Məhkəmə qərarları › İş №3(042)-104/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-104/2023

14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-104/2023 14.03.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi X2, zərərçəkmiş şəxslər X3, X6, X5, X1 və X7 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı uşaq olan, fərdi əməklə məşğul olan, İİ Qarabağ Müharibəsi iştirakçısı, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Arabaçı kəndində yaşayan Şəxs barəsində Gədəbəy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə olan inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs barəsində 13 mart 2023-ci il tarixdə Gədəbəy şəhərində ictimai qaydanı pozması və polisin ictimai qaydanın mühafizəsi ilə əlaqədar qanuni tələblərinə qəsdən tabe olmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, 13 mart 2023-ci il tarixdə əmisi oğlu Eminin avtomobilində olmuş, Emin Gədəbəy şəhərinin mərkəzində avtomobili saxlamış və mağazaya getmişdir. Bu zaman polis əməkdaşları yaxınlaşıb yoldan avtomobili götürməsini tələb etmişlər. O, sürücünün mağazada olmasını, iki dəqiqəyə avtomobili götürəcəyini bildirmişdir. Emin gəldikdən sonra avtomobili işə salmış və köhnə polis binası adlanan yerə sürmüş və orada saxlamışdır. Bu zaman həmin polis əməkdaşları ora gəlmiş aralarında mübahisə baş vermişdir. Onu zorla polis maşınına salaraq, polis şöbəsinə aparmışlar. Gədəbəy Rayon Polis Şöbəsində polis əməkdaşları ilə aralarında mübahisə olmamışdır. O, İİ Qarabağ Müharibəsi iştirakçısıdır, evə yeganə qazanc gətirən şəxsdir. Azyaşlı uşağı xəstədir. Ona görə də ona yüngül tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X11 izahat verərək bildirmişdir ki, o, 13 mart 2023-cü il tarixdə xidmətdə olarkən Gədəbəy şəhərinin mərkəzi yaxınlığında avtomobil saxlanılmasını görmüş, avtomobilə yaxınlaşaraq, Şəxs avtomobili götürməsini xahiş etmişdir. Lakin bu zaman Şəxs ona kobud cavab vermişdir. Avtomobilin sürücüsü avtomobilə oturan zaman Şəxs nalayiq söyüşlər söyərək, oradan uzaqlaşmışdır. Bundan sonra həmin avtomobil Gədəbəy şəhərinin digər yürində qadağan olmuş yerdə saxlanılmışdır. O, yenidən Şəxs yaxınlaşaraq, avtomobili oradan götürməsini bildirmiş, lakin Şəxs onu nalayiq söyüşlərlə söymüşdür. Barəsində iş üzrə icraat aparılan şəxsi Gədəbəy Rayon Polis Şöbəsinə gətirmişlər. Həsənov X14 Rayon Polis Şöbəsinin inzibati binasında da söyüşlər söyməkdə davam etmiş, onun və digər polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Ona görə də Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs X8, X9, X4 və X12 eyniməzmunlu izahatlar vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 izahat verərək, bildirmişdir ki, 13 mart 2023-ci il tarixdə Şəxs onun avtomobilində olmuş, o, Gədəbəy şəhərinin mərkəzi yolunda avtomobili saxlamış və mağazaya getmişdir. Bu zaman polis əməkdaşları Şəxs avtomobili götürməsini tələb etmişlər. O, mağazadan gəldikdən sonra avtomobili işə salmış və köhnə polis binası adlanan yerə sürmüş və orada saxlamışdır. Bu zaman həmin polis əməkdaşları ora gəlmiş aralarında mübahisə baş vermişdir. Şəxs zorla polis maşınına salaraq, polis şöbəsinə aparmışlar. Lakin Şəxs polis əməkdaşlarını söyməmişdir. İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində 13 mart 2023-cü il tarixdə Gədəbəy şəhərinin mərkəzində ictimai qaydanı pozması və polisin ictimai qaydanın mühafizəsi ilə əlaqədar qanuni tələblərinə qəsdən tabe olmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə inzibati protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 75.0. və 75.0.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 8.1-ci maddəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məcəllənin 53.0; 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata inzibati xəta hadisəsi olmadıqda xitam verilir. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmişlərin və şahidin izahatlarını dinləyərək, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə Gədəbəy Rayon Şəhərinin mərkəzində nalayiq söyüşlər söymüş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması halı müəyyən edilməmişdir. Ona görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə olan icraata xitam verilməlidir. Məhkəmə törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs himayəsində azyaşlı uşağın olmasını, onun Qarbağ müharibəsi iştirakçısı olmasını nəzərə alaraq, belə qərara gəlir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 105, 106-112-ci, 114-115-ci və 117-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 50 manat cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar