Məhkəmə qərarları › İş №3(042)-109/2021

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-109/2021

07.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-109/2021 07.05.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 və qərarından şikayət verilmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin səlahiyyətli nümayəndəsi Aydın Rüstəmovun iştirakları ilə, AR ETSN 2 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin inzibati tənbehin verilməsi haqqında 27.03.2017-ci il tarixli, 10 nömrəli inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati tənbeh tətbiq edilən X1 şikayətinə iş materialları ilə birlikdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiallardan görünür ki, AR ETSN 2 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin müdiri X5 tərəfindən qəbul edilmiş 27.03.2017-ci il tarixli, 10 nömrəli inzibati tənbeh vermə haqqında qərarla X1 İXM-in 266.1-ci maddəsi ilə tərtib olunmuş protokola görə 3000 manat məbləğində cərimə edilməsini qərara almışdır. X2 AR ETSN 2 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin 27.03.2017-ci il tarixli, 10 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X2 məhkəmə iclasında şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin 27.03.2017-ci il tarixli, 10 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1 -ci (İstehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması) maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə olunmuşdur. O, qərardan narazıdır və hesab edir ki, qərar əsassız və qanunsuz olduğundan ləğv edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. O, 2015-ci ildən 2020-ci ilədək Gədəbəy rayonu Gərgər bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. İşlədiyi dövrdə, yəni 09 mart 2017-ci ildə 2 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları Gədəbəy rayonu ərazisində İstehsalat və məişət tullantıları haqqında qanunvericiliyin tələblərinə riayət olunması məqsədilə yoxlama apararkən Gədəbəy rayonu, Qarıkənd kəndinin ərazisində yerləşən körpünün alt hissəsinə atılmış məişət tullantılarına görə onun iştirakı olmadan barəsində İXM-in 266.1 -ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilimiş və həmin protokol əsasında 3000 manat cərimə olunması barədə 27.03.2017-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Həmin vaxt o Bakı şəhərində olmuşdur. Qayıtdıqdan sonra ona Gərgər kənd icra nümayəndəliyindən bu barədə məlumat vermişlər. Bundan sonra o 2 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə əlaqə saxlamış və həmin ərazinin Gərgər bələdiyyəsinin mülkiyyətində olmadığını bildirmişdir. Şöbədən isə ona Gədəbəy rayonu, Qarıkənd kəndinin ərazisində yerləşən körpünün alt hissəsinin, yəni məişət tullantılarının atıldığı ərazinin Gərgər bələdiyyəsinin mülkiyyətində olmadığını təsdiq edən arayış təqdim etməsi bildirilmişdir. Bu barədə AR ƏMDK yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsindən 16.11.2017-ci il tarixli arayış almış və 2 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinə təqdim etmişdir. Bundan sonra o həmin işlə maraqlanmamış və məsələnin həll olunduğunu güman etmişdir. Lakin ona indi məlum olmuşdur ki, 2 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin 27.03.2017-ci il tarixli, 10 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1 -ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə olunmuşdur. Lakin bu barədə ona heç vaxt məlumat verilməmişdir. Eləcə də həmin ərazinin bələdiyyə mülkiyyətinə aid olmaması barədə 2 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinə sənəd təqdim etmişdir. Həmin sənədin bir surətini şikayət ərizəsinə əlavə etmişdir. Buna baxmayaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi onu əsassız olaraq cərimələnmişdir. Həmçinin onun iştirakı olmadan protokol tərtib edilmiş və izahatı alınmamışdır. Qərarın surəti ona rəsmi qaydada göndərilməmiş, qərarın surətini 07 aprel 2021-ci il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsindən almışdır. Həmin vaxtadək belə bir qərardan xəbəri olmamışdır. Odur ki, hesab edir ki, AR ETSN 2 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin 27.03.2017-ci il tarixli, 10 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanunsuz olduğundan ləğv edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qərarında şikayət verilmiş şəxs AR ETSN 2 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin səlahiyyətli nümayəndəsi Aydın Rüstəmov məhkəmə iclasında izahata verərək bildirdi ki, o, AR ETSN 2 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsində baş məsləhətçi, müfəttiş vəzifəsində işləyir. Gədəbəy rayonu , Gər-gər kəndi ərazisində monitorinq aparılmış və Gədəbəy rayon Gər-gər Bələdiyyə sədrinə dəfələrlə xəbərdarlıq edilməsinə və çağrılmasına baxmayaraq o müxtəlif bəhanələr gətirərək gəlməmişdir. Ona görə də bələdiyyə sədrinin iştirakı olmadan protokol tərtib edilmişdir. Həmin əraziyə tullantıların mənbəsi bələdiyyə tərəfindən olmuşdur. Məhkəmə işdə iştirak iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 16 noyabr 2017-ci il tarixli arayışdan görünür ki, Gədəbəy rayonu, Qarıkənd kəndinin ərazisində yerləşən körpünün alt hissəsində 11 saylı idarənin mütəxəssisləri tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin ərazi Gədəbəy-Novosaratovka şose yolunun mühafizə zonasına aid olmaqla dövlət mülkiyyətində saxlanılan torpaq sahəsidir. İşdə olan AR ETSN 2 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin müdiri X5 tərəfindən qəbul edilmiş 27.03.2017-ci il tarixli, 10 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 İXM-in 266.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola görə 3000 manat məbləğində cərimə edilməsini qərara almışdır. İşdə olan ƏMMS-nin baş məsləhətçisi X4, məsləhətçi X6 və məsləhətçi X7 tərəfindən tərtib edilmiş 09 mart 2017-ci il tarixli, 05290 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Gər-gər kəndində yerli əhalinin həyat fəaliyyəti nəticəsində əmələ gələn məişət tullantılarının idarə olunması təşkil olunmamış, əmələ gələn məişət tullantıları qeyri müəyyən əraziyə yəni Qarıkənd kəndində olan körpünün altına və ətrafına atılaraq qalaqlanaraq ərazidə anti-sanitar vəziyyət yaratmış, nəticədə Gər-gər bələdiyyəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 saylı qərarı ilə təsdiqlənmiş “şəhərlə və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi məişət tullantılarının müvəqqəti saxlanması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydalarının” habelə “İstehsal və məişət tullantıları haqqında” Azərbaycan Respublikası qanununun pozulmasına görə İXM-nin 266.1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə şikayətə baxarkən ilk növbədə qeyd edir ki, X2 barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokolun tərtib edilməsi ilə bağlı bir sıra tələbləri pozulmuşdur. Belə ki, İXM-in 100.1-ci maddəsinə əsasən, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. X2 məhkəmə iclasında bildirmişdir ki, onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən o, çağırılmamış, izahatı alınmamışdır. Buna baxmayaraq inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs qeyd olunan xüsusatlara fikir verməmiş və inzibati xəta haqqında protokolun İXM-in tələblərinə uyğun tərtib edilib-edilmədiyini yoxlamadan X1 İXM-in 266.1-ci maddəsi ilə 3000 manat məbləğində cərimə edilməsinə dair qərar qəbul etmişdir. Bütün qeyd olunan hallara məhkəmə qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxs tərəfindən işin tam, hərtərəfli və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydalarının 10.5-ci bəndinə əsasən, yaşayış və istirahət yerlərinin təmizliyinə görə Bələdiyyələr tərəfindən; bələdiyyə torpaqlarının tullantılarla çirklənmədən qorunması və əhali arasında yaşayış yerlərinin təmiz saxlanılması qaydalarına riayət edilməsi barədə izahat işlərinin aparılması və onların bu cür tədbirlərə cəlb edilməsi kimi işlər həyata keçirilir. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası qanununun 12-ci maddəsinə əsasən, şəhərlərin və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmədə yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, inzibati xəta haqqında protokolda Gər-gər kəndində yerli əhalinin həyat fəaliyyəti nəticəsində əmələ gələn məişət tullantılarının idarə olunması təşk il olunmamış, əmələ gələn məişət tullantıları qeyri müəyyən əraziyə yəni Qarıkənd kəndində olan körpünün altına və ətrafına atılaraq qalaqlanaraq ərazidə anti-sanitar vəziyyət yaratmış, nəticədə Gər-gər bələdiyyəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 saylı qərarı ilə təsdiqlənmiş “şəhərlə və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi məişət tullantılarının müvəqqəti saxlanması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydalarının” habelə “İstehsal və məişət tullantıları haqqında” Azərbaycan Respublikası qanununun pozulmasına görə İXM-nin 266.1-ci maddəsi ilə barəsində inzibati xəta haqqında protokol tərtib olunması göstərilmişdir. Lakin həmin ərazinin Gədəbəy rayon Gərgər bələdiyyəsinin mülkiyyətində olub-olmaması müəyyən edilməmiş, həmçinin protokolda “İstehsal və məişət tullantıları haqqında” Azərbaycan Respublikası qanununun və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 saylı qərarı ilə təsdiqlənmiş “şəhərlə və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi məişət tullantılarının müvəqqəti saxlanması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydalarının” hansı bəndlərinin və ya maddələrinin pozulması göstərilməmişdir. Məhkəmə, həmçinin, şikayət vermiş şəxsin əməlində İXM-in 266.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın olub-olmaması ilə bağlı qeyd edir ki, X2 izahatında tullantılar atılan ərazinin bələdiyyə mülkiyyətinə aid olmadığını bildirmiş və bunu təsdiq edən Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş arayış məhkəməyə təqdim edilmişdir. Bu halı aydınlaşdırmadan, yəni həmin ərazinin bələdiyyə mülkiyyətinə aid olub-olmadığını müəyyən etmədən, qeyd olunan öhdəliklərin Bələdiyyə üzərinə qoyulub-qoyulmamasını dəqiqləşdirilmədən onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, tullantılar atılan ərazinin bələdiyyə mülkiyyətinə aidolamaması müəyyənləşdirilmədiyindən inzibati xətanın şikayət vermiş şəxs tərəfindən törədilməməsinə əsaslı şübhələr vardır. Həmin Məcəllənin 8.3-cü maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Bununla da, məhkəmə hesab edir ki, X1 əməlində İXM-in 266.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri mövcud deyildir. İXM-in 134.1 və 134.1.3-cü maddələrinə əsasən, iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə olan halda məhkəmə hesab edir ki, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, AR ETSN 2 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin inzibati tənbeh vermə haqqında 27.03.2017-ci il tarixli, 10 nömrəli qərarı ləğv edilməli və X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 38, 53, 115 və 130-137-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin inzibati tənbeh vermə haqqında 27.03.2017-ci il tarixli, 10 nömrəli qərarı ləğv edilsin və X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar