati məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə qərarı barəsində şikayət verilmiş şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Gədəbəy RPŞ-nin 31 oktyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsinə əsasən 500 manat miqdarında inzibati cərimə tənbehi təyin edilmişdir. İşdə olan Gədəbəy RPŞ-nin TB-nin təhqiqatçısı X6 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18 oktyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, müayinə zamanı X4 yüngül dərəcəli sərxoşluq müəyyən edilmiş, onun Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Məhkəmə, şikayət vermiş şəxsin izahatıni və işdə olan sənədlərlə təhlil edərək, belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 75.0. və 75.0.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 53.0; 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta hadisəsi olmadıqda xitam verilir. Məcəllənin 134.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, X3 nəqliyyat vasitəsinin idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə etməsi halı Gədə Gədəbəy RPŞ-nin TB-nin təhqiqatçısı İlham Kərimovun 18 oktyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə sübut edilmişdir. Ona görə də şikayət təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İXM-nin 53, 115, 119 və 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilməsin. Qərar tərəflərə göndərilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar