Məhkəmə qərarları › İş №3(042)-108/2024

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-108/2024

24.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-108/2024 24.04.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil, zərərçəkmiş şəxslər X2, X6 və X7 iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Gədəbəy rayonu, Parakənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Gədəbəy rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:00 rarələdində Gədəbəy RPŞ-nin inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməklə xırda xuliqanlıq etmiş və ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Himayəsində 4 azyaşlı uşağı var. O, əlvan metal tullantılarının alış-satışı ilə məşğul olur. 2 ildir ki bu işlə məşğul olur. xx.xx.2024-cü il tarixdə Gədəbəy rayonunun Arıxdam və Maarif kəndində əlvan metal almaq məqsədi ilə qapı-qapı gəzmişlər. Aldıqları əlvan metalları “QAZ 24” markalı avtomobilə yükləmişlər və avtomobillə hərəkətdə olan zaman iki nəfər polis əməkdaşı onları saxlamış və avtomobilə baxış keçirmişlər. Polis əməkdaşları əlvan metal alqı-satqısı ilə məşğul olan insanların qeydiyyata alındığını və bununla bağlı qol çəkilməsi məqsədi ilə Gədəbəy rayon Polis şöbəsinə getməli olduqlarını bildirmişlər və onlar polis şöbəsinə gəlmişdir. O, qardaşı X3 ilə birlikdə olmuşdur. Onlar polis şöbəsində olan zaman onların maşında olan əşyaların oğurluq olması ilə bağlı deyilmiş, lakin onların avtomobilində ancaq yarasız əşyalar olmuşdur. Onlar, polis əməkdaşlarına heç bir tabesizlik göstərməmişdir. Müdafiəçi Vəkil məhkəmə iclasında izahat verərək Şəxs əməlində inzibati xəta tərkibinin olmadığını bildirdi və sonuncunun barəsində olan inzibati xəta haqqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X8 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Gədəbəy RPŞnin İTB-nin rəisi vəzifəsində işləyir. Əlvan metal tullantılarının qəbulu və küçə ticarəti ilə məşğul olan şəxslərin barəsində tədbir görülməsi polis əməkdaşlarına göstəriş verilmişdir. Gəncə şəhər Nizami rayonu Aida İmamquliyeva küçəsi ev 7, mənzil 17-də qeydiyyatda olan X3 və Gəncə şəhəri M.Hacıyev küçəsi ev 7 mənzil 17 də qeydiyyatda olan Şəxs əlvan metal tullantılarının alış-satışı ilə məşğul olurlar. Şəxs və R.Rəsulov əlvan metal tullantılarının qəbulu qaydalarını pozduqlarına görə polis əməkdaşları tərəfindən Gədəbəy rayonu, Zəhmət kəndi ərazisində saxlanılaraq Gədəbəy RPŞ-nə gətirilmişdir. Polis şöbəsində əlvan metal tullantılarının qəbulu qaydalarını pozduqlarına görə Şəxs və R.Rəsulovun barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi və hər birinin 100 manat məbləğində inzibati qaydada cərimə ediləcəkləri onlara izah edilən zaman onlar ucadan səs-küy salmağa və təhqiramiz ifadələr işlətməyə başlamışlar. Şəxs ona qarşı – “sən mərdimazarsan” demiş və polis əməkdaşlarına yazılacaq 100 manat cəriməni onlara ödətdirəcəyini deyərək hədə-qorxu gəlmişdir. O, və yaxınlıqda olan polis əməkdaşları onları nizam-intizama dəvət etsələrdə Şəxs və R.Rəsulov onlarla mübahisə etmişlər və qanuni tələblərinə qəsdən tabe olmamış və iş rejimlərini pozmağa davam etmişlər. X3 törətdiyi inzibati xətaya görə məhkəmə qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Zərərçəkmiş şəxs X9 məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə xidmətdə olarkən əlvan metal tullantılarını daşıyan avtomobil görmüşlər və Gədəbəy rayonu, Zəhmət kəndi ərazisində həmin avtomobili saxlatmışlar. Bu barədə Gədəbəy RPŞ-nin İTB-nin rəisinə məruzə edilmiş və onlara həmin şəxslərin və avtomobilin polis şöbəsinə gətirilməsi bildirilmişdir. Adı onlara məlum olan sonradan X3 və Şəxs polis şöbəsinə gətirilmişdir. Polis şöbəsinə həmin şəxslərə hər birinin 100 manat məbləğində cərimə ediləcəkləri bildirildikdə onlar səs-küy salmağa və nalayiq ifadələr işlətməyə başlamışlar. Şəxs polis əməkdaşlarına qarşı həmin cəriməni onlara ödətdirəcəyini deyərək hədə-qorxu gəlmişdir. X1 və Şəxs nizam-intizama dəvət etsələr də, onlar buna məhəl qoymamış və onların qanuni tələblərinə tabe olmamışdır. Zərərçəkmiş şəxs X10 zərərçəkmiş şəxs X9 ilə eyni məzmunlu izahat verdi. İnzibati xəta üzrə iş materiallarında olan xx.xx.2024-cü il tarixdə Gədəbəy rayon Polis şöbəsinin sahə rəisi, X4 tərəfindən tərtib edilmiş MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:00 rarələdində Gədəbəy RPŞ-nin inzibati binasında uca səslə nalayiq ifadələr işlətmiş, şöbənin iş rejimini pozmuş, onu nizam-intizama dəvət edən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta üzrə iş materiallarında olan inzibati tənbeh vermə haqqında xx.xx.2024cü il tarixli, MN ******* nömrəli qərarın surətindən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:00 radələrində Gədəbəy rayonu, Zəhmət kəndində əlvan metal tullanrıları qaydalarını pozmasına görə İXM-nin 457-.1.1.1 və 457-1.1.2-ci maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati qaydada cərmə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:00 rarələdində Gədəbəy RPŞ-nin inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməklə xırda xuliqanlıq etmiş və ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu zərərçəkmiş şəxslərin izahatları, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı, inzibati xəta haqqında protokol və işdə olan digər sənədlərlə sübuta yetirilir. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət müəyyən edir. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edir. Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, onun müdafiəçisini və zərərçəkmiş şəxsləri dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Ona görə də o, sanksiyasında daha ciddi inzibati tənbeh nəzərdə tutulmuş Azərbaycan Respublikası İXMnin 535.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 23 aprel 2024-cü il tarix, saat 19:40-dan hesablansın. Qərarın icrası Gədəbəy rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar