Məhkəmə qərarları › İş №3(042)-112/2023

Gədəbəy Rayon Məhkəməsi Qərar — İş №3(042)-112/2023

29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gədəbəy rayonu İş № 3(042)-112/2023 29.03.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi X1 və Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakları ilə, xx.xx.1993-cü ildə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Gədəbəy rayonu, Miskinli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Gədəbəy Rayon İcra və Probasiya Şöbəsindən borclu Şəxs barəsində icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilətərtib edilmiş inzibat xəta haqqında protokol daxil olmuşdur. Zərərçəkmiş Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 məhkəmə iclasında izahat verərək, bildirmişdir ki, Şəmkir Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədinə əsasən Şəxs hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi, 150 manat alınaraq, X2 verilməlidir. İcra sənədi Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya müvafiq qaydada icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Lakin borclu tələbi icra etməmişdir. Borclu Şəxs qərarın icrası ilə əlaqədar borclu qismində Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilmişdir. Lakin o, icra məmurunun tələblərinə tabe olmamış, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə gəlməkdən imtina etmişdir. O, 2021-ci ildə inzibati məsuliyyətə cəlb edilmiş, lakin bundan sonra da aliment borcundan ödəniş etməmiş, borclu barəsində axtarış elan edilmiş, o, xx.xx.2023-ci il tarixində məcburi qaydada Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Lakin borclu borcunu ödəməmiş və icra məmurunun qanuni tələbini yerinə yetirməkdən heç bir üzrlü səbəblər göstərmədən, qərəzli olaraq imtina etmişdir. Ona görə də, o, borclu barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, Şəmkir Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədinə əsasən ondan hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi, 150 manat alınaraq, X2 verilməlidir. O, borcundan hazırki tarixədək 70 manat ödəmişdir. Ona görə də nəzərə alınmasını xahiş edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi X4 məhkəmə iclasında çıxış dərək, Şəxs rəsmi iş yerinin olmamasını nəzərə alaraq, ona yüngül tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X5 izahat verərək, bildirmişdir ki, Şəmkir Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədinə əsasən Şəxs hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi, 150 manat alınaraq, ona verilməlidir. İşdə olan sənədlərdən görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 3(042)- 162/2021 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsimiş və ona 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edir. Bələliklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə inzibati xəta tərkibinin yaranması üçün şəxs tərəfindən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilməməli və ya icra sənədi üzürsüz səbəbdən icra edilməməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək, belə qənaətə gəlir ki, borclu Şəxs Gədəbəy Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Gədəbəy Rayon Məhkəməsinin icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun çağırışlarına gəlməmiş, yəni, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, onun barəsində axtarış elan edilmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, maddi vəziyyətini, əvvəllər də inzibati məsuliyyətə cəlb edilməsini və işin digər hallarını nəzərə alır, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs inzibati tənbehinin tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 15 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh təyin edilsin. Qərarın icrası Gədəbəy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti tərəflərə göndərilsin. Həbsdə saxlamanın əvvəli 29 mart 2023-cü il tarixdən, saat 1630-dan hesablansın. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar